Rusiya Tacikistanın əli ilə Turan dünyasını darmadağın etmək niyyətindədir – Putinin “Rahmon GEDİŞİ”backend

Rusiya Tacikistanın əli ilə Turan dünyasını darmadağın etmək niyyətindədir - Putinin "Rahmon GEDİŞİ"

Rusiya-Mərkəzi Asiya formatında dövlət başçılarının sammitində Tacikistan prezidenti Emoməli Rəhmon Kremlə ciddi xəbərdarlıq etdi: “Region ölkələrinə “sovet respublikaları” kimi baxmaq olmaz” – Rahmon Putinə xitabən məhz belə dedi. Putin isə təbii ki, bu sözün altında qalmaq istəmədi. SSRİ-nin həmin respublikalara milli dillərində kitablar nəşr etdirməyə imkan yaratdığını, eləcə də onların mədəniyyətinin və iqtisadiyyatının inkişafına töhfə verdiyini xatırlatdı.  Amma söhbət Rəhmonun xəbərdarlığından və ya Putinin buna cavabından getmir. Əslində sual başqadır. Necə olur ki, Rusiyaya borclu bir dövlətin rəhbəri bu cür bəyanatlar səsləndirir və hətta xəbərdarlıq edir?

Mövzu ilə bağlı rusiyalı politoloq  İqor Mayski KONKRET.az-a açıqlama verib:

Rusiyanın Mərkəzi Asiyada mövqeləri zəifləyib

“Mərkəzi Asiyanın müasir dövlətləri, istər Tacikistan, istərsə də digər  respublikalar Sovet İttifaqına və bütövlükdə Rusiyaya borcludur. Əgər sovet dövrünü çoxəsrlik Rusiya tarixinin mərhələlərindən yalnız biri kimi qəbul etsək, o zaman sözügedən respublikalar mövcudluqları da daxil hər şeyə görə Rusiyaya minnətdar olmalıdırlar. Rusiyanın bölgəni işğal etməsindən əvvəl mövcud olan əmirliklər və xanlıqlar konkret sülalələrin feodal mülkləri idi. Onlar bölgə xalqlarının nə milli sərhədlərini, nə də etnik kimliyini nəzərə almırdı. SSRİ Orta Asiyaya müttəfiq respublikalar formasında olsa da dövlətçilik verdi. 1920-ci illərin əvvəllərində praktiki olaraq orta əsrlər səviyyəsində dayanan iqtisadiyyatlarını sıfırdan qurdu və Orta Asiya xalqlarının müasir mədəniyyətlərini yaratdı. İndi Mərkəzi Asiyanın millətçi elitaları bunu dilə gətirməməyə üstünlük verirlər, lakin rus-sovet hökmranlığının xəyali zərərini tamamilə Ukrayna və ya Baltikyanı ölkələrin ruhuna uyğun hesablayırlar. Mərkəzi Asiyada son bir neçə ildə Rusiyanın təsiri çox sürətlə azalır. Region ölkələri kiril əlifbasından imtina edərək latın əlifbasına keçirlər, rus məktəblərini bağlayır, mədəniyyətdə və məktəbdə rusofobiyanın təbliğatını aparırlar.

Siyasi baxımdan Rusiyanın təsirinin zəifləməsi Ukraynadakı münaqişə ilə bağlı situasiyada açıq şəkildə özünü büruzə verir. Qazaxıstan demək olar ki, açıq şəkildə anti-Rusiya mövqeyi tutur, digər respublikaların davranışı da ondan fərqlənmir. Eyni zamanda, Tacikistan da daxil olmaqla digər region ölkələri Rusiyadan çox yüksək iqtisadi asılılıq vəziyyətindədirlər. Söhbət təkcə maddi yardımdan yox, həmçinin  miqrasiya məsələsindən gedir”.

Əmək qabiliyyətli taciklərin yarısı Rusiyadadır

“Rusiya Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, 2021-ci ildə ölkədə 2,25 milyon Tacikistan vətəndaşı yaşayıb. Qeyd edək ki, bu rəqəmdə respublikadan gələn mühacirlər, artıq Rusiya pasportu əldə edən etnik taciklər nəzərə alınmır. 2022-ci ildə isə sözügedən statistika daha da artıb. Belə ki,  təkcə ilin ikinci rübündə respublikadan Rusiyaya 400 mindən çox əmək miqrantı daxil olub. Tacikistanın özündə rəsmi olaraq 9,3 milyon insan yaşayır. Üstəlik onların böyük əksəriyyətini qocalar, uşaqlar və qadınlar təşkil edir. Belə çıxır ki, Tacikistanın əmək qabiliyyətli əhalisinin demək olar ki, yarısı Rusiyaya köçüb. Əslində, Rusiya taciklər üçün əsas iş yerinə çevrilib. Tacikistan isə taciklər üçün  “köhnə valideyn evi” kimi bir şeydir. Aydındır ki, respublikada qalan taciklər əsasən Rusiyadan gələn pul köçürmələri hesabına yaşayırlar. Köçürmələr olmasa, Tacikistanda sosial-iqtisadi vəziyyət bir anda pozulacaq. Çünki ölkə Rusiyanın tikinti sahələri və bazarları üçün aşağı ixtisaslı işçi qüvvəsi təchizatçısına çevrilib. Bu, ölkədə mövcud olan hakimiyyətin əsas “nailiyyəti”dir”.

Rusiyadan başqa alternativ yoxdur

“Maraqlıdır ki, cənab Rəhmon özü də bu qədər uzun müddətdir ki, sırf Rusiyanın sayəsində vəzifədədir. Bir vaxtlar rus sərhədçiləri və motoatıcıları qonşu Əfqanıstandan Tacikistana qaçan silahlı dəstələri saxlayıblar. Daha sonra rus süngülərinin etibarlı müdafiəsi altında o vaxt hələ Rəhmonov olan Emoməli Rəhmon ölkədə vəziyyəti nisbətən sabitləşdirməyə və dövlət institutları yaratmağa nail olub. Amma Orta Asiyada Rusiyanın mövcudluğu olmasa, bu baş verməyəcəkdi.

Çünki Qərbə Mərkəzi Asiya elitaları kimi postsovet qalıqları lazım deyil. Heç kim Rəhmonu və ya onun xələflərini uzun müddət maliyyələşdirməyəcək və dəstəkləməyəcək. Qərb konkret vəziyyətdən asılı olaraq öz liderlərini, gənc “hüquq müdafiəçiləri”ni və ya saqqallı səhra komandirlərini yetişdirir. Qonşu Əfqanıstandan olan “qardaşlara” və radikal İslamın beynəlxalq strukturlarına gəlincə, onlar Mərkəzi Asiyanın dünyəvi elitalarını düşmən kimi qəbul edir. İstənilən fürsətdə onları nəinki qovmağa, həm də fiziki cəhətdən məhv etməyəhazırdırlar. Emoməli Rahmon isə yanlış istiqamət götürsə və Rusiyadan uzaqlaşmağa davam etsə, o zaman daha dəhşətli hadisələr baş verə bilər. Yeganə ümid Çindir. Lakin Pekində Moskvadan fərqli olaraq milli respublikalara sovet yanaşmasını bölüşmürlər. Heç kim boş yerə belə pul verməyəcək, Çinə isə tacik işçiləri lazım deyil, onların sayı kifayət qədərdir. Tacikistansız Rusiya birtəhər yaşayacaq, lakin Kremlsiz mümkün deyil”.

“Radikal İslam Mərkəzi Asiya ölkələrində fəal şəkildə yayılır. Radikallarının beynəlxalq qrupları isə sözün əsl mənasında Amerika və Britaniya agentləri ilə doldurulub və Qərb tərəfindən tez-tez öz maraqları üçün istifadə edilir. Bu, 2009-cu ildən bəri belədir. Əfqanıstan və Çeçenistandakı müharibələri buna misal göstərmək mümkündür. Ona görə də Rusiya indiki vəziyyətdə çoxlu sayda miqrantı ölkəyə buraxmaqla milli təhlükəsizlik üçün lazımsız risklər yaradır. Miqrasiya tolerantlığının necə sona çatdığını hamımız Belqorod vilayətində Orta Asiyadan olan mühacirlərin rus könüllülərinə atəş açdığı poliqonda gördük. Amma onlar da rus ordusunda xidmət edirdilər. Deməli, Tacikistan prezidenti Rəhmon haqlıdır, bəlkə də Rusiya rəhbərliyi sovet səhvlərini təkrarlamamalıdır. Əgər respublika istənilən vəziyyətdə Rusiyanın əsl müttəfiqi olmağa hazır deyilsə, o zaman Moskva münasibətlərə yenidən baxmalıdır. Lazım olan yerdə maliyyə köçürmələrini azaltmaq, miqrasiya axını imkanlarını kəsmək, bank köçürmələri və nəqliyyat əlaqələrini bir neçə aylıq bloklamaq mümkündür. Bu zaman Samani imperiyasının varisləri oyunun qaydalarını başa düşəcəklər” – rusiyalı politoloq fikirlərini tamamlayıb.

Qeyd edək ki, Rusiya Orta Asiya ölkələrinin, dolayısı ilə Türk respublikalarının birləşmək ehtimalından ciddi narahatlıq keçirir. Elə bu səbəbdəndir ki, Kreml Türk respublikalarını qarışdırmaq və Turan ideyasının gerçəkləşməsinin qarşısını almaq üçün Emoməli Rəhmon faktorundan, onun Putinə xəbərdarlığından istifadə etməyə çalışır. Ancaq başı Ukrayna ilə döyüşlərə və Qərblə “soyuq müharibə”yə qarışan Rusiyanın Orta Asiyaya diqqəti azalıb və Putin bu səbəbdəndir ki, Tacikistan liderinin fikirlərini anlamayacaq qədər dalana dirənib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*