Financial Times Rusiyada “müharibə iqtisadiyyatı”nın getdikcə daha çox ziyan vurduğunu yazıb. Nəşrin məlumatına görə, ilin əvvəlindən etibarən neft və qaz gəlirləri 20% azalıb, ÜDM-in artım tempi isə üç dəfəyə yaxın zəifləyib. Büdcə kəsiri artıq 4,9 trilyon rubl (təxminən 61 milyard dollar) təşkil edir, halbuki hökumət əvvəlcə onu ÜDM-in 0,5%-i səviyyəsində planlaşdırırdı.
KONKRET.az xəbər verir ki, Maliyyə Nazirliyində artıq infrastruktur, klublar və sanatoriyalara subsidiyalar kimi hərbi xarakter daşımayan xərclərin azaldılması müzakirə olunur. İqtisadçılar hesab edirlər ki, yaranmış “boşluqlar” yeni borclanma və qismən ehtiyat fondu hesabına bağlanacaq. Qeyd olunur ki, həmin fondun yarısı artıq müharibə məqsədləri üçün xərclənib.
Problemləri dərinləşdirən amillər arasında işçi qüvvəsinin çatışmazlığı, kömür sənayesində geriləmə, kreditlərin keyfiyyətinin pisləşməsi və möhkəmlənmiş rubl var. Rublun güclənməsi büdcəyə əlavə zərbə vurur, çünki neft və qaz satışından əldə edilən valyuta gəlirləri rubla çevrildikdə daha az məbləğ çıxır.
Ekspertlərin fikrincə, hətta mümkün atəşkəs halında da Rusiya hərbi xərcləri sürətlə azalda bilməyəcək. Çünki sənaye müəssisələrinin məhv edilmiş texnikanı bərpa etməsi illər tələb edəcək. Nəticədə Kreml ilk dəfə real “seçimlər” qarşısında qalır – hərbi büdcə ilə sosial proqramlar arasında balans tapmaq məcburiyyətindədir. Bunun fonunda resessiya riski isə getdikcə artır.
Müşviq Tofiqoğlu
KONKRET.az