Azərbaycan Prezidenti İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Qəbələdə çəkilən fotosu yenidən gündəm olub. Belə ki, TDT-nin Zirvə Görüşündə liderlərin qol-qola, çiyin-çiyinə və mehriban şəkildə söhbətlərini əks etdirən görüntülər hər iki ölkə mediasında, həmçinin sosial şəbəkələrdə qısa zamanda geniş yayılıb. Bunun fonunda Türkiyədə son vaxtlar müşahidə olunan Azərbaycan əleyhinə təbliğatın davam etməsi də diqqətdən kənar qalmır.
KONKRET.az xəbər verir ki, Dünya Türkiyat Dərnəyinin sədr müavini, jurnalist və yazar Selçuk Düzgün “globalinfo”ya müsahibəsində bunun alt qatlarına toxunub.
Sitat: “Türkiyədə dost və qardaş ölkə Azərbaycanla münasibətlərin pozulmasında maraqlı olan müxtəlif qruplar var. Türkiyədə xarici kəşfiyyat orqanları tərəfindən idarə olunan xeyli sayda erməni, yəhudi və yunan var ki, gizli fəaliyyət göstərərək bu münasibətlərə zərbə vurmaq üçün əlverişli məqamı gözləyir. Onların arasında erməni-yahudi qarışığı olan pakradunilər xüsusi qeyd olunmalıdır. İki qardaş dövlətin münasibətlərinin tarixi zirvəyə çatdığı və türkdilli dövlətlərin əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi indiki zamanda onların İsrail mövzusu ilə zaman-zaman aktivliyinin şahidi oluruq”.
Bəs bu qüvvələri neytrallaşdırmaq niyə mümkün olmur? Səbəb nədir?
Əkbər Qoşalı deyib ki, Azərbaycan-Türkiyə birliyi təkcə siyasi maraqlar və geopolitik reallıqlar üzərində qurulmayıb, həm də dərin mənəvi bağlara əsaslanır:
“O qardaş ölkələr ki, epik və ya epos təfəkkürü, elat mədəniyyəti, böyükçöl estetikası, yaylaq-qışlaq həyatı da daxil olmaqla, necə deyərlər, göyüzündən tutub yerlərə, yerlərdən göylərə qədər bir ruhu paylaşır – bunu səmimi ürək, düşüncə və vicdanla qorumaq borcumuzdur”.
Ə.Qoşalının sözlərinə görə, hər iki ölkənin daxilindəki məkrli gücləri gözardı etməmək şərti ilə, münasibətləri daha da doğmalaşdırmaq yönündə inamlı addımlar atılmalıdır:
“Burda ən əsas və həssas məsələ odur ki, hər iki ölkə lideri – cənab Ərdoğanla cənab Əliyev arasında münasibətlər yüksək səviyyədir. Qəbələ Zirvəsində bunu bir daha hər kəs gördü. Bəlkə də düşmənlər, Türk dünyasının inteqrasiyanı gözü götürməyənlər bu mənzərədən daha da rahatsız olub, gizli-aşkar fəaliyyətlərini bir qədər də gücləndirirlər. Bu mərhələni təmkin və təfəkkürlə adlamalıyıq. Hər iki ölkənin mediası, özəlliklə də Türkiyə mediası gərək bu məsələlərdə maksimum ehtiyatlı və diqqətli olsun. Çünki Türkiyə mediası daha qlobal, daha böyük auditoriyaya xitab edir. Bu üzdən də miqyas böyüklüyünü məsuliyyət böyüklüyü ilə tarazlamaq, balanslamaq öhdəliyinin olduğini düşünürəm”.
Ekspert vurğulayıb ki, son 15-16 ildə Ankara-Bakı münasibətlərini zədələmək üçün qollarını çirmələyən qüvvələr niyyətlərinə çata bilmədilər:
“Hər iki ölkə prezidentinin müdrik və təmkinli davranışı Türkiyə ilə Azərbaycanın arasındakı qardaşlığı, müttəfiqliyi zəiflətmək istəyənlərə qüvvətli cavabdır. Bu yaxınlıq “Şuşa Bəyannaməsi” kimi əvəzsiz sənədlə möhürlənmiş oldu”.
Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, məsələ ilə bağlı ciddi araşdırmalar var:
“Onların nəticələri göstərir ki, Azərbaycana qarşı başlayan dezinformasiya ölkə imicinin sıfırlanmasına hədəflənib. Bu dövrün 2020-2023-cü ilə aid hissələrindən daha çox erməni (Qərb və digər MDB ölkələri, Yaxın Şərq, Türkiyə, İsrail) və İran mənşəli mərkəzlərdən istehsal edilən dezolar görürdüksə, artıq ötən ilin dekabrından ölkəmizə qarşı hücum mərkəzlərinin koordinasiyası Rusiyaya keçib. AZAL-a məxsus mülki təyyarənin vurulması ilə Azərbaycanın Rusiyaya dair sərgilədiyi haqlı mövqedən sonra bütün anti-Azərbaycan qüvvələri serverlərini bu ölkədən idarə edərək ümumi fona qarışıb və hücum selini gücləndirməyə davam edirlər. Diqqətlə baxsaq, son dəfə 7 oktyabr – HƏMAS-İsrail savaşının 2-ci ildönümündə bir neçə mediada, əsasən Böyük Britaniyada fəaliyyət göstərən xəbər agentlikləri – eyni anda İsrailə dəstək olaraq Azərbaycanda bayraqların yarıya qədər endirilməsi ilə bağlı xəbərlər yayıdılar. Bu informasiyalara xüsusi dəstək isə UK Report, The Porte, GlobalNews JNW, Al Jazeera və digər agentliklərdə yer alıb. Dərhal sözügedən məlumatlar Türkiyə mediasına ötürülərək, onların bu mövzuda həssas nöqtələrinə toxunulub və bütün türk ictimaiyyətində böyük anti-Azərbaycan dalğasına səbəb olublar”.
Ekspert vurğulayıb ki, burda əsas məqsəd Azərbaycanının imicini və “nation branding”ini qardaş türk xalqının gözündən salmağa hesablanıb:
“Eyni zamanda, ərəb dünyasında da eyni xəbərlər başlığa daşınaraq İslam düşməni, şiə olub İsrailə dəstək olan və sair kimi ifadələrlə damğalanıb. Göründüyü kimi, İsraildən də bu prosesə dəstək olan müəyyən media qrupları var. Əsas məsələ, Azərbaycanı sıradan çıxarmaq mümkün olsa, dünən Qəbələdə ölkə rəhbərinin elan etdiyi (2026-cı ildə vahid hərbi layihə) planlara mane olmaq və ölkəni türk dünyasında, İslam aləmində, regionda sıradan çıxarmaqdır”.