“Ötən il Ermənistan üçün mübahisəli hadisələrlə dolu olub”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə politoloq Qriqor Balasanyan deyib:
“2022-ci ilin əvvəlində Ermənistan KTMT-yə sədrlik edən ölkə kimi Qazaxıstana sülhməramlı kontingentin göndərilməsi barədə qərar imzalayıb. Bu, özlüyündə görünməmiş bir hadisə idi. Çünki KTMT kontingentinin üzv ölkələrdən hansınınsa ərazisinə daxil olması ilk dəfə həyata keçirilirdi. Bu, Ermənistanın təhlükəsizliyinə təhdid yaranacağı təqdirdə KTMT kontingentinin İrəvana göndəriləcəyinə ümid yaradırdı. Lakin bu ilin sentyabrında indiki iqtidar KTMT Nizamnaməsinin 4-cü maddəsi ilə quruma üz tutsa da, təşkilat müsbət cavab vermədi. Ümumiyyətlə, son bir ildə KTMT mövzusu erməni mətbuatının manşetlərindən silinmədi və aydındır ki, 2022-ci il Ermənistan-KTMT münasibətləri üçün ən çətin il sayıla bilər”, – Balasanyan vvurğulayıb.
Balasanyan əlavə edib ki, Azərbaycan 9 noyabr 2020-ci il tarixli üçtərəfli sazişdə qeyd olunan vaxtdan əvvəl yeni yolu çəkdiyi üçün Laçın şəhəri təslim edilib. Ermənistan hakimiyyətinin bu uzaqgörən siyasəti nəticəsində Laçın dəhlizində problem yaranıb:
“Ermənistan son bir ildə Qərb dövlətlərinin diqqət obyektinə çevrilib. 2022-ci ildə Qərb kəşfiyyat orqanlarının iki yüksək rütbəli nümayəndəsi Ermənistana eyni vaxtda gəlib. Yayda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri, bir neçə gün əvvəl isə Böyük Britaniyanın məxfi kəşfiyyatının (Mİ6) rəhbəri Ermənistana səfər edib. Bu, görünməmiş bir hadisədir. Bu, o deməkdir ki, regionda vəziyyət getdikcə gərginləşir. Ya Rusiya hədəfə çevrilib, ya da Rusiya və ya İranın hərbi-siyasi müttəfiqi kimi Ermənistan özü hədəfdədir. Bu mənada Ermənistan-İran dövlət sərhədi önəmlidir. İstənilən halda, biz çox diqqətli olmalıyıq. Çünki ingilislər intriqaların mükəmməl ustalarıdır və dövlətimizin mövcudluğuna birbaşa təhlükə yarada bilərlər”, – deyə Balasanyan fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az