Xəzər Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Pənah Kərimzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Toğrul Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün cinayət məsuliyyətindən azad edilib, barəsində olan cinayət təqibinə xitam verilib.
İttihama görə, Pənah Kərimzadə 07 noyabr 2024-cü il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində, “Stansiya Qala” adlanan yaşayış massivində yerləşən marketin yaxınlığına tanışı, zərərçəkmiş Mahir Tağıyevi (adı, soyadı şərtidir) görüşmək adı ilə dəvət edib.
Görüş zamanı təqsirləndirilən şəxs zərərçəkmişə qarşı kobud və hörmətsiz hərəkətlər edərək, onun Fəridə (şərtidir) adlı qızla yaxın münasibət saxlaması barədə irad bildirib, söhbət etmək adı ilə onu insanların olmadığı, avtobusların təmir üçün dayanmış olduğu qaranlıq sahəyə aparıb. Həmin yerdə tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb, bu zaman Mahir əsəbi vəziyyətdə Pənahın ünvanına təhqiramiz ifadələr işlədərək onu əli ilə itələyib. Baş vermiş qarşıdurma fonunda təqsirləndirilən şəxs qisas almaq məqsədi ilə, üzərində gəzdirdiyi turist bıçağından istifadə edib. O, qəflətən, ani olaraq həmin bıçaqla Mahirin sol ayaq nahiyəsinə ardıcıl üç dəfə zərbə vuraraq xəsarət yetirib.
