Paris meri Ann Hidalqo Ermənistanın paytaxtına rəsmi səfərə gəlib. “Zvartnots” beynəlxalq hava limanında onu İrəvan merinin birinci müavini Levon Ovannisyan qarşılayıb.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı İrəvan merinin mətbuat xidməti yayıb.
Birinci vitse-mer qonağı salamlayaraq, meriyada keçiriləcək görüşlərdə nəinki iki paytaxt arasında artıq həyata keçirilmiş proqramların müzakirə olunacağına ümidvar olduğunu, həm də yaxın bir neçə gün ərzində bu proqramın həyata keçiriləcəyinə ümid etdiyini bildirib.
O, əməkdaşlığın yeni sahələri üzrə razılığa gəlməyin mümkün olacağını xüsusi vurğulayıb.
Qeyd edək ki, səfər çərçivəsində Ermənistan və Fransa paytaxtlarının merlərinin görüşü nəzərdə tutulub.
Xatırladaq ki, Ann Hidalqo ermənipərəst mövqedə durmağı heç vaxt gizlətməyib. O, bu ilin aprelində qondarma “erməni soyqırımı” günlərində Paris meriyasında keçirilən anım tədbirində Fransanın erməni icmasına ölkəyə gətirdiyi “həyat gücü”nə görə təşəkkür edib və bununla da “soyqırımı”na sadiqliyini bir daha təsdiqləyib.
Mer xatırladıb ki, Paris Şəhər Şurası artıq mövcud olmayan qondarma “DQR”ın müstəqilliyini tanımağa hazırdır. Bundan əlavə “psixoloji sarsıntı” keçirmiş müharibə veteranlarına maddi yardım məsələsini qaldırmaq istəyini də ifadə edib. O, Ermənistan və “Artsax”a (Qarabağdakı qondarma rejim), hazırda sülhməramlıların nəzarəti altında olan əraziyə səfərini elan edib.
Ermənistan və onun havadarları həzm edə bilmirlər ki, Qarabağa edilən səfərlər yalnız rəsmi Bakının icazə olandan sonra həyata keçə bilər. Ann Hidalqoya isə belə icazənin verilməsi qeyri-mümkündür, çünki o, artıq Azərbaycanın qara siyahısına daxil edilib.
KONKRET.az,
Roman Göytürk