ABŞ Dövlət katibi Marko Rubionun Ermənistan–Azərbaycan sülh danışıqlarında Tramp administrasiyasının roluna diqqət çəkməsi beynəlxalq münasibətlər müstəvisində müxtəlif suallar doğurub. Maraqlıdır, onun Tramp administrasiyasının rolunu vurğulaması hansı siyasi mesaj daşıyır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən sabiq deputat, siyasi təhlilçi Elşad Mirbəşiroğlu bildirib ki, avqustun 8-də Vaşinqtonda gələcək sülhlə bağlı razılaşmanın imzalanması mühüm nəticələrdən biri oldu:
“Bu görüşün əsas nəticəsi ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı tərəflərin razılığa gəlməsi idi. 2020-ci ildə torpaqlarımız işğaldan azad olunduqdan sonra sülh gündəliyinə start verildi və bu, Azərbaycanın haqlı mövqeyinə uyğun şəkildə irəli aparıldı. Həlledici amil isə Vətən müharibəsində əldə etdiyimiz inamlı qələbədir”.
Onun sözlərinə görə, Tramp administrasiyasının Azərbaycan və Ermənistan arasında yekun sülhün əldə olunması istiqamətindəki istəkləri və atdığı addımlar da təqdirəlayiqdir:
“Vaşinqtonda imzalanan razılaşma təsirli oldu. Tramp dünyadakı münaqişələrin həllində xüsusi rol oynamaq istəyir və biz bunu digər münaqişələrdə də görürük. Əsas məsələ odur ki, bu cəhdlər səmimi nəticəyə yönəlik olmalıdır. Bizim üçün regionda sülhün təmin olunması, təhlükəsizlik mühitinin gücləndirilməsi və əməkdaşlıq imkanlarının yaranması prioritetdir”.
Elşad Mirbəşiroğlu əlavə edib ki, ABŞ tərəfinin dəstəyi vacib olsa da, bölgədə sülh şəraitini yaradan əsas amil Azərbaycan lideri və Azərbaycan Ordusudur.
Müşviq Tofiqoğlu
KONKRET.az