Rusiyanın hərbi-siyasi rəhbərliyini mühakimə edəcək Beynəlxalq Xüsusi Tribunalın 2024-cü ilin sonuna qədər yaradılması gözlənilir.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının ədliyyə üzrə komissarı Didye Reynders məlumat verib.
Onun sözlərinə görə, iki əsas variant nəzərdən keçirilir: “Çoxtərəfli sazişə əsaslanan beynəlxalq tribunal və ya Ukrayna ilə Avropa Şurası arasında ikitərəfli razılaşma əsasında sadələşdirilmiş həll yolu”.
Reynders qeyd edib ki, tribunalın yaradılması son mərhələdədir: “Növbəti addım siyasi iradə məsələsidir. İndi ilin əvvəlidir və ilin sonuna qədər bu, mümkün olacaq”.
Xatırladaq ki, bu yaxınlarda Niderlandda “Ukrayna üçün ədalətin bərpası” konfransı keçirilib və 44 ölkənin nümayəndələri Rusiya rəhbərliyini Ukraynaya qarşı cinayətlərə görə məsuliyyətə cəlb etmək üçün xüsusi tribunalın yaradılması təklifini dəstəkləyiblər.
Ukrayna Baş Prokurorluğu iddia edir ki, hazırda rus əsgərlərinin törətdiyi 100 mindən çox hərbi cinayəti sübut etməyə hazırdır.
Xatirə SADİQ,
KONKRET.az