“Rusiya sülhməramlıları bizim ərazilərimizdə faktiki idarəçiliklə məşğuldurlar” – MÜSAHİBƏbackend

"Rusiya sülhməramlıları bizim ərazilərimizdə faktiki idarəçiliklə məşğuldurlar" - MÜSAHİBƏ

Sabiq deputat, AMİP lideri Etibar Məmmədov hazırda gündəmin əsas mövzusu olan əsas siyasi proseslərlə bağlı KONKRET.az-ın suallarını cavablandırıb:

Müsahibəni təqdim edirik:

  • Etibar bəy, Azərbaycanda bəzi siyasətçilər, müxalifət funksionerləri iddia edirlər ki, Qazaxıstandakı hadisələr Azərbaycanda da təkrarlana bilər. Həta iki ölkə arasında müxtəlif müyaqisələr də aparılır. Bu tip iddialar reallığa nə dərəcədə uyğundur.

Yanaşma yanlışdır. Ümumiyyətlə, Qazaxıstandakı proseslər Azərbaycanda niyə təkrarlanmalıdır ki!? Birincisi, Qazaxıstandakı yaşam şərtləri Azərbaycandakı yaşam şərtlərindən yaxşı deyildi. İkincisi, bu cür arzuolunmaz hadisələr indiyə qədər Qazaxıstanda bir neçə dəfə baş verib. İndi baş verənlər də növbəti hadisələrdir. Sadəcə əvvəlkilərdən fərqli olaraq, bu dəfə silahlı toqquşmalar baş verdi, etirazçıların içərisinə təxribatçılar qatıldı, bundan sonra destruktiv elementlər də prosesə qoşuldu. Nəticədə böyük dağıntılar baş vermiş oldu. Bunu başqa cür qiymətləndirməyə cəhd etdilər ki, etirazçılar terroristlərdir və kənardan ölkəyə ciddi müdaxilə olunub və s. Bunların hamısı boş şeylərdir. Bütün bunlar hakimiyyətdaxili mübarizənin nəticəsi idi. Özləri ölkəni qarışdırmaq istədilər və nəticədə bundan da istifadə edənlər oldu. Azərbaycan isə heç bir hərbi ittifaqın üzvü deyil ki, kimsə bura dəvət olunsun.

  • Dünən Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Rusiya sülhməramlılarını sərt şəkildə tənqid etdi. Sülhməramlılar niyə öz işləriilə məşğul olmurlar?

– İlham Əliyev düzgün eləyir. Çünki Rusiya sülhməramlıları öz funksiyalarına aid olmayan işlərlə məşğul olurlar. Sülhməramlıların konkret hansı missiya ilə məşğul olduğu birdəfəlik aydınlaşdırılmalıdır. Rus sülhməramlılarının hansı işləri görəcəyi ilə bağlı çərçivə müəyyənləşdirilmədir. Onlar da bu çərçivədən kənara çıxmamalıdırlar. Ümumilikdə, sülhməramlılar tərəflər arasında hərbi toqquşmanın baş verməməsi üçün ordadırlar. Başqa işlərə qarışmamalıdırlar. Ancaq görünən budur ki, bizim ərazilərimizdə faktiki idarəçiliklə məşğuldurlar. Bu da Azərbaycan qanunlarının və suverenliyinin pozulmasıdır.

– Qazaxıstandakı hadisələr fonunda Azərbaycanın Avrasiya İttifaqına üzv olması ilə bağlı məsələlər də məqsədli şəkildə ortaya atılıb. Bir müddət əvvəl Nazarbayev də Azərbaycanı bu quruma müşahidəçi üzv kimi dəvət etmişdi. Bu haqda nə deyə bilərsiniz?

– Avrasiya İttifaqı iqtsiadi cəhətdən geridə qalmış ölkələrin iqtisadi birliyidir. Avrasiya İttifaqına üzv olmaq Azərbaycana heç bir xeyir gətirməz. Azərbaycan hər hansı ittifaqa dəvət olunursa, onun faydası hesablanmalıdır. Yox əgər heç bir faydası yoxdursa, hər hansı ittifaqa üzv olmaq mənasız işdir. Bu, Azərbaycan üçün heç bir perspektiv vəd etmir.

  • Azərbaycan xarici siyasətində bundan sonra hansı kursu götürməlidir?

– İndiki kurs davam etməlidir. Azərbaycan heç bir hərbi ittifaqa qoşulmamalıdır. Ölkəmiz qoşulmama siyasətini davam etdirməlidir. Heç kəsə də imkan verməməlidir ki, Azərbaycanın daxili işlərinə qarışsın.

Ənvər Şüküroğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*