Qida israfçılığının qarşısını necə ala bilərik? – AÇIQLAMAbackend

Qida israfçılığının qarşısını necə ala bilərik? – AÇIQLAMA

Pandemiyadan sonra Rusiyanın Ukraynada başladığı müharibə ərzaq böhranını bir qədər də dərinləşdirdi. Lakin təəssüf ki, hələ də bəzi insanlar vəziyyətin gərginliyini anlamır. Hər il tonlarla qida israf olunaraq zibilə atılır.

Ölkəmizdə də bu sahədə vəziyyət qaneedici deyil. Təəssüf ki, qidanın ən çox israf edildiyi ölkələrdən biri də Azərbaycandır. Artıq bu istiqamətdə müəyyən işlərə start verilib. Belə ki, Azərbaycanda qida itkisi və israfının qarşısının alınması üzrə strategiya hazırlanıb. Layihənin müzakirəsində Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, dövlət rəsmiləri, əsas özəl sektor iştirakçıları, vətəndaş cəmiyyəti təşkilatlarının və elmi müəssisələrin nümayəndələri iştirak edib.

Maraqlıdır, bu layihə qida israfının qarşısının alınmasına yardım edəcəkmi? Ümumiyyətlə, qida israfı ilə necə mübarizə aparmaq olar?

Mövzu ilə bağlı KONKRET.az-a danışan qida üzrə mütəxəssis Ağa Salamov bildirib ki, insanlar qida israfını zənginlik göstəricisi kimi qəbul edir:

“Azərbaycanda əhalinin böyük qismi qida zəncirinin sonunda çox böyük israfçılığa yol verir. Əhalinin çoxu lazım olandan çox qida məhsulu istehlak edir. Kafelərdə, restoranlarda yeməklərin israf olduğunu açıq şəkildə görürük. İnsanların sifariş etdiyi yeməklər adətən lazım olandan rasiondan çox olur. Bəzən hətta süfrələrdə boş yer tapmaq olmur. Müştərilərin çoxu bu yeməklərin az bir qismini yeyir. Toylarda, şənliklərdə belə nümunələrə çox rast gəlmək olar. İnsanlar bununla özünü təsdiq etməyə çalışır. Lakin bu psixologiyadan çıxmaq lazımdır. Beləliklə qida məhsullarının israfının qarşısını ala bilərik”.

Ekspertin fikrincə, qida israfı ilə bağlı əhali maariflənməlidir:

“Statistikaya görə, hər gün 25 min insan aclıqdan ölür. Onların böyük qismini uşaqlar təşkil edir. Belə olan halda qidanın israfına necə yol vermək olar? Təəssüf ki, bu haqda az adam düşünür. Lakin hansısa yol xəritəsi yaxud strategiyanın israfçılığı aradan qaldıracağına inanmıram. Bu istiqamətdə maarifləndirmə işləri daha effektiv rol oynaya bilər. Qida məhsullarının kobud istehsalı və istehlakı haqda sosial reklam çarxları çəkilməlidir. İnsanlarımız mütləq şəkildə maarifləndirilməlidir. Bütün problemlərin həlli maariflənmədən keçir. Aidiyyəti qurumlar israfçılıqla bağlı maarifləndirmə tədbirlərini artırmalıdır. İnzibati metodların faydalı olacağını düşünmürəm”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*