“Rusiya Ukraynada bitir, Ermənistan isə Fransa və İranın güdazına gedir” – Regionun mənzərəsi DƏYİŞİRbackend

“Rusiya Ukraynada bitir, Ermənistan isə Fransa və İranın güdazına gedir” – Regionun mənzərəsi DƏYİŞİR

“Ermənistanın atdığı bütün addımları analiz edərkən, əvvəlcə bu dövlətin yaranma tarixinə və səbəblərinə nəzər salmaq lazımdır. Bilirsiniz ki, tarixən türk torpaqları olan bugünkü Ermənistan ərazisində bu qondarma dövlət türk toplumlarına qarşı istifadə olunmaq üçün yaradılmış, zaman-zaman da bizə qarşı Rusiya, İran və bir sıra beynəlxalq güclər tərəfindən istifadə olunmuşdur”.

Bunu KONKRET.az-a açıqlamasında Azərbaycan Bütövlük Platformasının sədri Bəhram İsmayıl deyib.


Onun sözlərinə görə, “Az qala 300 il davam edən türk-rus müharibələrindən və Rüsiyanın Cənubi Qafqazı işgal etməsindən sonra yaradılan bu dövlət heç vaxt müstəqil siyasət yürütməmiş, asılı olduğu güclərin geopolitik maraqlarını yerinə yetirmişdir. Ona görə də Ermənistanın aktivləşməsinin səbəblərini anlamaq üçün onu himayə edən və ondan istifadə edən güclərin maraqlarına diqqət etmək lazımdır.

Məsələ burasındadır ki, Rusiya öz imperiya maraqlarını həyata keçirmək və keçmiş sovet respublikalarında təsir dairəsini yenidən, tam bərpa etmək üçün Cənubi Qafqazda, Dnestryanı bölgədə, Orta Asiyada zaman-zaman münaqisə ocaqları yaradıb və guya bu problemləri həll etmək üçün ordusundan istifadə etməklə sadaladığımız bölgələrdə təsir gücünü qoruyur, artırırdı.

Dünya isə Rusiyanın bu aqressiyasını sükutla qarşılayırdı. İstər Krımın isğalına, istərsə də Osetiya, Abxaziya və Ukrayna ərazilərində qondarma dövlət qurumlarının yaradılmasına ciddi müqavimət görməyən Rusiya həvəslənərək keçmiş SSRİ-ni fərqli formatda bərpa etmək niyyətinə düşdü və bu prosesi ilk olaraq Ukraynanı tam nəzarətə götürməklə başlamaq istədi.

Lakin proses Rusiyanın istədiyinin əksinə oldu. Həm Ukrayna xalqının Rusiyaya və onun işğalına dirənişi, həm də beynəlxalq aləmin Rusiyaya dur deməsi Moskvanı böyük ölçüdə dayandırdı və Rusiya bu gün Ukrayna bataqlığına qərq olmaqdadır.

Bu gün Ukraynada Qərb dövlətlərinin Rusiya ilə apardığı savaş bütün dünyada, o cümlədən bizim bölgədə geopolitik situasiyanı kökündən dəyişdirdi və dünyanın iki fövqəlgücündən biri olan Rusiyanın bütün dünyada olduğu kimi, bizim bölgədə də təsir dairəsi ciddi şəkildə zəifləməyə başladı. Eyni zamanda, Azərbaycanın 3 il əvvəl işğal altında olan ərazilərini azad etməsi yeni reallıq yaratdı.

Bununla da Cənubi Qafqazda öz varlığını ortaya qoymaq üçün beynəlxalq güclər arasında diplomatik savaş başlandı. Təbii ki, Rusiya bölgədən çəkilmək niyyətində deyil. ABŞ və Fransa isə Ermənistandan istifadə edərək Cənubi Qafqaza soxulmağa cəhd edir. Çünki Azərbaycan müstəqil siyasət yeritməklə bütün strateji addımlarını Türkiyə ilə uzlaşdırır.

Gürcüstan 2008-ci ildə beynəlxalq güclərin onu Rusiya qarşısında tək qoymasını unutmur və hər zaman olduğu kimi, imperialist güclər oyuncaq erməni dövlətini bir maşa olaraq istifadə edir.

Amerika isə Rusiyanı Cənubi Qafqazdan tamamilə sıxışdırmaq istəyir. Paşinyan hökuməti KTMT-dən çıxmaqdan, rus bazalarının ölkəni tərk etməsindən danışır. 44 günlük müharibədə möhtəşəm qələbədən sonra 35 milyonluq cənublu qardaşlarımızın ideoloji və siyası vektorunun Azərbaycan dövlətinə üz tutması İranı kifayət qədər əndişələndirir və Zəngəzur dəhlizinin açılmaması üçün Ermənistana müttəfiqləri ilə birgə hər cür dəstək verir”.

Daha sonra Ermənistan-Rusiya münasibətlərinə toxunan Bəhram İsmayıl bildirib ki, Paşinyan Rusiyanı əvəzləmək üçün özünə yeni ağalar axtarmaqdadır: “Bu gün Paşinyan və komandasının nə istəməsindən asılı olmayaraq, Ermənistan iqtisadiyyatının 72 faizi, təhlükəsizliyinin (yəni sərhədlərinin qorunmasından tutmuş gömrük xidmətinədək) az qala 90 faizi Rusiyadan asılıdır. Buna görə də Ermənistanın Rusiyadan qurtulması çox da rahat görünmür.

Ermənistan hakimiyyətinin Rusiyadan qurtulmaq cəhdi sadəcə başqa güclərin təsir dairəsinə girmək istəyi ilə bağlıdır. Amma Ermənistanda bu qədər təsir imkanları olan Rusiya öz mexanizmlərini sonadək işə salacaq. Ermənistan anlamalıdır ki, onun gələcəyi Azərbaycanla sülh müqaviləsi bağlamaqdan, Azərbaycan və Türkiyə ilə iqtisadi-siyasi əlaqələrdən asılıdır. Əks halda erməniləri xoş gələcək gözləmir“.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*