“Azərbaycanda əksər qadınların gündəlik yaşayışını sosial şəbəkələrə çəkib qoyduqları videolardan apaydın görmək olur”.
Bu sözləri “KONKRET.az” saytının redaktoru Sevinc Paşayeva yazıb.
O bildirib ki, çoxunun özünü normal idarə edə bilmədiyi, davranışı, yüngül həyat tərzi, açıq-saçıqlığı ilə əxlaqsızlığı təbliğ etdiyi göz qabağındadır:
“Belələrini görəndə adamı ancaq bir sual düşündürür: bunların yiyəsi hara baxır? Yiyə deyəndə də hərə bir ailədən çıxdığına görə istənilən gənc qız və ya qadının “ipini yığacaq” ən azı bir atası, qardaşı var yəni. Əri yoxdursa belə, nəsil-nəcabətində əlbət bir kişi xeylağı da var ki, yerini, cızığını göstərsin. Yaxşılardan iraq, amma “müasir” kişilərin çoxu bu sarıdan fil qulağında yatıb, özünü karlığa, korluğa qoyub”.
Redaktor qeyd edib ki, vaxt vardı, qadınlar öz namusundan çox, əsil-kökündəki kişilərin ad-sanını qoruyurdu:
“Çünki kişilər özləri bunu təlqin edirdi, qadınlara aşırı diqqət və nəzarət vardı, gözdən qoyulmurdular. Bəs hanı o dəyərlər, o nizam-intizam, hanı o cavabdeh, məsuliyyətli kişilər? Niyə qız-qadınlarını başlı-başına buraxıblar ki, onlar da bu qədər kontroldan çıxıb?
Kim nə deyir desin, məncə, cəmiyyətdə qadın-kişi balansının pozulması elə kişilərin buraxdığı boşluqların nəticəsidir. Kişilik son anda zorbalıq deyil, kişilik ona əmanət olunanlara, maddi-mənəvi hər şeyə vaxtında sahib çıxmağı bacarmaqdır. Təəssüf ki, bəziləri bu cəhətdən kələfin ucunu itiriblər…”