“Riskli və təhlükəli…” – Roma Papasının İraq səfərinin Azərbaycana təsirləri – VİDEObackend

"Riskli və təhlükəli..." - Roma Papasının İraq səfərinin Azərbaycana təsirləri - VİDEO

Katoliklərin ruhani lideri 30 ildir dinclik və sülh görməyən “İbrahim babanın yurdu” İraqa sülh arzusu ilə gedib.

Dünya katoliklərinin ruhani lideri Roma Papası Fransisk cümə günü İraqa 3 gün sürəcək səfər edib. Martın 5-dən 8-dək davam edəcək səfər zamanı Papa İraqın siyasi və dini liderləri ilə görüşəcək, dinlərarası konfransa qatılacaq və kütləvi dua mərasimində iştirak edəcək.

Papanın səfər proqramına ölkənin paytaxtı Bağdad şəhəri ilə yanaşı Şimali İraq kürd administrasiyasının mərkəzi Ərbil şəhərinə səfər daxil edilib. Bundan başqa pontifik Həzrət Əlinin (ə) məzarının yerləşdiyi tarixi Nəcəf şəhərinə gedəcək və burada İraq şiələrinin lideri Ayətullah Əli Sistani ilə görüşəcək.

Həmçinin Papanın Peyğəmbərlər atası adlandırılan Həzrəti İbrahimin məzarının yerləşdiyi Ur şəhərinə səfər edəcəyi və burada dinlərarası dialoq konfransında iştirak edəcəyi də proqrama salınıb.

Bu, pandemiya dövründə 15 aylıq fasilədən sonra Papa Fransiskin İtaliyadan xaricə ilk səfəri, eləcə də İraqa ilk gəlişidir. Qərb mediası bu səfəri “riskli və təhlükəli” adlandırıb. Buna səbəb pandemiya və İraqdakı qeyri -sabit mühitdir. Bilindiyi kimi papalar bir qayda olaraq az səfər edirlər. Fransiskin İraq səfəri onun Papa olduğu 7 il ərzində 33-cü xarici səfəri olacaq. Səfərin əsas şüarı xristianlığın müqəddəs kitabı olan “İncil”dən götürülmüş “Hamınız qardaşsınız” sözüdür. Yeri gəlmişkən, Papa İraq səfərindən əvvəl iraqlılara 5 dəqiqəlik videomüraciət edib. 5 dəqiqəlik müraciətində Papa İraqa zəvvar kimi gəldiyini deyib.

Papanın İraq səfəri böyük hazırlıqlarla müşayiət olunub. Bir neçə gün əvvəldən İraqda küçələr Papanın posterləri ilə bəzədilib. Eyni zamanda İraq hökumət qüvvələri küçələrdə yüksək təhlükəsizlik tədbirləri görürlər.

Bağdad hava limanında Fransiski İraqın baş naziri Mustafa əl-Kazimi qarşılayıb. Daha sonra İraq prezidenti Berham Salehlə görüşən Papa İraq prezident sarayında siyasi və dini liderlər qarşısında çıxış edib.

Papa müraciətində silahların susmasını, silahların yayılmasının dayandırılmasını istəyib. Eyni zamanda xalqa faydası dəyməyən yerli və xarici maraqların qarşısını almağa çağırıb. Papa zorakılığa, radikalizmə, qruplaşmalara, barışmazlığa son qoymağa, İraqı yenidən qurmaq istəyən insanlara yol açmağa çağırıb. Eyni zamanda İraqın siyasi rəhbərliyinə korrupsiyaya qarşı mübarizə çağırışı edib.

Roma Papasının İraq səfərinin əsas məqsədlərindən biri də dinlərarası dialoqun inkişaf etdirilməsidir. Çünki İraq səmavi dinlərin bütün təmsilçilərinin tarixən yaşadığı qədim sivilizasiyanın beşiyidir. Bu məqsədlə Papa səmavi dinlərin peyğəmbələrinin ulu babası hesab olunan Həzrəti İbrahimin vətəni sayılan və məzarının yerləşdiyi Nasiriyyə əyalətindəki qədim Ur şəhərinə səfər edəcək. Papanın səfərindən əvvəl və səfər zamanı məhz İbrahim əleyhssalama vurğu edilib, səmavi dinlərin eyni kökdən gəldiyi xatırlanıb, bütün mömin insanların qardaş olduğu vurğulanıb.

Papanın İraq səfərində ikinci hədəfi İraq xristianlığıdır. Bilindiyi kimi, İraq ərazisində tarixən xristianlar yaşayıb. Ancaq ardıcıl müharibələr, işğal, vətəndaş savaşları və terror nəticəsində İraqda bir sıra etnik və dini qruplar kimi xristianlar da ağır zərər görüb, çoxlu sayda İraq xristianları ölkəni tərk edib. Təxmini hesbalamalara əsasən İraqda işğaldan əvvəl mövcud olan 10 -14, milyonluq xristian icmasının sayı hazırda 300-400 min nəfərə qədər azalıb. Bu səfər bir formada İraq xristianlarına mənəvi dəstək məqsədi daşıyır. Çünki xüsusən də İŞİD terroru zamanı İraqda əksər xristian kilsələri dağıdılıb, xristianlar çox əziyyət çəkib.

Papanın səfərinin ən maraqlı detalı isə onun proqramına şiələrin tarixi elmi mərkəzi olan Nəcəfi ziyarət etməsi və burda Ayətullah Əli Sistai ilə görüşməsi niyyətinin salınmasıdır. Səfərdən əvvəl verilən məlumatlarda qeyd olunur ki, Vatikan tərəfi Ayətullah Sistaninin ofisi ilə görüşü razılaşdırıb. 90 yaşlı Ayətullah Sistani Papa Fransiskə 30 dəqiqə vaxt ayırıb. Bu görüşdə iki liderin dinlərarası qardaşlıq haqqında birgə müraciətinin imzalanması gözlənilir.

Ayətullah Seyid Əli Sistani Nəcəf elmi mərkəzinin qeyri-rəsmi lideri, İraq əhalisinin böyük çoxluğunun mənsub olduğu şiələrin mənəvi lideri hesab olunur. Eyni zamanda İran, Yaxın Şərq və Avropa ölkələrində Sistaniyə təqlid edən böyük sayda dindarlar var. İraq üzərində ciddi təsirə malik olan Sistani siyasətə nadir hallarda, ölkədə hökumət böhranı baş verəndə, yaxud da ölkə üçün taleyüklü hadisələr zamanı müdaxilə edir, mövqeyini açıqlayır, siyasi qüvvələrə və xalqa çağırışlar edir. Eyni zamanda Ayətullah Sistani Qərb ölkələrinə qarşı məsafəli deyil, dialoqa açıqdır.

Əlbəttə, Vatikanda Sistaninin gücünü bilirlər və anlayırlar ki, İraqda sülh və sabitlikdə, həmçinin azlıq xalqların – yezidilər, xristianlar və digərlərinin – müdafiəsi həm də Nəcəfin dini liderindən asılıdır. Çünki bundan əvvəl İŞİD hücumları, vətəndaş müharibəsi zamanı Ayətullah Sistani azlıqların müdafiəsi ilə bağlı çağırışlar edib və bunun əhəmiyyətli təsiri olub.

Papanın səfərinin sonrakı dayanacağı 2017-ci ildə 3 illik işğaldan sonra xarabalıq olaraq geri alınmış Mosul şəhəri olacaq. Burada Papa dağıdılmış xristian kilsələrində dua mərasimi keçirəcək. Bazar günü isə Ərbilə gedib burada yerli liderlərlə görüşdən sonra Ərbilin mərkəzində yerləşən xristianlar qarşısında stadionda 10 min nəfər insan qarşısında kütləvi dua ayini keçirəcək.

Dünya katoliklərinin lideri səfərindən əvvəl bildirib ki, “İbrahim babanın yurdunda” uzun illər davam edən müharibə və terrordan sonra Allahdan əfv və inananlar arasında kompromis diləmək məqsədi ilə, dua etmək üçün gedir. Görəsən, Papanın duaları 30 ildir dinclik, sülh və əmin-amanlıq görməyən İraqa arzulanan xoşbəxtliyi gətirəcəkmi? Bunu zaman göstərəcək./yenimüsavat/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*