Bakı və Moskva ortaq məxrəc axtarışında; Kremldə bu gün reallaşacaq kritik görüşdən mühüm gözlənti; Azərbaycan “miatsum” ideyasının “ikinci nəfəs” qazanmasına imkan verməyəcək!..
Fevralın 20-də Qarabağda erməni radikal separatizminin baş qaldırmasından 34 il keçdi. Bununla bağlı “Şeytan yuvası” Xankəndindən tutmuş, Ermənistanın iqtidarı və müxalifətinədək verilən bəyanatlar mahiyyət etibarilə aşağı-yuxarı ciddi fərqlənmədi. Bir daha aydın oldu ki, özünü arada “sülh göyərçini” kimi göstərməyə çalışan Nikol Paşinyan hökuməti və onun XİN-i də daxil olmaqla, erməni siyasi kəsimi 44 günlük müharibədəki rüsvayçı məğlubiyyətdən, kapitulyasiyadan hələ də dərs götürməyib.
Xüsusi diqqət çəkən məqam separatçı hərəkatı “dirçəliş” kimi qiymətləndirən rəsmi İrəvanın qızışdırıcı mövqeyidir. Məsələn, Paşinyanın müraciətində deyilir: “Bu gün ”artsax” yaralansa da, sınmayıb. Bizim işimiz “artsax” ermənilərinin hüquqlarını qorumaq və onların beynəlxalq səviyyədə tanınmasına yönəlib”.
Ermənistan XİN də üzdəniraq “dirçəliş hərəkatı”nın ildönümü ilə bağlı oxşar mövqe sərgiləyib: “34 il sonra, Azərbaycan SSR-in amansız qırğınları, iki dəfə qanlı müharibə olmasına baxmayaraq, Ermənistan və ”artsax” milli hədəflər, dövlətçilik, suverenlik, erməni haqları və beynəlxalq tanınma istiqamətində birgə olmağa davam edir”.
Azərbaycan XİN-in bütün bu sərsəmləmələrə reaksiyası təbii ki, gecikməyib.
Sitat: “Ermənistan XİN-in ”dirçəliş” kimi qiymətləndirdiyi aqressiv separatçılıq bölgədə onilliklər ərzində davam edən genişmiqyaslı fəlakətə gətirib çıxarıb. Bu vəziyyət bölgənin uzun illər ərzində sülh və təhlükəsizlik şəraitində inkişafına ciddi əngəl törədib. Hazırda regionda beynəlxalq hüququn bərqərar olduğu və iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində cəhdlərin edildiyi bir vaxtda Ermənistan XİN-in xalqlararası nifaqı təşviq edən bəyanatla çıxış etməsi bir yandan bu ölkənin məsuliyyətsiz davranışını, digər yandan isə baş verən son hadisələrdən hələ də dərs çıxarmadığını göstərir. Ermənistan XİN-in nəzərinə çatdırırıq ki, belə bir destruktiv yanaşmanın heç bir gələcəyi yoxdur”.
Paradoks ondadır ki, beynəlxalq hüquqa açıq saymazlıq göstərməyə davam edən rəsmi İrəvan hazırkı destruktiv yanaşma fonunda riyakarcasına ədalətli sülhün tərəfdarı olduğunu söyləyir, “dəvəquşu siyasəti” aparır. Bu da növbəti fakt.
Dünən məlum olub ki, Ermənistan parlamentindəki hakim çoxluq (Paşinyanın fraksiyası) radikal müxalifətin Şuşa Bəyannaməsi ilə bağlı fitnəkar qətnamə layihəsinin gündəliyə salınmasına imkan verməyəcəyini bəyan edib. Bunu da onunla izah edib ki, “Ermənistan XİN artıq iki dəfə Şuşa Bəyannaməsi ilə bağlı mövqe bildirib və oradakı tezislər müxalifətin sənəd layihəsindəki tezislərdən fərqlənmir”.
İlk baxışda sülhpərvərliyə oxşayır. Reallıqda isə…
Yada salaq: Ermənistan XİN o vaxt Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın azərbaycanlı həmkarı İlham Əliyevlə birgə “qədim artsax şəhəri Şuşiyə” səfərini pisləmiş, imzalanan sənədi isə “regionda sülhə zərbə kimi” qiymətləndirmişdi. Az qala, belə çıxmışdı ki, Ərdoğan Şuşaya getmək üçün İrəvandan icazə almalı imiş!..
Şübhəsiz, Ermənistan hökumətinin günü bu gün də separatizmə davam edən bu cür açıq dəstəyinin, ölkəmizə qarşı ərazi iddiasının nəticəsidir ki, Qarabağ anklavında separatçı kriminal elementlər yenidən baş qaldırmağa başlayıblar. Artıq məlumdur ki, orada “İşğal altındakı ərazilər” haqda ölkəmizə qarşı terrorçuluğu təşviq edən “qanun” qəbul edilib. Bu həftədən etibarən isə anklavda “hərbi təlimlər” planlaşdırılır.
Azərbaycana qarşı bu qəbildən demarşlar əlbəttə ki, cavabsız qalmayacaq, Bakı səbirlə öz kontr-tədbirlərini görəcək. Böyük ehtimalla, separatçıların əsas himayədarı Rusiyanı xəbərdar eləmək və ya onu fakt qarşısında qoymaqla.
Söz düşmüşkən, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü gözlənilir. Bu barədə “Rossiya 1″ kanalında ”Moskva. Kreml. Putin” verilişində bildirilib. Məlumatda deyilir ki, həftə ərzində xarici liderlərin Rusiyaya mühüm səfərləri davam edəcək və onlardan biri də Azərbaycanın dövlət başçısıdır.
İki prezident Ukrayna mövzusunun müzakirəsi ilə yanaşı, sözsüz ki, ikitərəfli münasibətlərdəki aktual mövzulara da toxunacaqlar. Ümid edək ki, Bakı və Moskva bir daha saat əqrəblərini tutuşdurucaq və nəticə etibarilə bölgədə Rusiyanın sülhməramlı missiyasından sui-istifadə edərək təzədən baş qaldırmaqda olan separatçı ünsürlərlə bağlı ortaq məxrəcə gəlinəcək; 10 noyabr kapitulyasiya aktının 4-cü bəndi nəhayət işə düşəcək. Hansı sənəddə ki, V.Putinin də imzası durur və anlaşmaya görə (4-cü bənd), erməni qanunsuz silahlı dəstələri Qarabağı çoxdan tərk eləməli və ya tərk-silah olunmalı idilər.
Əks təqdirdə, Azərbaycan nə edəcəyini bilir. Biz imkan verə bilmərik ki, 34 il öncə bütün regiona fəlakət gətirmiş dağıdıcı hərəkat yenə bənzər qiyafədə boy göstərsin. Qarabağda erməni aqressiv separatçılığının və silahlı birləşmələrinin kökü birdəfəlik kəsilməlidir. Azərbaycan xalqı və dövləti imkan verə bilməz ki, “miatsum” ideyası “ikinci nəfəs” qazansın.
Bundan ötrü isə oradakı qanunsuz silahlı dəstələr tezliklə neytral hala gətirilməlidir. Rusiya bunu qansız-qadasız edə bilər. Çünki separatçı ünsürlər, bütövlükdə erməni tərəfi indi heç vaxt olmadığı qədər Moskvadan, onun iradəsindən asılı vəziyyətdədir…
“Erməni separatçılarının Rusiya sülhməramlılarının Qarabağdakı məsuliyyət zonasında elan etdiyi istənilən təlim 10 noyabr 2020-ci il tarixli sazişlərin kobud şəkildə pozulmasıdır, hansı ki, regionun hərbsizləşdirilməsini nəzərdə tutur”.
KONKRET.az-ın məlumatına görə, bunu Minval.az-a müsahibəsində Moskvadakı Siyasi Araşdırmalar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov deyib.
Onun qənaətincə, Ermənistan və separatçıların hərəkətləri ona gətirə bilər ki, Rusiya 2-3 ildən sonra Azərbaycanın erməni tərəfinin qeyri-konstruktiv davranışı üzündən sülhməramlıların müddətini növbəti dəfə uzatmayacağını anlayacaq: “Bu, o deməkdir ki, Rusiya sülhməramlıları, sadəcə olaraq, regionu tərk etməli olacaqlar. Amma Azərbaycan və Ermənistan ordularının qüvvələr nisbəti nəzərə alınarsa, o zaman erməni əhalisinin Qarabağdan kütləvi köçü baş verəcək və Azərbaycan Ordusu sakitcə boş əraziləri tutacaq. Ermənistan tərəfinin razılaşmaları yerinə yetirməməsinin ən bariz nəticəsi bu olacaq”.
Politoloqun sözlərinə görə, Rusiya günün birində İrəvana, sadəcə, şərtləri göstərəcək və deyəcək: “Zəhmət çəkin, bunlara əməl edin, əgər etmək istəmirsinizsə, öz işinizdir, onda Azərbaycan müqaviləni uzatmayacaq və Rusiya regionu tərk edəcək. Təxminən belə bir söhbət olacaq”, – deyə Markov vurğulayıb.
Ekspertin fikrincə, belə perspektivə yalnız Rusiyada “ermənilərin müdafiəsi” yönündə başlanacaq hansısa hərəkat və ya Ankara ilə Moskvanın mövqelərinin fərqləndiyi bölgələrdə Rusiya ilə Türkiyə arasında qəfil münaqişə təsir edə bilər. “Lakin Azərbaycan rəhbərliyi bütün bunları çox gözəl anlayır. Ona görə də mənim qeyri-konstruktiv Ermənistan tərəfi ilə bağlı proqnozum dəyişməz qalır”, – Markov əlavə edib.
Köhnə “havaya” girən erməni tərəfi isə yenə odla oynayır…
P.S. Yazı İlham Əliyevin Rusiyaya rəsmi səfər proqramının açıqlamasından öncə hazırlanıb.
/musavat.com/