Qüdrətsizlər…backend

Qüdrətsizlər...

Bir neçə ay öncə Demokrat.az saytında Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin dostu və biznes şəriki Oqtay adlı biri ilə bağlı yazılmışdı. Məmləkətdə minnətçi adam qalmadı ki, üstümüzə saldılar, amma peşə etikasını əsas gətirərək qarşı tərəfdən mövqe istədik. Vemədilər, çünki mövqesizdirlər… 

İndi isə ayılıb saytın rəhbəri Vasif Həsənlini məhkəməyə veriblər – özü də xüsusi ittiham qaydasında. Deputat birbaşa etməsə də, öz adamı vasitəsilə qisas alır.

Böyük hisslərlə yaşaya bilməyənlər həmişə xırda qisasçılıq kimi primitiv hisslərinin girovuna çevrilirlər. Bu, tarixən belə olub və təfəkkürü Nuh əyyamından qalanlara xas əlamətdir…

Ən qəribəsi odur ki, özünü böyük idealların ardıcılı sayanların da tez-tez mövqeyini dəyişdiyini, o səngərdən bu səngərə tullandığını gördük.

Onu da gördük ki, onların içində özlərinin təhlükəli və zərərli keçmişlərinə gizli bir sevgi olur. Bunu ifadələrindəki ehtiyatlılıq və ziqzaqlardan da rahat sezmək olur. Hətta, bir vaxtlar zərərli keçmişlərindən qaynaqlanan bədxah fikirlərlə ölkədə siyasi stabillik yaradan, Qarabağ kimi böyük Zəfərə imza atan hakimiyyətə qarşı da az nifrət qusmayıblar…

Amma reallıq qarşısında bütün arqumentləri darmadağın olub, sonradan nifrət qusduqları qapıya təmənnaya gəliblər. İstər Ulu öndər Heydər Əliyev, istərsə də onun layiqli davamçısı, Qarabağ Zəfərinin memarı İlham Əliyev müdrikliyini göstərərək, onlara “tövbə qapısı”nı açıq qoyub…

Azərbaycanda medianın inkişaf etdiyi, ölkə başçısının zaman-zaman jurnalistləri özünün dostu saydığı, mediaya dövlət dəstəyinin artdığı, milli ruhun və mətbuatın formalaşdığı bir çağda kimlərsə öz antiproqressiv addımları ilə medianın üstündə “Damokl” qılıncı asmaq sevdasına düşüblər. Təəccüblənmirik, bu, uzun illər mediamıza qənim kəsilən Əli Həsənovçuluqdur…

Xüsusi ittiham qaydası – bilirsiniz bu nə deməkdir? Yazmamalısan, yaza bilməzsən, bizim istədiyimiz kimi olacaqsan…

İndi deputat və şəriki də bu sevdaya düşüb, jurnalisti qorxutmaq, həbslə hədələyib “sındırmaq” niyyətlərini artıq amiranə şəkildə təhdid dililə səsləndirirlər…

Bizim deputat Qüdrət Həsənquliyevlə heç bir şəxsi problemimiz olmayıb, qərəzimiz də yoxdur. Yəni, deputat kimi onun bu hüsnü “Camal”ına və “Kamal”ına da bir iradımız olmayıb. Biz media olaraq informasiya daşıyıcısıyıq, məlumat, xəbər yayırıq. Amma bixəbərlər və tərif bülbüllərinin “məddahlıq cəh-cəhləri”indən bihuş və sərməst olanlar medianı dövlətin yox, özünün səngəri görmək istəyirlər…

Biz bu ölkədə qanun və hüququn aliliyinə inanaraq fəaliyyət göstəririk. Məhkəmələrin də ədalətli qərar çıxaracağına zərrəcə şübhə etmirik.

Böyük şəxsiyyətlərin yaratdığı və əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan mətbuatın yolları da deputat və onun biznes şəriklərinin yürüdüyü yol kimi heç də hamar olmayıb, əksinə, fərqindəyik ki, qarşımızda daş-kəsək də olacaq. Və biz nəinki daş kəsəyi, uca dağları aşaraq yenə də yolumuza davam edəcəyik.

Amma bir gerçəklik də dəyişməz olaraq qalır; bəlkə, heç əvvəllər biz də fərqinə varmamışıq ki, özünü qüdrətli sayanlar hansısa bir biznesmen ortağının ümidinə qalacaq qədər QÜDRƏTsizdir…

Xatırlamaqda fayda var: O, “Eloğlu Oqtay” deyil, sadəcə, Oqtaydır, yəni seçiminiz də yanlışdır… 

Mənbə: “Demokrat.az”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*