Rusiya buna məcbur edilsə, böyük qarşıdurmalar törədəcək – İLGİNC DETALLARbackend

Rusiya buna məcbur edilsə, böyük qarşıdurmalar törədəcək – İLGİNC DETALLAR

“Ermənistanda anti-Rusiya meylləri artdıqca bu ölkələr arasında münasibətlər daha da gərginləşir. Ermənistanın müttəfiqinə üz çevirməsi və regionda Rusiyanı başqasıyla əvəz etmək niyyəti açıq-aşkar görünür. Üstəlik, Ermənistan Baş nazirinin Rusiyanın əleyhinə ittihamlar səsləndirməsi də Şimal qonşumuzun diqqətindən yayınmır. Rusiyanı onlara kömək etməməkdə günahlandıran Ermənistan rəhbərliyi müttəfiqinin regionu tərk etməsi üçün zəmin yaratsa da, bu elə də sadə proses deyil. Rusiya Cənubi Qafqazı asanlıqla tərk etməyəcək”.

Bunu KONKRET.az-a açıqlamasında siyasi ekspert Ərəstun Oruclu deyib. Əlavə edib ki, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması asan olmayacaq:

“Bu mövzu İkinci Qarabağ müharibəsindən sonra gündəmə atılıb və israrla bizi inandırmağa çalışırlar ki, Rusiya Cənubi Qafqazdan asanlıqla çıxacaq. Təbii ki, Rusiya öz istəyi ilə çıxmaq istəməyəcək. Amma qarşı tərəf onu çıxarmaq üçün səylərini davam etdirir. Bunu heç kim danmır. Rusiyanın regionu tərk etməsi mümkündür, sadəcə bir çox amillər var.

Birinci amil Rusiyanın Ukraynadakı müharibəni hansı nəticələrlə bitirəcəyindən asılıdır.

İkincisi, Rusiya-Azərbaycan, Rusiya-Ermənistan, Azərbaycan-Ermənistan münasibətlərinin dinamikası nədən ibarət olacaq? Ermənistan-Rusiya münasibətləri o mərhələyə qədər kəskinləşəcəkmi ki, 102-ci bazanı Gümrüdən çıxara bilsin? Yəni Rusiyanın Cənubi Qafqazda mövcudluğunu təmin edən bir neçə amil var. Bu amillərdən birincisi və ən etibarlısı onun silahlı qüvvələridir. Bilirik ki, Rusiya Cənubi Qafqazda -Gürcüstanın iki separatçı bölgəsində sülhməramlı adıyla qoşun yerləşdirib. Üstəlik, Ermənistandakı 102-ci hərbi baza və İrəvandakı Zvartnos hava limanında hərbi və mülki rusların xidmət aparması, Rusiya aviasiyasının Ermənistan paytaxtında mövcudluğu və Qarabağdakı sülhməramlılar da Rusiyanın Cənubi Qafqazdakı mövqelərini gücləndirir. Təbii ki, Rusiya heç zaman Cənubi Qafqazı əldən vermək istəməz. Ona görə ki, bu region Rusiyanın cənub cinahlarından biridir. Və Rusiya Cənubi Qafqazı iki strateji hədəf baxımından nəzarətdə saxlamağa çalışır. Bu, Şimali Qafqaz və Orta Rusiyaya zolağı qorumaq üçün bufer zona və Yaxın Şərqə çıxışı təmin edən xətdir. Lap tutaq ki, bunlar hamısı baş verdi və Rusiya doğrudan da Qafqazdan çıxdı. Rusiya çıxmağa məcbur edilsə, şübhəsiz ki, böyük qarşıdurmalar, toqquşmalar, savaşlar törədəcək. Hətta özü də açıq şəkildə müdaxilə edə bilər. Regionda etnik münaqişələr yaradacaq, dini zəmində müxtəlif münaqişələri alovlandıracaq”.

Ekspertin fikrincə, bundan başqa, Rusiyanın regionda çox geniş, şaxələnmiş beşinci kolonu mövcuddur: “Həmin qüvvələr müxtəlif hakimiyyət strukturlarında, vətəndaş cəmiyyəti institutlarında, partiyalarda, ziyalı təbəqəsində geniş şəkildə təmsil olunur. Təbii ki, Rusiya onu hərəkətə gətirəcək. Rusiya regiondan çıxmalı olsa, onun yerini İranın tutmaq təhlükəsi var. Əgər Türkiyə bu məsələdə çevik tərpənə bilməzsə, məsələn, Fransa, Almaniya, ABŞ kimi ölkələr buna mane olarsa, bu halda Rusiyanı İran əvəz edəcək. Bu da Cənubi Qafqaz üçün daha böyük təhlükə deməkdir”.

Ərəstun Oruclu bildirir ki, tərəflərin Ermənistan-Rusiya münasibətlərini qəsdən kəskinləşdirdiyni düşünənlər də var: “Amma hadisələrin inkişafı göstərir ki, Ermənistan müttəfiqliyə son qoymaqda israrlıdır və Rusiyanın bölgədən sıxışdırılması üçün səylərini davam etdirir.

Hesab edirəm ki, Ermənistan-Rusiya münasibətlərindəki gərginlik obyektiv şərtlərdən qaynaqlanan real dinamikadır, heç bir şou elementi yoxdur. Hətta əminəm ki, Rusiya yaxın zamanlarda Paşinyanı devirməyə cəhd də göstərəcək. Sui-qəsd də istisna olunmur. Paşinyan hakimiyyətə gələndə hər kəs bilirdi ki, bu adam qərbpərəstdir. Rusiya onun hakimiyyətə gəlməsinin qarşısını ala bilərdi, amma yanlış hesabla apardı. Ruslar düşündü ki, Paşinyan hakimiyyətə gələndən sonra uğursuzluğa düçar olacaq. Belə ssenarilər Sovet İttifaqı dağılandan sonra müxtəlif postsovet ölkələrində sınaqdan keçirilib. İkinci Qarabağ savaşında rüsvayçı şəkildə məğlub olan Ermənistan bir neçə aydan sonra seçki keçirib növbəti dəfə Paşinyanı seçdi. Deməli, Rusiya ümidlərini təsadüfə bağlamalıdır, ya da aktiv fəaliyyətə keçməlidir.

Əlamətlər göstərir ki, məsələ çox ciddidir. Paşinyan Aİ-nin müşahidə missiyasını gətirir, ABŞ ilə hərbi təlimlər keçirir, İran və Hindistanla hərbi əməkdaşlıq qurur. Amma heç bir halda bunun şou olmasına inanmıram, şou belə olmur”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*