“Qızıl külçələri, qiymətli əşyaları versən, ABŞ-dan sığınacaq alacaqsan”backend

"Qızıl külçələri, qiymətli əşyaları versən, ABŞ-dan sığınacaq alacaqsan"

1990-cı illərdə Amerikada sərgi təşkil edildi. Sərgidə əsasən 1945-ci ildəki qələbə zamanı Almaniyadan trofey kimi götürülmüş rəsm əsərləri nümayiş etdiriləcəkdi. Belə dəvət Azərbaycana da gəldi. Bunun üçün 2-ci Dünya müharibəsində iştirak etmiş ölkələrə müraciət olundu.

Almaniyanı təkcə iki yerə bölünmək gözləmirdi, eyni zamanda elmi kəşfləri, mədəniyyət abidələri də daşınacaqdı. Berlinə qədər gedib çıxmış əsgərlərə alman qadınları ilə əylənmək, alışqanlar, girdikləri evlərdən qab-qaşıq götürməyə icazə verilmişdisə, Sovet rəhbərliyinin, Elba çayını tələm-tələsik keçən Amerika qoşunlarının məramı sonsuzluq qədər geniş idi. Amerikanlar ona görə tələsirdilər ki, sovet ittifaqı müvafiq sənədləri ələ keçirə bilməsin, həm də 3-cü Reyxstaqın xəzinəsini götürüb qaçan vermaxt zabitlərinin qarşısını kəsmək lazım idi: “Qızıl külçələri, qiymətli əşyaları versən, ABŞ-dan sığınacaq alacaqsan”.

Qızılla dolu bir qatar isə müəmmalı şəkildə Çexiyada qəzaya uğramış, Reyxstaqın xəzinəsinin bir hissəsi yoxa çıxmışdı. Əlbəttə ki, müttəfiq ABŞ və İngiltərə gəlib çıxana qədər sovetlər xəzinədən götürə bilmişdilər. Stalin trofeylə bağlı komissiya yaratmışdı, rəhbəri Lavrenti Beriya. Komissiyanın üzvləri təkcə xəzinənin, rəsm əsərləri və tarixi abidələrinin ardınca düşüb qatarlara yükləmirdilər. Avtomobil və atom bombasının sxemlərini tapmaq daha əhəmiyyətli idi.

Silah sxemlərini tapmaq tamlıqla alınmasa da, sonralar Eynşteyn kimi alimləri NKVD-nin xanım əməkdaşlarının sevgi toruna salıb istədiklərinə nail oldular. Hə, indi söhbətin əvvəlindəki rəsm əsərləri sərgisinə qayıdaq. O əsərlər müttəfiq respublikaların incəsənət muzeylərinə paylandı. Mircəfər Bağırovun Beriya ilə dostluğu burda da rol oynadı. Moskva və Leninqraddan sonra ən çox rəsm əsəri Azərbaycanın incəsənət muzeyinə verildi. Onların içində dünya şöhrətli rəssamların əsərləri var idi ki, milyarderlər o əsərləri evinin qonaq otağından asmağa canını verərdi.

Azərbaycana verilən rəsm əsərləri o qədər çox olub ki, muzeydən asmağa daha yer tapılmadığından zirzəmiyə toplayıblar. Və günlərin birində ABŞ-dan sərgi ilə bağlı müraciət daxil olur. Azərbaycan sərgidə nümayiş üçün əsərləri ora yollayır. Sərgi bitdi. Rəsm əsərlərinin çox hissəsi Azərbaycana gəlib çıxmadı. Sonra o əsərlərin sədası muzeylərdən, maqnat və böyük siyasətçilərin mənzilindən eşidildi. Bununla da o əsərləri daha görə bilmədik. Heç bilmirəm bunları niyə xatırladım.

Azər Məmmədov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*