Həbs edilən “Epi” ləqəbli reper Əkbər Novruzlu barədə detallar məlum olub.
KONKRET.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Əkbər Novruzlu İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələblərinə tabe olmamaq) maddələri ilə təqsirləndirilərək məsuliyyətə cəlb olunub.
İnsident 12 iyul 2025-ci il tarixində Səbail rayonu, Əhəd Yaqubov küçəsi 15 ünvanında yerləşən Su İdman Sarayının ərazisində keçirilən rep deyişməsi (battle rap) tədbiri zamanı baş verib. Tədbirdə çıxış edən reper ifadəsində bildirib ki, layihə irimiqyaslı olduğundan o, Azərbaycan dilində iştirak etməyə razılaşıb və qeyri-etik ifadələrdən istifadə edəcəyini öncədən təşkilatçılara bildirib. Təşkilatçılar isə məsuliyyətin onların üzərində olduğunu deyərək narahat olmamağı tövsiyə ediblər.
Reper bildirib ki, 45 dəqiqəlik çıxışı ərzində cəmi üç dəfə qeyri-etik ifadə işlədib və bu sözlər heç kimin şəxsiyyətini alçaltmayıb:
“Bölməyə çağırıldıqda 15 dəqiqəyə ora çatdım. İlk dəfədir belə bir hal baş verir. Ailəmin maddi təminatı mənim üzərimdədir”, – deyə o, məhkəmədə qeyd edib.
Əkbər Novruzlu cərimə ilə cəzalandırılmasını xahiş etsə də, məhkəmənin qərarı ilə 25 gün müddətinə inzibati həbs cəzası verilib.