“Mən həmişə demişəm, indi də deyirəm ki, nə qədər maaş, pensiya, müavinət artımı etsək də, inflyasiyanın, qiymət artımının qarşısı alınmasa, bu tədbirlər demək olar ki, özünü doğrultmur. Ona görə də, əsas olan qiymət artımı və inflyasiyanın cilovlanması məsələsidir. Bununla əlaqədar anti-inflyasiya tədbirləri var, həyata keçirilir. Bu tədbirləri bir az da sərtləşdirməyə ehtiyac var ki, qiymət artımı olmasın”.
KONKRET.az xəbər verir ki, bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirdi. Onun sözlərinə görə, bu istiqamətdə qonşu ölkələrin təcrübəsindən də istifadə oluna bilər.
Vahid Əhmədovun fikrincə, ən böyük problemlərdən biri də maaş və pensiyaların artırılmasından sonra supermarketlərdə qiymətlərin yüksəlməsidir:“İnsanların maaşı, pensiyası, müavinəti artır, ondan da iki gün qabaq və ya sonra qiymətlər artır. Yəni bu, çox ciddi məsələdir. Buna görə İqtisadiyyat Nazirliyinin Antiinhisar Xidməti, monitorinq xidmətləri çox ciddi işləməlidir ki, buna imkan verilməsin. Qiymət artımı olacaqsa, maaşların, pensiyaların artımının heç bir əhəmiyyəti olmayacaq. Buna görə də, monitorinqlər aparılması vacibdir. Süni qiymət artımına imkan vermək olmaz”.
Tamamilə doğrudur. Nəzarət ÇOX zəifdir.