Rusiya-Türkiyə münasibətləri TƏHLÜKƏDƏ: “Tanker” məsələsi böyüyür -TƏXRİBAT İZİbackend

Rusiya-Türkiyə münasibətləri TƏHLÜKƏDƏ: "Tanker" məsələsi böyüyür -TƏXRİBAT İZİ

Ukrayna–Rusiya müharibəsinin ən gərgin dönəmlərindən birində Qara dəniz akvatoriyasında təhlükəli insident yaşanıb. Rusiyaya məxsus pilotsuz uçuş aparatı Ukraynanın İzmail sahillərində Türkiyə bayrağı altında üzən qaz tankerini hədəfə alıb. Hadisə regionda onsuz da həssas olan balansı yenidən gündəmə gətirib:

Bu zərbə Ankara–Moskva münasibətlərinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı insidentin iki ölkə arasındakı strateji əlaqələri sarsıtmayacağını düşünür. Onun sözlərinə görə, son günlər Türkiyə və Azərbaycanın Rusiya ilə münasibətlərinin pozulmasını istəyən müəyyən güclərin aktivləşdiyi görünür.

Cavanşir Abbaslı

Ekspert xatırladıb ki, Azərbaycanın Kiyevdəki səfirliyinin yaxınlığına raket düşməsi, eləcə də bu ilin avqustunda SOCAR-ın Odessadakı obyektlərinə endirilən zərbələr də təxribat xarakteri daşıyır.

Cavanşir Abbaslının fikrincə, Rusiya hazırkı şəraitdə – Ukrayna ilə ağır müharibə davam etdiyi bir vaxtda, Türkiyə bayrağı altında üzən tankeri qəsdən hədəf almaz:

“Rusiya və Türkiyə bir-birinin ən yaxın əməkdaşlıq etdiyi ölkələr sırasındadır. Kremlin bu münasibətləri korlamağa marağı yoxdur. Ona görə də bu hadisənin təsadüfi xarakter daşıdığı ehtimalı daha real görünür”.

Siyasi şərhçi hesab edir ki, Ankara insidentə məhz bu cür yanaşacaq və məsələ tərəflər arasında gərginliyə səbəb olmayacaq:

“Necə ki, illər əvvəlki təyyarə böhranı sonradan dialoqla həll edildi, indi də münasibətlər əvvəlki axarında davam edəcək”.

Ekspert həmçinin qeyd edib ki, Gürcüstan üzərində Türkiyəyə məxsus təyyarənin vurulması və 20 hərbiçinin şəhid olması fonunda bu insidentin yaşanması narahatlıq yaratsa da, bunun Türkiyə–Rusiya əlaqələrində dönüş nöqtəsi olmayacağı gözlənilir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*