Qlobal güclər arasında mübarizə getdikcə qızışır – ANALİTİK ŞƏRHbackend

Qlobal güclər arasında mübarizə getdikcə qızışır - ANALİTİK ŞƏRH

“ABŞ-ın başçılıq etdiyi Qərb Alyansı ilə Çin-Rusiya arasında güclənən qlobal güc mübarizəsinin şahidi olan BRİKS və G20 Zirvə toplantılarında qəbul edilən qərarların əks-sədası davam edir. Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən BRİKS sammitində neft nəhəngləri Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) daxil olmaqla 6 ölkə üzv kimi yer alıb. BRİKS-dən dərhal sonra keçirilən G20 sammitində Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinin (IMEC) yaradılması elan edilib. İmzalanan dəhliz memorandumu ilə Çinin “Bir kəmər və yol” layihəsinə alternativ marşrutun çəkilməsi hədəflənir. Digər tərəfdən, Rusiya və Çinin Afrikada təsir imkanlarını artırdığı bir vaxtda Afrika Birliyinin G20-yə daxil edilməsi də digər mühüm qərar idi”.

KONKRET.az xəbər verir ki, güclər arasında mübarizə getdikcə qızışır. Ankara Universiteti Siyasi Elmlər Fakültəsindən professor Seriye Sezer dəyişən dünya sistemini və qlobal güclərin hərəkətlərini dəyərləndirib

BRİKS birqütblü dünya hökmdarları üçün hansı təhlükə yaradır?

Sezerə görə, birqütblü dünya nizamının komponentlərini təhdid etmək qabiliyyəti baxımından BRİKS-i digər ittifaqlarla birlikdə vahid çərçivədə nəzərdən keçirmək lazımdır. Bugünkü dəyişikliyi başa düşmək və izah etmək üçün Soyuq Müharibə dövrünə aid istinadları məlumat kimi götürməkdən uzaqlaşmaq lazımdır. Keçmiş indiki dövrü izah etmək üçün vacibdir, lakin cari dövrün şərtləri, dinamikası və münasibətləri yeni izahat çərçivəsi və yeni anlayış tələb edir.

Qütblər arasındakı mübarizəni necə dəyərləndirməliyik?

Türkiyəli ekspert hesab edir ki, NATO-nun genişlənməsi, Asiya-Sakit Okean regionuna artan diqqəti, AUKUS, QUAD və nəhayət IMEC kimi təşəbbüslər, Yeni İnkişaf Bankı, BRİKS və ŞƏT kimi ittifaqlarla birlikdə qiymətləndirilməlidir. Bütün bu formalaşmalar mahiyyət etibarı ilə ABŞ-ın qlobal suverenliyinə təhlükəyə çevrilmiş Çinlə onun suverenliyini qorumaq istəyən ABŞ arasında mübarizənin proqnozlarıdır. Bu mübarizədə ABŞ Qərb dünyası ilə, Çin isə mövcud nizamdan narahat olan inkişaf etməkdə olan ölkələrlə birgə hərəkət etməyə çalışır.

Lakin Çinin qurduğu münasibətlər forması Qərbi Qlobal Cənub ölkələri ilə münasibətlərini yenidən formalaşdırmağa vadar etdi. G20 bəyannaməsində Ukrayna müharibəsi ilə bağlı diskursun yumşaldılması, qlobal iqtisadi və maliyyə təşkilatlarında Qlobal Cənubun xeyrinə islahat vədləri və Afrika Birliyinə üzvlük yüksələn səsləri qarşılamağa yönəlib, ən azı, ritorik səviyyədə. Digər tərəfdən ABŞ Hindistanı Çinə qarşı dəstəkləməklə Qlobal Cənub daxilində rəqabəti zəiflətməyə və həll etməyə çalışır.

Qlobal kapitalist sisteminin təməl sütunları dağılmayıb, lakin bu sistem ciddi təhlükələrlə üz-üzədir. Əslində Çinin və ya digər ölkələrin məqsədi fəaliyyət göstərdikləri bu sistemi çökdürmək deyil, onun fəaliyyətində daha çox rol almaqdır.

ABŞ və dollar hegemonluğunu nə dərəcədə məhv edə bilər?

Professorun fikrincə, BRİKS üzvləri üçün yerli valyutada ticarət etmək yeni deyil. Amma yeni olan odur ki, yeni üzvlərlə yerli valyutada ticarət həcmi artacaq. Daha da önəmlisi odur ki, BRİKS hazırda qlobal neft hasilatının təxminən 50%-nə nəzarət etmək gücünə malikdir. Neft satışlarında dollardan uzaqlaşma, şübhəsiz ki, dolların hegemonluğunu zəiflədəcək. Qlobal ticarətdə və ehtiyat valyutada dolların hökmranlığı davam edir. Lakin ABŞ-Qərb bloku iqtisadi gücündən sanksiyalar adı altında müharibə aləti kimi istifadə etdikcə dollardan uzaqlaşma davam edəcək. Əslində BRİKS ölkələrini yerli valyuta ilə ticarətə və ortaq valyuta axtarmağa vadar edən bu iqtisadi silah təhlükəsini aradan qaldırmaqdır. BRİKS-in BƏƏ və Səudiyyə Ərəbistanı kimi Yaxın Şərq ölkələri ilə əməkdaşlığı ABŞ-ın regiondakı gələcəyinə necə təsir edəcək?

İran, Səudiyyə Ərəbistanı və BƏƏ-nin BRİKS-də iştirakı ilə Çin əhəmiyyətli dərəcədə enerjidən asılı olduğu Yaxın Şərqlə əlaqələrini gücləndirib. Ancaq Birləşmiş Ştatlar Çini bu regiona asanlıqla buraxmaq fikrində deyil. Bundan əlavə, İranla yanaşı digər ölkələr də hər iki tərəflə münasibətlərini yaxşılaşdırmaqla bu rəqabətdən faydalanmağı hədəfləyir.

Bir sözlə, Yaxın Şərq, Afrika və Latın Amerikası ölkələrinin Qərbdən başqa, üz tuta biləcəkləri ikinci variantı var. Amma onların bu varianta üz tutması o demək deyil ki, bu ölkələr Qərbdən uzaqlaşacaq və onunla əməkdaşlıq etməyəcək. BRİKS ölkələrini bir araya gətirən qlobal sistemin fəaliyyətindən narazılıq olsa da, hər bir ölkənin öz gündəmi, prioritetləri və gözləntiləri var.

KONKRET.az-ın ANALİTİK QRUPU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*