Rusiya Ermənistana təzyiqində davamlı olacaqsa… – POLİTOLOQLAR DANIŞDIbackend

Rusiya Ermənistana təzyiqində davamlı olacaqsa... - POLİTOLOQLAR DANIŞDI

İlqar Vəlizadə: “Rusiya Ermənistana “dərs” verməsə də, Paşinyan hökumətinin onun üçün maraqlı olmadığını nümayiş etdirir”

Bu gün qloballaşan dünyanın mənzərəsi fərqli məcraya yönəlib. Beynəlxalq siyasət o qədər gərginləşib ki, bəşəriyyət hər an 3-cü dünya müharibəsinin baş verəcəyini gözləyir. Dünya supergüclərinin mərkəzində dayanan ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar, Yaxın Şərqdə baş verən toqquşmalar, eləcə də Cənubi Qafqaz regionunda mövcud olan münaqişə ocaqları hər an yeni müharibənin alovlanacağı anonsunu verir.

Nəhəng ölkələrin arasında nisbətən kiçik görünsə də, Azərbaycan Cənubi Qafqazın aparıcı və lider dövlətlərindən biri olmaqla, siyasi proseslərdən kənarda qalmır. Eyni zamanda torpaqlarının 20 faizdən çoxu işğala məruz qalan ölkəmiz Dağlıq Qarabağ münaqişəsinin ədalətsizliyə uğrayan tərəflərindən biri kimi, regiondakı siyasi proseslərin düz mərkəzində dayanır.

Konkret olaraq Cənubi Qafqaza, xüsusən də Ermənistanın bu günki vəziyyətinə nəzər salsaq, mənzərənin düşmən ölkə üçün heç də ürəkaçan olmadığını görə bilərik. Belə ki, özünü düşmən ölkədə baş verən inqilabın lideri sayan və xüsusən Qərbyönümlü siyasi baxışları ilə seçilən Paşinyan və onun rejimi əsrlərdir ermənilərə havadarlıq edən Rusiyanın səbr kasasını daşırmaq üzrədir. Regionda baş verən proseslər belə deməyə əsas verir.

Belə ki, Putinin Avrasiya İqtisadi Birliyinin ali iclasında iştirak etmək üçün Ermənistana səfəri başdan sona qədər gərgin ab-havada keçib. Prezidentin təyyarəsi iclasa sadəcə üç dəqiqə qalmış Yerevana enərkən bütün ziyarət müddəti isə sadəcə bir neçə saatdan ibarət olub. Üstəlik Putin onu ayrılarkən qucaqlayan Paşinyana isti münasibət də göstərməyib. Elə Putinin səfərinin ardınca Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri də Ermənistana vurulan növbəti zərbə kimi dəyərləndirilib. Bütün baş verənlər isə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlaması ilə özünün kluminasiya nöqtəsinə çatıb.

Belə ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın həbsdə saxladığı azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni əsir hərbçilərlə dəyişdiriləcəyini açıqlayıb . Məhz bu açıqlama bir neçə gün ərzində baş verən proseslərdən sonra gündəmdə əsl bomba effekti yaradıb.

Bəs görəsən Rusiya XİN rəhbərinin açıqlaması nə qədər ciddi və real görünür?

İlqar Vəlizadə, politoloq

KONKRET.AZ mövzunu politoloq İlqar Vəlizadə ilə müzakirə edib. Politoloq bildirib ki, əslində Sergey Lavrov yeni bir söz deməyib: “Təəssüflər olsun ki, Ermənistan tərəfi bu barədə açıqlama vermir. Ancaq Moskva görüşündən bu yana, danışıqlar təxminən belə mövzularda aparılır. Azərbaycan tərəfinin təklifi ondan ibarətdir ki, girovların hamısı dəyişdirilsin. Ermənistan isə bununla razılaşmır. İndi də alternative bir yanaşma meydana çıxıb. Belə ki, Ermənistan tərəfi girovlara, onların qohumlarının baş çəkməsinə etiraz etməyib.  Bu da mərhələli şəkildə həyata keçirilə və daha sonra girovların qaytarılması həll oluna bilər. Əlbəttə ki, biz ən azı iki girovumuzun qaytarılması ilə bağlı tələblərlə çıxış edirik. Ermənistan tərəfi bu tələbləri rədd etməsə də, müəyyən şərtlər qoyur. Qeyd etmək lazımdır ki,  bu məsələlərin çözülməsi regionda yeni abu-hava yarada və münaqişənin həllində danışıqları canlandıra bilər”.

İlqar Vəlizadənin sözlərinə görə, hazırda Rusiya Ermənistana “dərs” verməsə də, cari siyasi məqamda Paşinyan hökumətinin onun üçün maraqlı olmadığını nümayiş etdirdi: “Putin Yerevanda cəmi bir neçə saat oldu. Demək olar ki, Paşinyanla təkbətək görüş çox çəkmədi. Paşinyanın bir nömrəli düşməninin həyat yoldaşı ilə eyni vaxt danışıqlar aparıldı. Bu nonsesdir və ən müasir tarixdə ilk dəfə belə hal baş verdi. Bütün bunlar onu göstərir ki, Paşinyan hökuməti Rusiya üçün maraqlı deyil. Azərbaycan prezidentinin dərhal Rusiyaya səfərinə gəldikdə isə, bu Paşinyana bir mesaj kimi dəyərləndirilir.  Belə ki, Rusiya ən etibarlı tərəfdaş kimi Azərbaycanı görür. Çünki “Valday” da keçirilən görüşə Rusiya ən etibarlı tərəfdaşlarını (Qazaxıstan, Azərbaycan, İordaniya) topladı, Ermənistan isə kənarda qaldı”.

Politoloq əlavə edib ki, Putinin Azərbaycan prezidentini dərhal səfərə dəvət etməsi, Bella Koçaryanla danışıqlar aparması, Paşinyan hökumətinə bir təzyiq kimi dəyərləndirilir: “Amma biz konkret təzyiqlər gözləyirik. Rusiya rəsmisinin  girovların dəyişdirilməsi ilə bağlı açıqlamaları isə təzyiq deyil və bu məsələnin həlli real görünmür.  Əgər Rusiya Ermənistana satdığı qazın qiymətin qaldırarsa, Cənubi Qafqaz dəmir yolu xəttindən çıxararsa, bunları təzyiq hesab etmək olar. Əks halda isə Rusiyanın Ermənistana təzyiqlərindən danışmaq yersizdir”.

Zərdüşt Əlizadə, politoloq

Zərdüşt Əlizadə: “Moskva nə desə, o da olacaq”  

Mövzu ilə bağlı KONKRET.AZ-a açıqlama verən tanınmış politoloq Zərdüşt Əlizadə isə bir cümlə ilə kifayətlənib. Sitat: “Ağaları Rusiyadır! İstər girov və əsirlərin, istərsə də 5 rayonun qaytarılması məsələsi ilə bağlı Moskva nə desə, o da olacaq”.

Müşfiq ƏHMƏDOV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*