“Rusiya Azərbaycanda getdikcə möhkəmlənmək istəyir” – AÇIQLAMAbackend

"Rusiya Azərbaycanda getdikcə möhkəmlənmək istəyir" - AÇIQLAMA

Son vaxtlar Cənubi Qafqazda dəyişən geosiyasi proseslər nəticəsində Ermənistanın Qərbə meyl etməsi müşahidə edilir. Əzəli müttəfiqi Rusiyanı regiondan sıxışdırıb çıxarmaqda maraqlı olan Ermənistan bununla bölgəyə digər oyunçuları gətirməyi planlaşdırır. Elə bunun nəticəsidir ki, Paşinyan imkan düşən kimi Rusiyanı müttəfiqlik öhdəliyini yerinə yetirməməkdə ittiham edir və Rusiyanı onların yerinə vuruşmamaqda günahlandırır. Ötən həftə Ermənistanın ittihamlarına cavab verən Rusiya prezidenti Vladimir Putin bildirdi ki, onun ölkəsi Ermənistan üçün bundan artığını edə bilməz. Rusiyanın bir çox ekspertləri isə hesab edir ki, Rusiya regionu asanlıqla tərk edən deyil. Qərb isə Rusiyanın Ermənistanı tərk etməsi üçün əlindən gələni edir. Artıq Aİ-nin missiyası Ermənistandadır və ABŞ hərbçiləri də düşmən ölkədə təlimlərdə iştirak edir. Paşinyan hakimiyyətinin KTMT-nin təlimlərindən imtina edərək ABŞ-ı bölgəyə soxması da Rusiyanın maraqlarına uyğun deyil. Əgər Ermənistanla Qərbin planı baş tutarsa və Rusiya Cənubi Qafqazı tərk edərsə, nə baş verəcək, Azərbaycan bu qarşıdurmadan necə faydalanacaq?

KONKRET.az-ın suallarını cavablandıran politoloq Ərəstun Oruclu bildirib ki, Azərbaycan öz xarici siyasət strategiyasını heç bir halda bu və ya digər dövlətin hansı problemlə üzləşəcəyi üzərində qurmamalıdır:

“Azərbaycanın öz strateji xarici siyasət xətti var. Və həmin xətt üzrə də praktiki addımlar ataraq mərhələ-mərhələ xarici siyasətini həyata keçirməlidir. Ermənistan-Rusiya münasibətləri özünün pik nöqtəsinə çatacağı halda Rusiya çalışacaq ki, Azərbaycanda möhkəmlənsin. Əslində bu, bizim üçün yaxşı nəsə vəd eləmir. Mənə elə gəlir ki, biz bu amili nəzərə almalıyıq. Bacardıqca yaxın zamanda Rusiyanın sülhməramlı kontingentini Qarabağın dağlıq hissəsindən çıxarmalıyıq. Əks təqdirdə Rusiya var gücüylə Azərbaycanda möhkəmlənməyə cəhd edə bilər. Ermənistandan fərqli olaraq Rusiyanın Azərbaycanla birbaşa sərhədi var. Azərbaycan Rusiya üçün Yaxın Şərqə çıxışdır. Bu gün Yaxın Şərqdə reallaşdırmağa başladılan Hindistan-Yaxın Şərq- Avropa dəhlizi olduqca ciddi məsələdir. Bu, Rusiyanı narahat etməyə bilməz. Ona görə ki, ən azı Rusiyanın Hindistandan başlayaraq Baltik dənizinə keçməli olan Şimal – Cənub dəhlizi bununla faktiki olaraq dəfn edilir. Çünki orada əsas partnyor Hindistan idi. Hindistan isə tamam başqa istiqamətdə getdi. Bu o deməkdir ki, Rusiya Yaxın Şərqə müdaxiləsini gücləndirməyə çalışacaq. Onun üçün də yeganə quru yolu kimi Azərbaycan önəmlidir. Bu, bizim vəziyyətimizi bir qədər mürəkkəbləşdirir. Ona görə Azərbaycan bu istiqamətdə düşünməlidir. Ermənistanda Rusiya qala biləcəksə bu, Azərbaycanla planlarını əsla dəyişməyəcək. Çünki dediyim kimi, Rusiyanın Ermənistanla birbaşa sərhədi yoxdur. Rusiya Yaxın Şərqə yalnız İran vasitəsilə çıxa bilər. İranla Rusiyanı birləşdirən yeganə yol isə Azərbaycandan keçir. Bu baxımdan Ermənistan-Rusiya münasibətlərinin korlanması hadisələrin gedişinə bəlkə də heç bir təsir göstərməyəcək. Azərbaycan istənilən halda Rusiya üçün daha önəmlidir, çünki coğrafi, geosiyasi baxımdan Azərbaycan Rusiyaya daha yaxındır”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*