“Rusiya İranı müdafiə etməkdə çox gücsüzdür” – Siyasi şərhçidən AÇIQLAMA – ƏTRAFLIbackend

"Rusiya İranı müdafiə etməkdə çox gücsüzdür" - Siyasi şərhçidən AÇIQLAMA - ƏTRAFLI

Rusiya özünü İranın ən yaxın müttəfiqi kimi göstərir. Bir sıra beynəlxalq tədbirlərdə Moskva Tehranın müdafiəçisi mövqeyində çıxış edir. Son illər Suriyadakı hadisələr və ABŞ başda olmaqla Qərbin sanksiyaları onları bir-birinə daha da yaxınlaşdırıb. Bu həftə İran Prezidenti İbrahim Rəisinin Rusiyaya səfəri planlaşdırılıb.

KONKRET.az iki ölkə arasındakı yaxın illərdəki mövcud əlaqələr və beynəlxalq təşkilatlarda Moskvanın Tehrana münasibəti kimi məsələləri Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanla müzakirə edib.

Müzakirə zamanı o, aşağıdakı məsələləri vurğulayıb:

– Bu həftə İran Prezidenti İbrahim Rəisinin Rusiyaya səfəri təkcə tərəflər arasında əməkdaşlığın genişləndirilməsi kimi məsələləri əhatə etmir. Bu, həm də onlara tətbiq ediləcəyi ehtimal olunan yeni sanksiyalardan müdafiə üçün birgə tədbirləri müzakirə etməyə şərait yaradır. Bundan başqa, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Cənubi Qafqazda yaranan yeni şəraitdə Rusiya və İranın 3+3 formatında iştirakı, Zəngəzur dəhlizi, habelə Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşməsi məsələlərini də tərəflər müzakirə edə bilər. 44 günlük müharibə zamanı Rusiya və İran rəsmiləri, eləcə də bu ölkələrin KİV-i Ermənistana münasibətdə təxminən oxşar mövqedən çıxış etmişdi.

2021-ci ilin ilk 10 ayını İran Azərbaycana qarşı iftira atmaqla və təxribatlarla məşğul olmuşdu. Son 3 ayda rəsmi Tehran regionda yaranmış şəraitlə bağlı Rusiya, Türkiyə və Azərbaycandan təminat aldıqdan sonra yürütdüyü yanlış siyasətdən müəyyən mənada əl çəkib. Odur ki, İran Azərbaycana münasibətdə Rusiya ilə oxşar mövqedən çıxış edir. Tehran hakimiyyəti Ermənistana münasibətdə də bu ölkənin əsas sponsoru Rusiyanın davranışını təkrarlayır. Moskva ilə Tehran Qərbə münasibətdə də eyni mövqedən çıxış edir.

Ancaq bu münasibətlər fonunda iki ölkə arasında ticarət dövriyyəsi elə böyük deyil. İran Gömrük Komitəsinin sözçüsü Ruhullah Lətifi bildirib ki, iki ölkə arasında 2021-ci ilin mart-dekabr aylarında ticarət dövriyyəsinin həcmi 41 faiz artaraq 1 milyard 656 milyon dollara çatıb. Onun sözlərinə görə, son illər iki ölkə arasında siyasi əlaqələrin inkişafı ilə yanaşı, ticarət sahəsində də irəliləyişlər olub. Başqa sözlə, İranla Rusiya arasında ticarət əlaqələri müttəfiqlik və bir-birinə dəstək fonunda azdır. Münasibətlərinin yaxın keçmişinə nəzərə salsaq, Rusiya ilə İranın bir-birini daha çox bəyanatlarla dəstəklədiklərini görərik.

Bir neçə nümunə göstərim. 2006-cı ilin dekabrında BMT Təhlükəsizlik Şurası İrana nüvə proqramı ilə bağlı qətnamə qəbul etmişdi. Onda Moskva bu sənədə İran rəsmilərinin səfərləri ilə bağlı əhəmiyyəti olmayan dəyişikliklər etməklə qətnamənin lehinə səs vermişdi. Ümumiyyətlə, Rusiya Təhlükəsizlik Şurasının İrana qarşı başqa qətnamələrinin də lehinə səs verib. İran Rusiyadan bir milyard dollarlıq S-300 zenit-raket kompleksi almışdı.

Sanksiyalrdan sonra Rusiya bu kompleksin İrana verilməsini dayandırdı. Onda tərəflər arasında uzun mübahisələr yarandı. Tehran Moskvanı beynəlxalq məhkəməyə verməklə hədələdi və s. ABŞ-ın keçmiş Prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra İranın neft-qaz sənayesinə sanksiyalar tətbiq etdi. Rusiya da bu aksiyaya qoşuldu. Rusiyanın “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov onda bildirmişdi ki, İranın “Mənsuri” yatağı üzərində çox fəal işləyiblər və müqavilə də hazırdır, ancaq sanksiya aradan qaldırılmayanadək müqaviləni belə tezliklə imzalamayacaqlar.

Rusiyanın “Zarubejneft” şirkəti də İrandakı törəmə şirkəti olan “ZN-Vostok”u satıb. Bu şirkət İrana sanksiyaların təsirini azaltmaq üçün çox böyük yardım etmişdi. İranın neft sənayesinə 30 milyard dollar sərmayə qoymağı planlaşdıran “Rosneft” də Trampın sanksiyalarından sonra İslam respublikası ilə işləməkdən imtina etmişdi. “Qazpromneft” və “Tatneft” isə İranla ticarət əlaqələrini ehtiyatla aparır.

Daha doğrusu, sanksiyadan ehtiyatlanırlar. İran elə güclü texnologiyaya sahib ölkə deyil. Odur ki, Rusiya İslam Respublikasından əsasən, neft qaz ala, yaxud bu sahəyə sərmayə qoya bilər. Göstərdiyimiz nümunələr sübut edir ki, bu məsələdə Rusiya şirkətləri daha çox Qərbin mövqeyindən çıxş edirlər. Deməli, Rusiya İranı müdafiə etməkdə gücsüzdür. İndiki vəziyyətdə İran və Rusiya daha çox Çin sayəsində Qərbə qarışı müqavimət göstərir. ABŞ və ya onun müttəfiqləri Rusiya, yaxud İrana münasibətdə mövqelərini bir qədər yumşaltsalar, Moksva və Tehran bir-birindən həmən ayrılar. Çünki Rusiya və İran bir-biri ilə elə güclü müttəfiq olmadığını yaxşı başa düşür. İran son yüz ildə daha çox ABŞ, Böyük Britaniya və Almaniya ilə müttəfiqlik edib. Bu ölkədə Sovet İttifaqı və Rusiya düşmən obrazı olaraq təbliğ edilib. Hətta 1979-cu ilin fevralında baş verən inqilabdan sonra İranda “Amerikaya ölüm!”, “İsrailə ölüm!”lə yanaşı “Şurəviyə ölüm!” də deyilirdi. Deməli, Rusiya və İran bir-biri ilə zorən müttəfiqdirlər. Onları daha çox ortaq düşmənləri birləşdirir. Bu baxımdan ehtimal etmək olar ki, İbrahim Rəisinin Rusiyaya səfərində daha çox bu istiqamətdə olan məsələlər müzakirə ediləcək.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*