“Rusiya Paşinyanı devirə bilmir” – İLGİNC MÜSAHİBƏbackend

"Rusiya Paşinyanı devirə bilmir" - İLGİNC MÜSAHİBƏ

Rusiya Ermənistanı niyə cəzalandırmır?

Nikol Paşinyan Ermənistanda hakimiyyətə gələndən sonra Qərbə üz tutaraq, Rusiyanı Ermənistandan və Amerika Birləşmiş Ştatlarının diqtəsi ilə Cənubi Qafqazdan sıxışdırıb-çıxarmaq üçün əlindən gələni edir. Xüsusən Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun, yəni Putinin həbsinə verilən orderin Ermənistan parlamentində ratifikasiya edilməsi, həmçinin, KTMT-nin son iclaslarından imtina, davamlı olaraq qarşılıqlı və sərt bəyanatlar münasibətlərin tamamilə korlandığını deməyə əsas verir.
Bu isə bir sualı gündəmə gətirir: Rusiya Ermənistanı niyə cəzalandırmır?

Politoloq Natiq Miri mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandırıb.

– Natiq bəy, Rusiya Ermənistanı niyə cəzalandırmır?

– Rusiya Ermənistan hökumətinə qarşı etirazlar fonunda dəfələrlə buna cəhd edib. Yəni rusiyayönlü qüvvələrin birliyini təmin etməklə, əhalini küçələrə çıxarıb hökuməti devirməyə cəhd edib. Ancaq reallıq bundan ibarətdir ki, Nikol Paşinyanın hakimiyyətdə olduğu son 5 ildə erməni ictimaiyyətində anti-Rusiya ovqatı formalaşdıra bilib. Bu, əlbəttə ki, təkcə Paşinyan hökumətinin işi deyil. Burada Qərb institutları, QHT-lərin verdiyi külli miqdarda qrantlar da ciddi rol oynayıb. Ona görə də deyə bilərik ki, bu yöndə cəhdlər olub, sadəcə Rusiyanın buna gücü çatmayıb.

Digər tərəfdən, Rusiyanın açıq cəhdlərlə Paşinyan hakimiyyətini devirmək istəməsini də əsaslandırmağa ehtiyac var. Çünki Paşinyan hökuməti sözdə Rusiyanı ittiham etsə də, hələlik onun nüvəsi olan heç bir təşkilatdan imtina ilə bağlı rəsmi iddia ortaya qoymayıb. Yəni bu, nə hüquqi, nə də siyasi cəhətdən Rusiyaya zəmin yaratmır deyə, Rusiya da qeyri-rəsmi üsullarla onu devirməyə cəhd edirdi ki, hələlik buna nail ola bilməyib. Ayrıca Rusiyanın gözləntiləri də var. Düşünür ki, Ermənistan, nəhayət, Rusiyasız öz təhlükəsizliyini qoruya bilməyəcəyini anlayacaq. Eyni zamanda, bu məsələ təkcə hərbi yox, iqtisadi təhlükəsizlik fonunda da Ermənistana ciddi problemlər yaradacaq. Ona görə də birbaşa Rusiya rəhbərliyi səviyyəsində Ermənistan rəhbərliyinin ittihamını hələlik görmürük. Bu, aşağı səviyyədə, daha çox media səviyyəsində müzakirə mövzusu kimi ortaya çıxır.

– Ermənistan bundan artıq nə etməlidir ki, Rusiya onu cəzalandırsın?

– Əslində, Ermənistan öz öhdəliklərini tədricən icra etməyə başlayır. Doğrudur, bunu ehtiyatlı şəkildə edir. Bir tərəfdən özünün təhlükəsizliyi ilə əlaqədar ciddi təminatın olmadığı bir vəziyyətdə Rusiyanın orbitindən çıxmaqla bağlı hər hansı bir rəsmi iddia ortaya qoymur. Və paralel olaraq Rusiyanın nüvəsi sayılan qurumlarla da əməkdaşlıqdan demək olar ki, imtina edir. Əslində Ermənistanın Rusiyaya etdikləri ortadadır və Rusiya da bunu anlayır. Sadəcə, bunu hansı formada edəcəyi ilə bağlı problemlər yaşayır.

Hələlik, Rusiya açıq şəkildə hərbi müdaxilə, hərbi çevriliş məsələsini ortaya qoya bilmir. Çünki Ermənistanda təkcə Rusiya hərbi qüvvələri mövcud deyil. Bilirsiniz ki, zaman-zaman Ermənistan Qərb ölkələri ilə birgə hərbi təlimlər keçirir və bu fonda oraya gəlmiş xüsusi xidmət orqanlarının, hərbçilərin Ermənistanda qalması haqda informasiyalar mövcuddur. Yəni bütün bunlar Paşinyan hökumətini Rusiyadan sığortalamaq üçün edilib. Paralel olaraq Ermənistanda Avropa İttifaqının müşahidə missiyası var və bu missiyanın sayı getdikcə artırılır. Artıq Avropa İttifaqı ilə Ermənistan arasında növbəti saziş də imzalanıb. Bütün bunlarla yanaşı, həmin missiyanın silahlandırılması da gündəmdədir. Guya Ermənistanın təhlükəsizliyinə ciddi təhdid var və Azərbaycan yaxın günlərdə Ermənistana müdaxilə edəcək kimi fikirlər ortalığa atılır. Bundan sonra müşahidə missiyasının silahlandırılması kimi tədbirlər görürük. Bütün bunlar deməyə əsas verir ki, Paşinyan hökumətini devirmək o qədər də asan iş deyil.

– Demək olarmı ki, hazırkı proseslər elə Ermənistanın kiçikmiqyaslı cəzasıdır?

– Düşünmürəm ki, hazırkı proseslər Ermənistan üçün cəza sayılmalıdır. Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri tədricən icra etməkdədir və Rusiyanın orbitindən uzaqlaşmağa davam edir. Eyni zamanda, Rusiyanın orbitindən uzaqlaşmaqla yeni təhlükəsizlik sistemi qurmağa hazırlaşır. Artıq bununla əlaqədar Qərb ölkələrinin bir neçəsi ilə paralel danışıqlar aparılır ki, zamanında Ukrayna ilə olduğu kimi, Ermənistanla bağlı da zəmanət versinlər. Bu xüsusda İngiltərə, Fransa, ABŞ kimi ölkələrlə artıq ciddi danışıqlar prosesi başladılıb.
Eyni zamanda, fikir verirsinizsə, Avropa İttifaqı tərəfindən Gürcüstan Ermənistanla yaxınlaşdırılır, yeni bir konfiqurasiya qurmağa hazırlaşırlar. Gürcüstandan Ermənistan üçün gələn silahların buraxılmasına Ermənistan hökumətinin razı salınması da bu planın tərkib hissəsidir. Paralel olaraq Gürcüstan müdafiə nazirinin Ermənistana səfəri və əməkdaşlıq barədə razılaşmaların olması bunu bilavasitə ortaya qoyur.

– Yaxın gələcəkdə Ermənistanı da Ukraynanın, Gürcüstanın, Moldovanın aqibəti gözləyirmi?

– Açığı, Ermənistanın aqibəti hələlik həll olunmayıb. Çünki bir tərəfdə Rusiya, Azərbaycan, İran və Türkiyədən ibarət regional konfiqurasiya fəaliyyətdədir və biz gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsini müşahidə edə bilərik. Digər tərəfdən, Ermənistan kommunikasiya xətlərinin açılmasında hələ də əngəl rolunu oynayır və bu da onu gələcəkdə regional konfiqurasiyadan kənarda saxlaya bilər. Mənə elə gəlir ki, Ermənistan üçün ən böyük təhlükə elə budur. Çünki gələcəkdə region ölkələri ilə normal münasibət olmadığı təqdirdə, kənardan gələn heç bir güc mərkəzi Ermənistanın bütün sahələr üzrə təhlükəsizliyinə təminat verə bilməz. Ona görə də gələcək perspektiv baxımdan Ermənistanın vəziyyəti acınacaqlıdır. Bu mənada, düşünürəm ki, Ermənistanın aqibəti daha çox Ukrayna-Rusiya cəbhəsindəki nəticələrdən asılı olacaq. Əgər atəşkəs elan edilib, qısamüddətli olsa da, sülh danışıqları başlasa, bu, Rusiyaya hərbi resurslarını geri çəkməyə şərait yaradacaq. Və bu resursları gələcəkdə Ermənistan və digər ölkələr üçün istifadə etmək fürsəti yaranacaq. Ermənistan üçün real təhlükələr onda ortaya çıxacaq. Bu, bir perspektivdir, ancaq bu barədə qəti fikir bildirmək hələlik tezdir. Çünki Ukraynada sülh məsələsi aktual olsa da, anlamaq lazımdır ki, Ukraynanın məğlubiyyəti bütünlükdə Avroatlantik məkanın, NATO-nun məğlubiyyəti deməkdir. Bu mənada düşünürəm ki, hələlik bu barədə danışmaq tezdir. Ancaq bu da bir ehtimaldır.

Mərahim Nəsib,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*