Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa tam hazırdır və İrəvanın bu məsələyə yanaşması prosesin əvvəlindən dəyişməyib.
KONKRET.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyənin NTV telekanalına müsahibəsində Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi elçi Ruben Rubinyan deyib.
“Biz Türkiyə ilə diplomatik münasibətlərin normallaşdırılması və Ermənistanın quru sərhədinin açılmasını ehtiva edən münasibətlərin tam tənzimlənməsini gözləyirik”, – deyə o bildirib.
Ermənistanın xüsusi nümayəndəsi nizamlanma prosesindən danışarkən bir daha vurğulayıb ki, İrəvan heç bir ilkin şərt olmadan münasibətləri normallaşdırmağa hazırdır.
Onun sözlərinə görə, Ermənistan Türkiyə ilə sərhədi açmağa, eləcə də bu gün və ya sabah münasibətləri tam tənzimləməyə hazırdır:
“Əgər Türkiyənin siyasi iradəsi olsa, o zaman hər şey çox sürətlə həyata keçiriləcək”.
Rubinyan daha sonra qeyd edib ki, Ermənistan sərhədlərin açılması məsələsində Türkiyənin addımlarını gözləyir.
“Bu günə qədər ən mühüm razılaşma 2022-ci ildə əldə edilmiş üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədin açılmasıdır”, – deyə o, yekunlaşdırıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az