Azərbaycana edilən hücumlar ara vermir. Dünyanın müxtəlif yerlərindən ölkəmizə qarşı çeşid-çeşid təxribatlar təşkil edilir. Dövlətimizə qarşı böhtan kampaniyasında istifadə edilən metodlar eynilik təşkil edir. Son günlər Qərb hücum taktikasına keçib və bu həmlələr başqa regionlarda da müşayət olunur. Qubad İbadoğlunun həbsini siyasi şouya çevirən Qərb bu adamın həbsini siyasiləşdirir və öz çirkin niyyətini məhz bu oyunun üzərində qurmağa çalışır.
ABŞ-ın “Vaşinqton Post” qəzetində dərc edilən geniş materal Azərbaycanda bir neçə maddə ilə həbs edilən Qubad İbadoğlunun müdafiəsinə həsr edilib. Əslində Amerikanı maraqlandıran İbadoğlunun həbsi deyil. Əllərinə düşən bu imkandan maksimum yararlanmağa çalışan qüvvələr Qubad İbadoğlunun həbsindən istifadə edib Azərbaycana hücum təşkil edirlər. İndi Qərbdə bu məsələyə öz arşınlarıyla yanaşanların sayı çoxalıb və bu aksiyanın arxasında kimlərin dayanması isə gün kimi aydındır. Erməni diasporunun dəstəyi ilə təşkil edilən hücumlar Azərbaycana siyasi təsir etmək üçündür. Azərbaycanda insan hüquqlarının pozulduğunu tirajlamağı planlaşdıran qüvvələr Qarabağ ermənilərinin azərbaycanlılarla birgə yaşayışının mümkün olmayacağını gündəmə gətirmək və bununla da reinteqrasiyanın qarşısını almağa çalışırlar. Eyni zamanda Qubad İbadoğlu məsələsində Fetö terror təşkilatının üzvləri də fəallaşıblar.
Xüsusi olaraq qeyd edək ki, Azərbaycanda gülənçilərin ifşa edilməsi, Qubad İbadoğlu ətrafında baş verən digər proseslər Türkiyədəki FETÖ-çüləri hərəkətə gətirib.
Gizləndikləri hücrələrdən boylanan nankor adamlar indi də Azərbaycana dil uzatmaqdan çəkinmirlər. Yeddi il əvvəl Türkiyədə silahlı çevrilişlə hakimiyyəti devirmək istəyən FETÖ terror təşkilatının himayəçisinin ABŞ olması hər kəsə aydındır. Deməli, ssenari eynidir və göstəriş eyni nöqtədən verilir. Nəyin bahasına olursa-olsun, Azərbaycanı gözdən salmaq, ölkəmizə qarşı böhtan kampaniyası aparmaq üçün hərəkətə keçən bu qüvvələrdə, sən demə, həm də erməni sevdası var imiş. ABŞ-ın Clark universitetinin professoru, sosioloq Taner Akçama da siyasi sifariş bu mövzuda olub. ABŞ-a sığınan, erməni diasporunun maliyyə dəstəyi ilə soyqırım mövzusunda elmi iş yazan satqın adamdan isə hər cür naxələflik gözləmək olar. Eynən erməni mövqeyindən çıxış edən Akçam Azərbaycanı Qarabağda “klassik etnik temizləmə siyasəti” aparmaqda ittiham edib:
“Gözümüzün önündə Qarabağda cərəyan edən hadisələr açıq-aşkar humanitar faciədir və həm ikitərəfli, həm də beynəlxalq müqavilələrin açıq şəkildə pozulmasıdır. Azərbaycan Qarabağ bölgəsindəki bütün erməniləri deportasiya etmək, öz tarixi torpaqlarında ermənilərin varlığına son qoymaq istəyir”.
Açığı, bunu bir türk professorun dilindən eşitmək xoş deyil. Amma həmin adamın sosial- siyasi vəziyyəti ilə tanış olandan sonra onun qarayaxmalarının arxasında kimlərin dayanması tam aydın olur. Son günlər fəallaşan bu tip adamlar əslində bir neçə cəbhəyə işləyirlər. Erməni diasporunun sifarişini həyata keçirən, qaçıb sığındığı Amerikanın siyasi maraqları üçün dəridən-qabıqdan çıxan, üzv olduğu FETÖ terror təşkilatının ideologiyasına sadiq qalmaq üçün Azərbaycanı hədəf seçən Akçam onu idarə edən siyasi qüvvələrin maraqlarını tam təmin etmək üçün hər cür şər-böhtan deməyə hazırdır. Üstəlik daxili işlərimizə burunlarını soxan, Azərbaycanda bir neçə maddə ilə ittiham edilən bir nəfərin həbsini siyasiləşdirən qüvvələr həm də ölkəmizə qarşı informasiya savaşında ön sıralarda dayanırlar.
Amma onların cəhdləri nəticəsiz qalacaq. İstər ABŞ-da, istərsə də Türkiyədə gizlənən fetoçuların həmlələri Azərbaycanın siyasi mövqeyinə zərrə qədər də təsir edə bilməz. Erməni diasporunun təsiri altında Azərbaycana dil uzadan, bir nəfərin həbsini əlində siyasi alətə çevirib ölkəmizi “etnik təmizləmədə” ittiham edən Qərb və onun tör-töküntülərinin reallıqla barışmaqdan başqa çarələri qalmayıb. Reallıq isə Cənubi Qafqazda Azərbaycanın güc mərkəzinə çevrilməsi və Ermənistanı dalana dirəməsidir. Otuz ildən sonra tarixi ədaləti bərpa edən Azərbaycan Respublikasının Prezidenti isə nəyi nə zaman edəcəyini gözəl bilir.
Vəli Həsənov,
KONKRET.az