“Qurumlarımız vətəndaşlarımızı ölüm caynağından xilas etməlidir” – Nə baş verir?backend

"Qurumlarımız vətəndaşlarımızı ölüm caynağından xilas etməlidir" - Nə baş verir?

“Rusiya Prezidenti Vladimir Putinin fərmanıyla Rusiya silahlı qüvvələrinin şəxsi heyəti 2 milyon 389 min nəfərə qədər artırılıb. Bununla Rusiya ordusunda hərbi qulluqçuların sayı 180 min nəfər artırılaraq 1,5 milyon nəfərə çatdırılıb. 9 ay əvvəl Rusiya ordusunun şəxsi heyətinin sayı 170 min nəfər artırılaraq, 2 milyon 209 min 130 nəfərə çatdırılmışdı”.

KONKRET.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu sosial şəbəkə hesabında yazıb.

Ekspert qeyd edib ki, bu rəqəmlər Rusiyanın Ukrayna müharibəsində itklərindən xəbər verir:

“Bu rəqəmlər Rusiyanın Ukrayna müharibəsində itklərindən və itkilərin yerini yeni hərbçilərlə doldurmasından xəbər verir. Bu müharibə rusiyalı hərbçilərin kütləvi ölüm yerinə çevrilib. Kreml gəncləri müharibəyə cəlb etmək üçün onlara şirnikləndirici müqavilələr imzalatdırır. Bır sıra hallarda bu müqavilələr zorla və aldadılaraq imza atdırılır. Kreml ölkə vətəndaşlarıyla yanaşı Rusiyada fəhləlik edən millətləri də ölümə göndərmək üçün hiyləgər plan reallaşdırır. Misal üçün Hindistandan Rusiyaya işləməyə gedən hindliləri aldadaraq əllərinə silah verib müharibə bölgəsində göndərmişdilər. Onlardan neçəsi öldü. Sağ qalan hindlilər Hindistan hökumətinə müraciət edərək onları bu ölümdən xilas etməyə çağırdılar. Narendra Modi üçüncü dəfə Hindistanın baş naziri seçilən kimi birinci Rusiyaya səfər edib, Putindən xahiş etdi ki, aldadılan vətəndaşlarını geri qaytarsın. Putin Modinin xahişini yerinə yetirdi”.

Ekspert Azərbaycan vətəndaşlarının zorla müharibəyə göndərilməsinə də toxunub:

“Maraqlısı odur ki, Putin hindlilərin aldadılaraq müharibəyə göndərilməsinə görə kimin məsuliyyət daşımasını müəyyənləşdirmədi. Hazırda eyni durumla Azərbaycan vətəndaşları üzləşiblər. Çeçenistana işləməyə gedən bir qrup Azərbaycan vətəndaşına zorla sənəd imzalatdırıb Ukrayna ilə müharibəyə yollayıblar. Oxşar halların baş verəcəyini aylar öncə proznozlaşdırmışdım, bir neçə dəfə internet televiziyalardan vətəndaşlarımıza çağırışım olmuşdu ki, onları aldadıb və ya şirniklədirib ölümə göndərəcəklər. Azərbaycan Xarici İşlər Nazirliyinin və digər müvafiq qurumlarımızın Rusiyada yaşayan və işləyən həmvətənlilərə müraciəti olmalı, onları ölümün çaynağından qurtarmalıdırlar. Çünki belə hallar təkrarlanacaq. Kreml müharibəni dayandırmaq istəmədiyindən daima ölümə göndərməyə canlı qüvvə axtaracaq”.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*