“RAMİZ MEHDİYEV AKADEMİYADA NƏ İSLAHAT APARACAQ Kİ?…”backend

“RAMİZ MEHDİYEV AKADEMİYADA NƏ İSLAHAT APARACAQ Kİ?...”

KONKRET.az xəbər verir ki, Azərbaycan parlamentinin sabiq sədri, çağdaş tariximizin ən mürəkkəb dövründə prezident səlahiyyətlərini icra etmiş professor Yaqub Məmmədov azpolitika.info-ya verdiyi müsahibədə bəzi məqamlara toxunub. Bu detalları oxucuların diqqətinə çatdırırıq.

Yaqub Məmmədov müsahibəsində bildirib ki, “Ramiz Mehdiyev elə əvvəlki vəzifəsində olarkən islahatları aparıb, ölkəni bu günə qoymuşdu… Ramiz Mehdiyev akademiyada nə islahatı aparacaq? Digər tərəfdən, hər gələn akademiyada islahatlar aparsa, akademiyadan əsər qalmaz ki… Ramiz Mehdiyev ölkənin idarə edilməsində əsas şəxslərdən biri olub. Və akademiyaya da onun özü nəzarət edir, iclasların hamısında iştirak edirdi. Elə islahat aparırdırsa, indiyə qədər aparardı da”.

Jurnalistin “Deməli, Mehdiyevin PA rəhbəri postundan getməsini siz müsbət qarşılayıbsınız… “ sözlərinə cənab Məmmədov belə cavab verib: “Təbii ki. O da yaşlı adamdır. Uzun illər idarəçilikdə işləyib, indi də yerinə nisbətən gənc kadr gəlməlidir və gəlib də. Mən bir daha qeyd edirəm ki, aparılan dəyişikliklərdən gözləntilərim böyükdür. Hesab edirəm ki, bu dəyişikliklərin ölkədə gedən bütün proseslərə müsbət təsiri olacaq. Həm də indi vəzifədən gedənlərin çoxu postlarına təyinat alanda gənc idilər də. Onlar elə yaşlı deyildilər. 25-30 il vəzifədə oldular. Bu müddətdə neylədilər? ”

Müsahibəsində sabiq deputat vurğulayıb ki, nisbətən yaşlı adamların vəzifədən ayrılmağı psixoloji olaraq qəbul edilmir. O, bunun səbəbini belə izah edib:

“Əslində bu, çox çətindir. Vəzifədən ayrılmaq hamı üçün çətindir və o cümlədən də onlar üçün. Bilirsinizmi, Azərbaycanda vəzifə hər şey deməkdir. Ona görə də, heç kim vəzifədən ayrılmaq istəmir. Prezident özü çıxışı zamanı bildirdi ki, özləri müraciət etsinlər, istefaya getsinlər, gənclərə yol açsınlar. Amma görürsünüz ki, işdən getməklə bağlı özü müraciət edənlər çox az oldu. Çoxu müraciət etmək istəmir. Yəni vəzifəsini itirmək istəmir. Heç kəs istəmir ki, könüllü getsin. Ona görə də, vəzifə xalqa xidmətlə bağlı olmalıdır. Vəzifə yaxşı şərait yaratmaq, ətrafına öz adamlarını toplayıb kef etmək üçün olmamalıdır. Belə olmasa, əslində könüllü getməyə həvəskar da çox olar. Amma indi vəzifə hər şeydir – şan-şöhrətdir, hörmətdir, var-dövlətdir, ad-sandır. Belə olanda heç kəs getmək istəmir. Mən Prezidentin addımlarını təqdir edirəm, bunlar düzgün addımlardır”.

Vaqif NƏSİBOV 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*