Radikal müxalifətin unutduğu, bizim isə yadda saxlamalı olduğumuz vacib məqamlar – ŞƏRHbackend

Radikal müxalifətin unutduğu, bizim isə yadda saxlamalı olduğumuz vacib məqamlar - ŞƏRH

Seçki başa çatdıqdan sonra cəmiyyətdə müzakirələrin aparılması normal haldır. Çünki haqlı tənqidi fikirlərdən nəticə çıxarmaq müsbət dəyişikliklərə yol açır, bütövlükdə hər birimizə fayda gətirir.

İlham Əliyevin 18 aprel 2018-ci il tarixli andiçmə mərasimində çıxışı zamanı dediyi “namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənmişdir, mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm. Bu, siyasi mübarizənin düzgün istiqamətdə inkişaf etməsindən xəbər verir. Qeyd etməliyəm ki, prezident seçkiləri kampaniyası zamanı namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacaq və dəyərli təkliflər nəzərə alınacaqdır” fikri də bundan xəbər verir.

Lakin builki növbədənkənar prezident seçkilərində artıq boykot siyasəti ilə öz tərəfdarlarını belə pərişan edən siyasi qüvvələrin öz mövqelərini əsaslandırmaq üçün rəqabət mühitinin olmadığını, sərbəst toplaşmaq azadlığının, insan hüquqlarının, söz və media azadlıqlarının pozulduğunu əsas gətirmələri istər-istəməz Aleksandr Qriboyedovun “Ağıldan bəla” əsərinin qəhrəmanı Çatskinin “Bəs hakimlər kimdir?” məşhur sualını yada salır.

Çünki bu “hakimlər”in iqtidar keçmişi onların demokratik dəyərlər baxımından dilini qısa edir.

Odur ki, xatırlatmalı oluruq: Azərbaycandakı prezident seçkilərində ilk dəfə rəqiblərinə saymazlıq edən, onlarla bərabər şəkildə debata çıxmayan kim oldu? AXC–Müsavat cütlüyünün həmin dövrdəki prezidentliyə namizədi Əbülfəz Elçibəy. O zaman onun ətrafında olanlar əyyaş Yeltsinin rəqibləri ilə debata çıxmamasını əsas gətirib, milli azadlıq mübarizəsinə və demokratik düşərgəyə rəhbərlik edən liderin də bənzər addım atmasını məsləhət görmüşdülər. Hərçənd, bununla, ilk növbədə, demokratiyaya zərbə vuracaqlarını anlamamışdılar. Amma fakt faktlığında qalır.

Bundan başqa, o zaman Türkiyənin Baş naziri Süleyman Dəmirəlin seçkiqabağı kampaniya dövründə Əbülfəz Elçibəylə birlikdə Türkiyə səfirliyinin binasının balkonundan mitinq iştirakçıları qarşısında çıxış etməsi və Elçibəyə dəstəyini bildirməsi rəqabət mühitinə vurulmuş böyük zərbə idi. Bir neçə ay sonra Dəmirəlin dəstəyindən heç bir əsər-əlamət qalmadı, amma daş bizim cəmiyyətin başında çatladı…

Hakimiyyətə gəldikdən sonra isə AXC-nin II qurultayında daxili işlər naziri İsgəndər Həmidov bəyan edirdi ki, biz ən azı 10 il hakimiyyətdə olacağıq. Orada iştirak edən Prezident Elçibəy, Milli Məclis spikeri İsa Qəmbər və ya Əli Kərimli, Arif Hacılı nazirin andidemokratik bəyanatına etiraz səslərini qaldırmırdılar. Bu haqqın sahibinin xalq olduğunu və seçkilərin dövlətin taleyini həll etdiyini vurğulamırdılar. Əksinə, ağlasığmaz davranışı alqışlayırdılar.

Onlar baş nazir Pənah Hüseynin “95 faiz narazı olsa da, biz hakimiyyətdən getməyəcəyik” sözlərinə də etiraz etmirdilər.

O ki qaldı söz, mətbuat, sərbəst toplaşmaq azadlıqlarının kobudcasına pozulmasına, biz birillik AXC-Müsavat hakimiyyəti dövründə xoşagəlməz hadisələrin dəfələrlə şahidi olmuşuq.

İndi Abzas.net-in əməkdaşlarının həbs olunarkən əllərinin arxadan bağlandığını insan haqlarının kobudcasına pozulması kimi qələmə verənlər birillik dövrdə daxili işlər naziri olmuş İsgəndər Həmidovun “Zerkalo” qəzetinin redaksiyasında məsul katib Cahangir Hüseynova qəzeti yedirtməyə çalışdığını unudublar…

Daxili işlər nazirinin “Aydınlıq” qəzetinin müxbiri Mahal İsmayıloğlunun öz kabinetinə çağıraraq döyməsini də unudublar. O zaman “İstiqlal” qəzetinin baş redaktoru olmuş Zərdüşt Əlizadəni avtomobilinin baqajına salmağa çalışıldığını da unudublar. Ən pisi isə odur ki, bütün biabırçı hadisələrdən sonra jurnalistlərin qəniminə çevrilmiş daxili işlər naziri İsgəndər Həmidovun general-leytenant rütbəsi ilə mükafatlandırdığını da unudublar…

Müdafiə naziri Rəhim Qazıyevin birbaşa efirdə ona haqlı suallar verən jurnalistləri cəbhəyə aparacağı ilə hədələdiyini də unudublar.

Həmin dövrdə sərbəst toplaşmaq azadlığının təmin olunmadığı hamının xatirindədir. İndiki gərgin durumda hakimiyyəti Qarabağ mövzusundan istifadə etməkdə qınamağa çalışan qüvvələr özlərinin münaqişəni bəhanə gətirdiklərini unudublar…

Bundan başqa, o zamankı müxalifət yeganə televiziya kanalı olan Azərbaycan televiziyasının efirinə buraxılmırdı. Hətta o dövrün əsas müxalifət partiyası olan Azərbycan Milli İstiqlal Partiyası buna görə AzTV-nin qarşısında etiraz piketi keçirməyə məcbur olmuşdu.

Bu hələ harasıdır?! Nepotizm məsələsi hakimiyyətdə olduqları dövrdə Əli Kərimlinin və dostlarının heç yadına düşmürdü. Əgər belə olsaydı, yəqin ki, özü ilə birlikdə xanımının da Prezident Aparatında çalışmasına yol verməzdi. Əlbəttə, ayrı-ayrı şöbələrə rəhbərlik etdiklərini bəhanə gətirə bilər. Amma iş ondadır ki, Əli Kərimli dövlət katibi vəzifəsinə keçəndən sonra da xanımının Prezident Aparatında işləməsinin qarşısını almamışdı.

İndi “xalq acıdan ölür” deyənlər o zaman çörəyin qiymətinin və nəqliyyatda gediş haqqının qaldırılmasını da veclərinə almırdılar.

Amma bütün bunlar barədə indiki hakimiyyəti tənqid edənlər susurlar.

Xatirə Sadiq,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*