Rusiya Qarabağda müşahidə missiyası formatında fəaliyyətini davam etdirə bilər – Korotçenkobackend

Rusiya Qarabağda müşahidə missiyası formatında fəaliyyətini davam etdirə bilər - Korotçenko

“Azərbaycanın Qarabağ regionundakı Rusiya sülhməramlılarının formatı dəyişə bilər. Ola bilsin ki, Rusiya Qarabağda müşahidə missiyası formatında fəaliyyətini davam etdirsin”.

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko bildirib.

“Qarabağ münaqişəsinin bitməsindən sonra Cənubi Qafqazın inkişafı” adlı rusiyalı və azərbaycanlı ekspertlərin iştirakı ilə keçirilən onlayn formatda dəyirmi masada çıxış edən Korotçenko Azərbaycanın hərbi qələbəsinin regionda yeni geosiyasi reallıq yaratdığını qeyd edib: “Cənubi Qafqazda son üç ildə baş verən hadisələrin, 27 sentyabr 2020-ci il İkinci Qarabağ müharibəsinin və 19-20 sentyabr Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri keçirməsinin yekununda regionda yeni geosiyasi reallıq yaranıb. Bu reallıq ondan ibarətdir ki, Azərbaycan “de-fakto” və “de-yure” öz ərazi bütövlüyünü bərpa edib. Bu reallıq həqiqətən də regionun gələcək inkişafı baxımından yeni anlayış tələb edir. Burada söhbət regiondakı hadisələrin bundan sonra necə cərəyan edəcəyindən, əsas tərəflərin maraqlarının nədən ibarət olacağından və Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrə dair gələcək formatların necə ola biləcəyindən gedir. Hər şeydən öncə qeyd etmək lazımdır ki, Azərbaycanın bütün fəaliyyəti beynəlxalq hüquqa uyğun olub. Ona görə də, hazırkı vaxtda bu və ya digər ölkələrin, güc mərkəzlərinin Azərbaycana təzyiq etmək, onun həyata keçirdiyi tədbirlərin legitimliyini şübhə altına almaq cəhdləri tamamilə qanunsuzdur. Biz görürük ki, heç də bütün ölkələr və güc mərkəzləri regionda baş verən dəyişiklərə sevinmir. Biz rəsmi İrəvanın olduqca ziddiyyətli və ikiüzlü mövqeyini müşahidə edirik, hansı ki, bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən isə xarici oyunçuları təsir qüvvəsi kimi regiona cəlb etməyə cəhd edir. Destruktiv mövqeli ölkə kimi Fransanı görürük, hansı ki, sadəcə Ermənistanı dəstəkləməklə kifayətlənmir, Cənubi Qafqazda sülh prosesini tormozlamağa səy göstərir”.

O qeyd edib ki, bu fonda Rusiya regionda sakit, ölçülü və əmin mövqe sərgiləyir.

“Müəyyən qüvvələrin Moskva ilə Bakının arasını vurmaq cəhdlərinə baxmayaraq, bu cəhdlər uğursuzluğa düçar oldu”, – Korotçenko vurğulayıb.

Hərbi ekspert hesab edir ki, Cənubi Qafqaz regionunda xarici hərbi kontingentlərin yerləşdirilməsini istisna etmək lazımdır. Onun sözlərinə görə, regiondan kənar oyunçuların Cənubi Qafqazda hərbi kontingentinin yerləşdirilməsinə imkan verilməməlidir: “Bizə Avropa İttifaqının, ya da NATO-nun saxta sülhməramlı kontingentləri lazım deyil. Üstəlik, onların regionda hərbi mövcudluğu üçün hüquqi baza da mövcud deyil. Ona görə ki, Qarabağ Azərbaycandır və oradakı bütün məsələlər istisnasız olaraq Azərbaycanın qanunvericiliyi əsasında nizamlanacaq. Bizə nə Avropa İttifaqının, nə də Qərbin digər hərbi-siyasi təşkilatlarının müşahidə missiyası lazımdır. Çünki çox yaxşı başa düşürük ki, diplomat pərdəsi altında regionda Qərbin aparıcı strukturlarının professional kəşfiyyatçıları işləyirlər. Onların məqsədi regionda vəziyyəti qeyri-sabitləşdirməkdir”.

Korotçenkonun fikrincə, digər vacib məsələ Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasıdır.

“Zəngəzur nəqliyyat dəhlizinin açılması məsələsi məşhur 10 noyabr 2020-ci tarixli üçtərəfli bəyanatın 9-cu bəndində də qeyd olunub, həmin sənədə Ermənistan Baş naziri Nikol Paşinyan da imza atıb. Bu gün isə İrəvan bu bəndi icra etməkdən qəti boyun qaçırır. Əlbəttə ki, ən başlıcası Rusiya sülhməramlı kontingentinin taleyidir. Bu, artıq Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin məsələsidir. Ona görə ki, Qarabağ Azərbaycan ərazisidir və burada Rusiya sülhməramlı kontingentinin mövcudluğu bundan sonra ikitərəfli razılaşma əsasında nizamlanacaq. Sülhməramlıların fəaliyyəti ilə bağlı müxtəlif variantlar ola bilər. Düşünürəm ki, bu prinsipial məsələ Qırğızıstanda Rusiya və Azərbaycan prezidentlərinin görüşündə müzakirə olunacaq. Təxmin etmək olar ki, sülhməramlıların formatı dəyişsin. Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesində sülhməramlıların nümayəndəsinin iştirakı mümkündür. Ola bilər ki, bu müşahidə missiyası formatında olsun. Düşünürəm ki, bütün bu məsələlər prinsipialdır”, – rusiyalı hərbi ekspert fikrini yekunlaşdırıb.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*