Qubernator: “Təəssüf ki, Vinnitsa ilə Azərbaycan arasında iqtisadi və mədəni əlaqələrin inkişafı ilə bağlı razılaşma yoxdur”backend

Qubernator: “Təəssüf ki, Vinnitsa ilə Azərbaycan arasında iqtisadi və mədəni əlaqələrin inkişafı ilə bağlı razılaşma yoxdur

Ukraynanın Vinnitsa vilayəti Administrasiyasının rəhbəri (qubernator) Sergey Borzovun “Report”un Şərqi Avropa bürosuna müsahibə verib.

KONKRET.az həmin müsahibəni təqdim edir:

– Azərbaycan və Ukraynanın regionları arasındakı əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz? Hansı sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə ehtiyac var?

– Ümumiyyətlə, Ukrayna ilə Azərbaycan arasındakı iqtisadi əlaqələr bizim regionlararası əlaqələrin təsdiqidir. Ölkələrimiz arasında böyük məsafə olsada, hesab edirəm ki, onlar bənzərdirlər. Yekun olaraq hər iki ölkənin istehlakçısı keyfiyyətli məhsul əldə etmək istəyir. Deyə bilərəm ki, 2021-ci ilin yanvar-sentyabr aylarında Vinnitsa vilayətinin 30-dan çox müəssisəsi məhsullarını Azərbaycana ixrac edib. Bu ilin ilk 9 ayında Vinnitsadan Azərbaycana təxminən 5 milyon ABŞ dolları həcmində məhsul ixrac olunub. Burada əsas yeri süd və süd məhsulları (24%), etil spirti (20%), ət və quru məhsullar (hər ikisi 16%), qara və qiymətli olmayan metallardan hazırlanan əşyalar (13,5%) tutub. Həmçinin dərman preparatları bazarı çox dinamik şəkildə inkişaf edir. Hazırda bu, 5 faizlik paya malikdir, amma gələcəkdə bu rəqəmin artacağını edirik. Eyni zamanda ağacdan hazırlanan məhsulların da payı 5%-ə qədərdir. Təəssüf ki, bu il vilayətimizə rəsmi surətdə Azərbaycandan heç bir mal daxil olmayıb. Qarşılıqlı marağımızın məhz bu istiqamətdə olduğunu düşünürəm. Çünki Vinnitsa vilayəti də keyfiyyətli Azərbaycan məhsullarının idxalında maraqlıdır. Müəssisələrimiz kifayət qədər böyükdürlər və hər bir məhsulu birbaşa Azərbaycandan özləri idxal edə bilərlər.

İxrac edilən məhsulların çeşidlərinin çox geniş olduğunu qeyd etmək lazımdır. Vinnitsa şirkətləri həmçinin gil, kaolin, qida məhsulları,isitmə radiatorları, elektrik cihazları, nasoslar, soyuducular və s. ixrac edirlər. Bu proses Vinnitsa biznesi və ölkənizin biznesmenlərinin bu təchizatların həcmini artırmaqla ticarət əlaqələrini intensivləşdirmək baxımından çox böyük imkanlara malik olduğunu göstərir.Biz iqtisadi əməkdaşlığın genişləndirilməsində çox maraqlıyıq. İkitərəfli ticarətin perspektiv istiqamətləri kimi o cümlədən kənd təsərrüfatı, sənaye emalı, energetika və nəqliyyat sferalarını göstərə bilərəm. Maşınqayırma, əczaçılıq sahələrini hələlik özümüz inkişaf etdiririk.

Eyni zamanda, turizm sektorunda lazımi qədər əməkdaşlıq olmadığını düşünürəm. Çünki Azərbaycan çox gözəldir, dostlarım var, orada olublar və çox tərifləyiblər. Bizdə isə bu mənada məlumat yoxdur, deməli, hardasa boşluqlar olub. Vilayət dövlət administrasiyası biznes forumlara dəvətnamə göndərməklə, müxtəlif sərgilərə dəvət etməklə daim yerli sahibkarları Azərbaycanla ticarətin aktivləşdiriməsi, ticarət dövriyyəsinin artırılmasına təşviq edir. Amma vurğulanmalıdır ki, hazırda Vinnitsa vilayəti ilə Azərbaycan arasında ticarət, əməkdaşlıq, mədəni və turizm əlaqələrinin inkişafı ilə bağlı konkret razılaşma yoxdur. Ümid edirik ki, müsahibə dərc olunduqdan sonra Azərbaycan tərəfdən də bütün imkanlar səfərbər olunacaq və perspektivdə belə sazişlər bağlanacaq. Hesab edirik ki, regionlararası əməkdaşlıq ixracı artırmaq və yeni satış bazarlarının axtarışı baxımından əlavə alətdir.

Vinnitsa vilayəti elmi sahədə inkişaf etmiş regiondur. Vilayət ərazisində altı dövlət universiteti var və onlarda azərbaycanlı tələbələr də təhsil alırlar. Bunlar Tibb Universiteti və Politexnik Universitetidir. Politexnik Universitetini ayrıca qeyd etmək istərdim. Belə ki, Vennitsa vilayəti Ukraynada İT texnologiyalara görə 6-cı yeri tutur. Bizim gözəl Xmelnik şəhərimiz var, gözəl kurort məkanıdır. Burada Azərbaycan vətəndaşlarına Truskovets və ya Morşindəkindən heç də geri qalmayan reabilitasiya xidmətləri göstərə bilərik. Sadəcə, bu turizm əlaqəsi qarşılıqlı olmalıdır. Kimsə Bakıya baxmaq istəyə, kimsə də gəlib bizdə istirahət və bərpa mərkəzində reabilitasiya oluna bilər. Həmçinin Azərbaycan investisiyasının cəlb edilməsində maraqlıyıq.

Bu yaxınlarda Azərbaycanın “AzVirt” şirkətinin nümayəndələri ilə rəsmi görüşümüz olmuşdu. Onlar iri infrastruktur layihələrlə məşğul olurlar. İndi Prezident Zelenskinin sayəsində bütün ölkədə “Böyük tikinti” layihəsi həyata keçirilərkən biz də yolların, körpülərin, tunellərin və hava limanlarının tikintisində maraqlıyıq. Hazırda beynəlxalq statuslu aerportumuzda uçuş zolağının əsaslı təmiri aparılır. Hesab edirik ki, hava limanının gələcəyi çox parlaq olacaq. Çünki vilayətimiz tranzit keçidləri baxımından yüksək yerlərdən birini tutur. Bu aeroportdan Vinnitsa vilayətinin sakinlərindən başqa, Moldova vətəndaşları da istifadə edə bilər. Prezident Zelenski ilə moldovalı həmkarı Maya Sandunun görüşündən sonra əməkdaşlıq memorandumu imzalanıb.

Hazırda Dnestr çayı üzərindən daha bir körpünün inşa edilməsinə dair hökumətlərarası razılaşma sənədi hazırlanır. Nemirovdan Yampola qədər olan yol artıq tam təmir edilib. 90 gün ərzində 90 km uzunluğunda demək olar tam yeni yol salınıb. Körpünün inşası isə gələn ilə nəzərdə tutulub. Bu, Baltikyanı ölkələr, eləcə də Avropanın bir sıra ölkələri üçün Balkanlara aparan ən qısa yoldur. Burada Rumıniya, Bolqarıstan, Yunanıstan, sabiq Yuqoslaviyanın ölkələri və Türkiyəni nəzərdə tuturam. Moldova vətəndaşları üçün Vinnitsa beynəlxalq hava limanından uçuşlar etmək və ora qayıtmaq daha sərfəlidir. Çünki hava limanından cəmi 1,5 saat məsafədə artıq Moldovadır. Digər tərəfdən, beynəlxalq istiqamətlər baxımından hələ görüləsi çox iş var. Asan deyil, amma hesab edirəm ki, Ukraynanın mərkəzindən bütün populyar istiqamətlərə reyslər olmalıdır.

– Vinnitsa vilayətinin hansısa şəhəri ilə Azərbaycanın işğaldan azad edilmiş şəhərlərindən biri qardaşlaşa bilərmi? Bizim Qarabağda çox gözəl şəhərlərimiz var.

– Şuşanı deyirsiniz?

– Təkcə Şuşanı yox, elə Ağdam, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli də var. Yeri gəlmişkən, Füzulidə beynəlxalq hava limanı açılıb.

– Aerportun açılışı ilə bağlı videonu izləmişəm. Aeroportun bu qədər sürətlə, qısa müddətə inşa edilməsi çox xoşuma gəldi, işi uzatmırlar. Bu, bizim üçün işin təhvil verilməsinin tezliyi baxımından nümunədir. Çünki əyani olaraq yaxşı, keyfiyyətli infrastruktur obyektinin qısa müddətdə istismara verilə bilindiyini gördük.

– Bəs hansı şəhər ilə qardaşlaşma mümkündür?

– Bütün tanıdıqlarım mənə Şuşanı təqdim edib, mən də oranı seçərdim.

– Ukrayna hazırda islahatlar mərhələsindədir. Vilayətiniz bu prosesdə hansı addımları atır?

– Onu deməliyəm ki, biz regional səviyyədəyik. Yəni mərkəzdən, Kiyevdən – parlamentdən deyilənləri vilayətimizdə tətbiq edirik. Odur ki, “yuxarıdan” islahatlarla bağlı gələn təlimatları həyata keçiririk və keçirəcəyik. Hesab edirəm ki, əsası bu islahatların sürətli və insanların həyat səviyyəsinin yüksəldilməsinə yönəlik olmasıdır.

– Ümumilikdə bu islahatlarda və o cümlədən vilayətin iqtisadi inkişafında etnik xalqlarların, o cümlədən azərbaycanlıların rolunu necə görürsünüz?

– Vilayətimizdə azərbaycanlıların ictimai təşkilatları var. Məsələn, “Atəş”in iki dini təşkilatı da var. Ümumilikdə Vinnitsada azərbaycanlıların fəallığını üçün hər cür imkan var. Biz bütün təşəbbüsləri dəstəkləyəcəyik, əsas odur ki, onlar tərəfdən təşəbbüs olsun.

– Ukrayna hazırda elə dövrdə yaşayır ki, müharibə gedir və təkcə ukraynalıların yox, həmçinin bütün etnik xalqların nümayəndələrinin birləşməsinə ehtiyac var. Ukraynada çox sayda azərbaycanlı gənc yaşayır. Bu gəncləri Ukrayna həqiqətləri ətrafında səfərbər etmək, onların Ukraynanı tam dəstəkləməsi üçün hansısa planınız varmı?

– Bizdə Ukrayna Azərbaycan Gəncləri İttifaqı adlı təşkilat var. Onların nümayəndələrini tanıyıram. Müntəzəm olaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar Vinnitsa vilayətində mədəni-maarifləndirmə tədbirləri təşkil edirlər. Qeyd etmək istəyirəm ki, biz bütün gənclər təşkilatları ilə işləyirik, yəni “bu Azərbaycanındır, bu başqa ölkənin” deyə bölüşdürmə aparmırıq. Onu deyə bilərəm ki, azərbaycanlı gənclərin ümumilikdə gənclərin inkişafı və ünsiyyəti sisteminə inteqrasiya olunması bizə çox xoşdur. Buna qədər şən və hazırcavablar klubunda (KVN) televiziya komandasının direktoru olmuşam. Dünyanın bir çox ölkəsinə səfərlər etmişik, bir çox ölkələrdə çıxışlarımız olub. Gəncləri ətrafımızda necə birləşdirməli olduğumuzu yaxşı bilirik.

– Ümumiyyətlə, Ukraynada Azərbaycanın fəallığı barədə nə deyə bilərsiniz?

– İlk öncə onu qeyd edim ki, Ukrayna sizin ərazi bütövlüyünüzü bərpa etməyinizdən çox məmnundur. Çünki artıq 7 ildir hibrid müharibə şəraitində yaşayırıq. Gec-tez bu bitəcək. Diplomatiya yaxşı şeydir, amma məhz Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı seçdiyi yolu Ukrayna vətəndaşlarının çox böyük hissəsi bəyəndi. Sadəcə hərbi əməliyyatların uğurlu olmasına görə. Bunun üçün güclü ordu, güclü komandanlıq, milli birlik, yüksək mənəvi ruh lazımdır.

Kiyevdən gəlirsiniz?

– Bəli.

– Bax, məsələn, mən avtomobillə gedərkən SOCAR-ın yanacaqdoldurma məntəqəsinə girirəm. Ona görə yox ki, Azərbaycanındır. Səbəb onun ən yaxşı olmasıdır. Hətta azərbaycanlıların da əksəriyyəti deyir ki, Azərbaycandakı SOCAR YDM-ləri də bunlara çatmaz (gülür). Bu da mövqe tutmaqdır, ölkənin mövqeləşdirilməsidir. İnsanlar ən yaxşıya can atır, SOCAR da ən yaxşısını təqdim edir. Onlara baxanda fikirləşirsən ki, görəsən, kim Avropaya daha yaxındır?!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*