backend

Rusiya öz ordusunu Azərbaycan sərhədlərinə toplayır - Nə baş verir?

Surxay Atakişiyev

Belə yerdə deyiblər ey: “Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış”. Mən özünü politoloq kimi ortaya atan bir çox soydaşlarımız arasında az çox etimad edə biləcəyim 1-2 nəzəriyyəçidən biri də  Şahin Cəfərli idi. Amma o da dünənki çıxışı ilə “vurub şeytanın gözünü çıxartdı”. Deməli, bizim bu Şahin bəy həyəcan təbili çalır ki: “Ay aman, Rusiyanın Ermənistandakı hərbi bazasının bir hissəsinin ölkənin şərqinə köçürülməsi barədə müzakirə aparılır.Yekun razılıq əldə olunduqdan sonra 102 saylı hərbi bazanın hərbi birləşmələrindən birinin daimi əsasda bizim sərhədlərimizdə – Qarabağ istiqamətində yerləşdirilməsi planlaşdırılır”. Və bu məsələni o qədər faciələşdirir ki, guya ki, qiyamət gününün gələcəyi vaxtı elan edir.

Siyasi “peyğəmbərlik” etməsi bir yana, üstəlik Azərbaycan hökumətinə ağıl verir. Deyir ki, “Nə qədər ki, Ermənistan ikitərəfli və çoxtərəfli anlaşmalar çərçivəsində Rusiyanın mühafizəsi altındadır, Bakıda kimsə belə bir fikrə düşə bilməz. Fikrimcə, burada məqsəd gələcəkdə ehtiyac yaranacağı təqdirdə, çox operativ şəkildə və ən qısa müddətdə Qarabağa əlavə hərbi qüvvə atmaq üçün zəruri platsdarm və infrastruktur yaratmaqdır. Bu, həm də Azərbaycan üzərində əlavə bir basqı yaradacaq”.

Əvvəla, Ermənistandakı nəinki siyasi hakimiyyət, hətta çöldə otlayan donuzlar da Rusiyanın təsir dairəsindədir.

İkincisi, Ermənistanın cənub-qərb sərhədlərini bu vaxtadək zatən ruslar qoruyurdu. Və neçə aydır sönbət gedir ki, Azərbaycanla Ermənstan sərhədlərini də ruslar mühafizə edəcək. Ona görə də 102 saylı hərbi bazanın hərbi birləşmələrinin Ermənistanın şərqinə yerdəyişmə etməsində təəccüblü heç nə yoxdur.

Üçüncüsü, bu hərbi manevrlərin Rusiyanın Azərbaycana “operativ şəkildə hərbi qüvvə atmaq” niyyəti ilə heç bir əlaqəsi yoxdur. Çünki Rusiyanın Azərbaycanda hərbi baza yaratmaq ideyasının perspektivi yoxdur. Azərbaycan son 30 ildə və ən ağır şərtlərdə yaşadığı dönəmlərdə belə Rusiyanın bu istəyinə qol qoymayıb. Ərazi bütövlüyünü bərpa etdiyi və regionda əsas oyunçuya çevrildiyi bir zamanda isə Azərbaycan buna heç zaman imkan verməz.

Yəni Şahin Cəfərlinin narahatlığı yersizdir. Və bu gün heç kim durub Ermənistana və yaxud Rusiyaya deyə bilməz ki, hərbi hissələrinin yerini niyə dəyişdirirsən? Necə ki yanvarın 25-də İrəvanın 50 kilometrliyində Azərbaycanla Türkiyə birgə hərbi təlim keçirdi və buna heç kim rəsmi qaydada irad bildirə bilmədi.

Deməyim odur ki, istər politoloq ol, istərsə də adi vətəndaş, söz deyəndə onun məsuliyyətini bilməlisən. Ona görə deyirlər ki, “Fikirləşdiyin sənindir, dediyinsə yox”. Yəni gərək fikri deməmişdən qabaq ağıl və məntiq süzgəcindən keçirib sonra ifadə edəsən.Əks təqdirdə dediyin fikir sənin əleyhinə işləyə bilər. Necə ki, Şahin Cəfərlinin yersiz həyəcanı onu mənim gözümdən saldı. Təkcə yuxarıdakı fikirləri ilə deyil, həm də istinad edəcəyim növbəti fikirlərinə görə. Deməli, Şahin bəy deyir ki, rusiyalı politoloq Sergey Markovun Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsini gündəmə gətirməsi də diqqətəlayiq detaldır. Diqqətli dostlar xatırlayacaq ki, 10 noyabr 2020-ci il bəyanatı barədə həmin günün səhəri burada paylaşdığım ilkin şərhdə yaxın gələcəkdə Rusiyanın Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü məsələsini gündəmə gətirəcəyini qeyd etmişdim. Amma bu qədər tez gözləmirdim. Kommunikasiyaların açılması da bu məqsədə xidmət edir”.

Əvvəla, Şahin bəy AİB-dən niyə bu qədər ehtiyatlanır, mən bilmirəm. AİB siyasi-hərbi yox, iqtisadi təşkilatdır. Yəni Avropa Birliyinin daha kiçik formasıdır. Və bu birliyə üzv dövlətlər arasında vahid gömrük və vergi siyasəti var. Eyni zamanda, AİB üzvləri arasında iqtisadi əlaqələrin gücləndirilməsi üçün bir sıra maraqlı mexanizmlər var. Və mən şəxsən Azərbaycanın bu təşkilata üzv olmasında heç bir qəbahət görmürəm.

  • 2020-ci ilin 10 noyabrına qədər Şahin Cəfərlinin dedikləri ilə hardasa razılaşmaq olardı. Çünki o qurumda Azərbaycanın ərazilərini işğal etmiş Ermənistan da təmsil olunurdu. Ona görə də Rəsmi Bakı uzun illər edilən siyasi basqılara rəğmən Azərbaycanın bu təşkilata üzvlüyünə razılıq vermədi. Tək səbəbsə Ermənistan idi.

Amma bu gün status-kvo dəyişib. Artıq Ermənistan bizim üçün çığal və zavallı bir qonşudur. Daha əvvəlki təcavüzkar statusunda deyil. Ona görə də Azərbaycanın AİB-ə üzv olmaq məsələsində qəbahətli heç nə yoxdur. Əksinə, Azərbaycan iqtisadiyyatı bundan çox böyük fayda götürə bilər. Ən adi misal deyim. İki gündən bir ruslar min bir bəhanə ilə Azərbaycandan göndərilən kənd təsərrüfatı məhsullarını geri qaytarırlar. Əgər biz AİB-ə üzv olsaq, onda bu cür sıxıntılar olmayacaq. Və mən əminlliklə deyə bilərəm ki, rusların gömrükdəki cığallıqları da məhz Bakıya bir mesajdır ki, “gəlin AİB-ə üzv olun”.

Nəhayət, Şahin Cəfərlinin daha bir “narahatlığına” münasibət bildirmək istəyirəm. Şahin bəy deyir ki, “Markov və Korotçenko kimiləri özlərini bizim ictimaiyyətə “Azərbaycanyönümlü” kimi göstərib, Azərbaycan ictimai rəyində etimad qazanaraq Kremlin tezislərini translyasiya edən, Rusiyanın maraqlarını burada yeritməyə çalışan qatı imperialist adamlardır. Bizim sadəlövh insanlarımız isə onların açıqlamalarına uşaq kimi sevinir (!), mediamız onlardan müsahibə almaq üçün sıraya düzülür (!)”.

Hə, burada xoruzun quyruğu görünür. Sən demə, Şahin bəy KorotçenkonuMarkovu qısqanır. Və özü haqqında o qədər yüksək fikirdədir ki, bu nəhəng siyasətçilərlə özünü tən tutur. Və “sadəlöhv” jurnalistlərimizə qeyzlənir ki, “onlardan müsahibə almaq üçün niyə növbəyə düzülürsünüz?”.

Əvvəla, mən də Sergey Markovdan müsahibə alan jurnalistlərdən biriyəm. Bu adama savadına və mövqeyinə görə hər zaman simpatiyam olub. Çünki istər Markovun, istərsə də Korotçenkonun son illər Azərbaycanın imicmeykeri olduğunu hamımız çox gözəl bilirik. Və Azərbaycanı müdafiə etdiklərinə görə hansı təzyiqlərlə üzləşdiyini də az-çox hamımız şahidik.

Rusiya televiziyalarında və ictimai təşkilatlarda mərdi-mərdanə Azərbaycanıın haqlı mövqeyini müdafiə edən iki-üç rus ziyalısından ikisi məhz Korotçenko və Markovdur. Ötən ilin oktyabr ayında Vladimir Solovyovun təşkil etdiyi tok-şouda İqor Korotçenkonun erməni və ermənipərəst politoloqlarla sona qədər necə mübarizə apardığın gördüm və bir qədər də ona üzüldüm. Çünki digər iştirakçılar qarğa-quzğun kimi tökülmüşdü Korotçenkonun üstünə. Və bilirik ki, şərəfsiz Solovyovun verilişlərini ən azı 50-60 milyon adam izləyir. Bu böyüklükdə auditoriya qarşısında sona qədər Azərbaycanı tək müdafiə edən Korotçenko oldu. Bax, ən azı buna görə bütöv Azərbaycan Korotçenkoya və eləcə də Markova minnətdar olmalıdır. Yəni Rusiya ictimai fikrində Azərbaycana qarşı müsbət tendensiyaların yaranmasında bu iki şəxsin xidməti danılmazdır. Bunu unutmaq ən azı nankorluq olardı.

O ki, qaldı onların milli düşüncələrinə… Mən ona da hörmətlə yanaşıram. İstər Sergey Markov, istərsə də İqor Korotçenko həm də ona görə hörmətə layiqdirlər ki, öz xalqlarını sevirlər. Və onlar da hər bir vicdanlı vətəndaş kimi öz dövlətlərinin qüdrətli və basılmaz olmasını istəyirlər. Və imkan düşdükcə buna öz töhfələrini verirlər. Burda pis nə var ki?

Ən azından bilirik ki, süfrəmizdə oturan xarakterdir, şərəfsiz deyil. Hə, bir də onu bilirik ki, İqor Korotçenko və Sergey Markov bizim “politoloqlarımız” kimi “samozvanets” deyil, əsl siyasət ustalarıdır.

KONKRET.az

  • Omer
    Fevral 23, 2021 - 15:40

    Muellim siz tamami ile duz buyurursunuz. Dunenki yazin mende oxudum ve utandim.

  • Resul
    Fevral 23, 2021 - 18:32

    O düz buyurub siz isə hələdə yatırsız həmdə dəhşətlı şəkildə.Fikrimcə artiq belə sifarişli yazilara son qoymağınızın vaxtıdı.Özünüzü kiminsə alətinə çevirmiyin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*