Rusiya Azərbaycanda “gizli laboratoriyalar” iddiasından niyə əl çəkmir?backend

Rusiya Azərbaycanda “gizli laboratoriyalar” iddiasından niyə əl çəkmir?

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Moskva öz təbliğatını həm də bu ölkə ərazisindəki ABŞ-ın bioloji silah laboratoriyaları üzərində qurur. xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynada ABŞ-a məxsus 30 bioloji laboratoriyanın olduğunu iddia edib.

Maraqlıdır ki, Rusiya bu mövzuda israr edir ki, bu laboratoriyalardan  Azərbaycan ərazisində də var.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bununla bağlı məlumat da yayıb.

“Son zamanlar Azərbaycanda guya üçüncü ölkələrin maliyyə dəstəyi ilə bioloji silahlar üzrə elmi tədqiqatlar aparan mərkəzlərin fəaliyyət göstərməsi barədə bir neçə dəfə, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində Rusiya Federasiyasının təmsilçiləri tərəfindən müəyyən fikirlər səsləndirilmişdir. Heç bir fakt göstərilmədən irəli sürülmüş bu mülahizələrin respublikamızın ictimaiyyəti tərəfindən müəyyən narahatlıqla qarşılanması müşahidə edilməkdədir. Bununla bağlı qeyd edirik ki, Azərbaycanda belə elmi mərkəzlər heç vaxt fəaliyyət göstərməmiş, ölkə əhalisinin və ya qonşu dövlətlərin vətəndaşlarının sağlamlığına zərər vura biləcək hər hansı tədqiqatlar aparılmamışdır. Bu qəbildən olan məlumatların Azərbaycan tərəfinin mövqeyi öyrənilmədən beynəlxalq tədbirlərdə, o cümlədən BMT kimi mötəbər təşkilatda bəyan edilməsi təəssüf doğurur.

Eyni zamanda tərəfdaşlıq münasibətlərindən çıxış edərək, müqabil tərəfdən qaldırılan məsələ ilə bağlı konkret faktlar təqdim edildiyi halda onların araşdırılmasına hazır olduğumuzu bildiririk”, – məlumatda deyilir.     

Yada salaq ki, yanvar ayında da “Rossiya-24″ telekanalında keçmiş SSRİ-nin bir çox respublikalarında ABŞ Müdafiə Nazirliyinin, yəni Pentaqonun maliyyə vəsaiti ilə tikilmiş mikrobioloji laboratoriyalarla bağlı sənədli film efirə verilib. Tanınmış araşdırmaçı jurnalist Arkadi Mamontovun ”Andromeda ştamı” adlanan sənədli filmində keçmiş SSRİ respublikalarındakı ABŞ bioloji laboratoriyalarından söz açılır. Həmin  filmdə də  müəllif Azərbaycanda da belə laboratoriyaların mövcudluğunu iddia edib.

Rusiya niyə bu mövzuda israrından əl çəkmir?

KONKRET.az xəbər verir ki, mövzü ilə bağlı Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a bildirdi ki, böyük dövlətlər qanunsuz hərəkətlər etməmişdən öncə  öz gələcək addımlarına qanuni don geyindirmək üçün bəhanələr uydurmağa başlayırlar: “Tarixən belə olub, indi də belədir. Adolf Hitler də Çexoslovakiyaya 1939-cu ildə hücum etməzdən  öncə bəyan edirdi ki, oradakı sudet almanlarının vəziyyəti ağırdır, mən onları xilas etməliyəm. 2014-cü ildə Rusiya rusların vəziyyətinin ağır olduğunu bəhanə etdi və Ukrayna ərazilərini ilhaq elədi. İndiki müharibədə Rusiyanın bəhanələrindən biri guya Ukraynadakı rusdilli əhalinin sıxışdırılması, Rusiyaya Ukrayna ərazisindən təhlükə olması idi. Konkret olaraq bioloji laboratoriyalarla bağlı da Rusiya daha çox Ukraynanın üstünə düşmüşdü. İddia edirdi ki, Ukraynada ABŞ-ın 30 bioloji laboratoriyası var. Bütün bu iddiaların hamısı Rusiyanın atacağı qanunsuz addımlara əvvəlcədən qanuni don geyindirməyin bəhanəsidir. Bu, artıq təcrübədə təsdiqini tapıb.

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı sözügedən açıqlamada da konkret göstərilir ki, bioloji silahlar üzrə tədqiqat elmi mərkəzlərinin guya Azərbaycanda fəaliyyət göstərməsi barədə iddiaların heç bir əsası yoxdur. Rusiyanın heç bir sübut, fakt göstərmədən belə bir iddia irəli sürməsi demirəm ki, bu saat Azərbaycana təcavüz və ya müdaxilə etmək məqsədilədir, amma ən azı təzyiq vasitəsidir. Rusiyanın bu addımları təkcə bizim Dövlət Təhlükəsizlik Xidməti tərəfindən deyil, ümumiyyətlə, beynəlxalq qurumlar tərəfindən sonuncu dəfə səsləndirdikləri BMT kürsüsünün özündən belə tənqid olunur. BMT-nin tərk-silah üzrə nümayəndəsi var, o deyir ki, artıq Rusiya neçənci dəfədir fakt və sübut göstərmədən ittiham irəli sürür. Sonuncu dəfə, ümumiyyətlə, bioloji silahların, bakterioloji silahların qadağan olunması haqqında konvensiya 10 aprel 1972-ci ildə imzalanıb. Onun 50 illiyi ilə bağlı Rusiya nümayəndəsi çıxış eləyəndə həmin vaxt ABŞ-ın nümayəndəsi də bildirib ki, bu, Rusiyaya xas olan sübut və fakt göstərmədən əsassız ittihamlar irəli sürmək tendensiyasının davamıdır. Ortada heç bir sübut, fakt olmadan Azərbaycana qarşı ittiham artıq BMT tribunasından Rusiya təmsilçisi tərəfindən səslənirsə, bu, təzyiq vasitəsidir”.

Ekspertin sözlərinə görə, Brüssel görüşündən sonra Azərbaycana qarşı məhz bu cür ittihamlar Rusiya tərəfindən səslənməyə başlayıb: “Təzyiq olduğu açıq-aşkardır. Qarabağ məsələsinin, Azərbaycan-Ermənistan münasibətlərinin Avropa İttifaqının moderatorluğu ilə birdəfəlik həll olunmasını Rusiya qəzəblə qarşılayır. Ona görə də Azərbaycana təzyiq edir. Düzdür, bu saat Azərbaycana da Ukraynaya olduğu kimi hərbi hücum etmək fikrində deyil, amma təzyiq altında saxlayır. Bununla mesaj verir ki, mən bunu əlimdə əsas tutub Azərbaycan ərazisinə daxil olmağa məcbur ola bilərəm.

Keçən ilin payızında İran da bizə buna bənzər bir uydurma ilə təzyiq edirdi”.

İlham İsmayılın fikrincə, Azərbaycan hələ DTX-dan öncə diplomatik yollarla Rusiyanın ittihamlarına etiraz edib, amma DTX-nın yaydığı məlumat artıq onun göstərir ki,  Azərbaycana qarşı bir təhlükə var: “Məlumatda belə bir cümlə var: ”Azərbaycan ictimaiyyəti, əhalisi Rusiyanın bu bəyanatlarından narahatlıq keçirir”. Bu fikir ona görə xüsusi vurğulanır ki, Rusiya adətən o cür ittihamlarla çıxış edəndən sonra təcavüzkar addımlara əl atır.  Rusiyanın irəli sürdüyü ittihama susqun qalmaq olmaz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*