“Bu il Qurban bayramı ərəfəsində ət və ət məhsullarına olan tələbin artması nəticəsində qiymətlərin bahalaşması gözlənilir. Azərbaycanda ət istehsalı müəyyən qədər azalıb. Bu da qiymətlərə əlavə təzyiq yaradır. İl ərzində aparılan müşahidələr onu göstərir ki, ətin qiyməti təxminən 20 faiz artıb. Bu artım əsasən ilin əvvəlindən müşahidə olunan qıtlıq və yerli istehsalın azalması ilə əlaqədardır”.
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında səsləndirib:
“Bu səbəbdən Qurban bayramı dövründə yerli heyvanlara maraq artacaq. Bu artım xüsusilə diri heyvan bazarında hiss olunacaq və 30-40 faiz qiymət artımı müşahidə edilə bilər.
Lakin bəzi müsbət tendensiyalar da var. Belə ki, ölkəyə diri heyvan idxalı iki dəfədən çox artıb. Bu da bazarda ucuzlaşmaya səbəb ola bilər. May ayında heyvan idxalı daha da çoxalıb. Ancaq burada mühüm bir məqam var: yerli və idxal olunan ət arasında fərq mövcuddur. Qurban bayramında əsasən imkanlı insanlar heyvan alır. Həmin şəxslər idxal olunan heyvanları almağa meylli deyillər. Onlar daha çox yerli heyvanlara üstünlük verirlər ki, bu da qiymətin bahalaşmasına səbəb olur”.
A.Nəsirlinin sözlərinə görə, hökumətin bu sahədə əsas vəzifəsi Bakı kimi böyük şəhərlərdə ət satışındakı monopoliyanı aradan qaldırmaq olmalıdır.
“Müşahidələr göstərir ki, heyvandarlıqla məşğul olan bölgələrdə ətin qiyməti Bakı bazarlarına nisbətən 20-30 faiz ucuzdur. Heyvandarlıq müxtəlif vasitələrlə stimullaşdırılmalı, işğaldan azad edilən ərazilərdə bu sahə ilə məşğul olmaq istəyən şəxslərə şərait yaradılmalı və digər sahibkarlar kimi onlara da güzəştlər tətbiq olunmalıdır”.
Aynurə İsmayıl
KONKRET.az