Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi narahatlıq doğurur, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək lazımdır.
KONKRET.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev bildirib.
“Bu yaxınlarda bizə dost olan Ermənistan və Azərbaycanın sərhədində vəziyyətin gərginləşməsi Rusiyada böyük təşvişlə qarşılandı. Əminik ki, beynəlxalq arenada hər hansı digər fikir ayrılıqları kimi, Dağlıq Qarabağ münaqişəsi də yalnız dinc vasitələrlə, diplomatik danışıqlar yolu ilə həll olunmalıdır”, – o, brifinqdə deyib.
Zaytsev vurğulayıb ki, Rusiya rəhbərliyi gələcək eskalasiyanın qarşısının alınması üçün bütün lazımi səyləri göstərib. Zaytsev, xüsusilə də Rusiya Xarici İşlər naziri Sergey Lavrovun azərbaycanlı və erməni həmkarları ilə bu yaxınlarda apardığı telefon danışıqlarını, həmçinin Türkiyə tərəfi ilə Zaqafqaziyada və konkret olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında mövcud vəziyyətin müzakirəsini xatırladıb.
“Bölgədəki hadisələrin təhlükəli inkişafı ilə əlaqədar ciddi narahatlıqlarını ifadə edən Rusiya və Türkiyə hesab edir ki, mövcud problemin beynəlxalq hüquq prinsipi əsasında, Azərbaycan və Ermənistan xalqlarının maraqları naminə siyasi-diplomatik həllinə alternativ yoxdur”, – o deyib.
“Tərəfdaşlarla, o cümlədən Türkiyə ilə birlikdə gərginliyin yeni bir dövrünün dayandırılması, Cənubi Qafqazda ümumi vəziyyətin sabitləşməsi məqsədi ilə işlər görməyə davam etməyə, İrəvanla Bakı arasında siyasi dialoqun qurulmasına fəal kömək etməyə köklənmişik”, – deyə Zaytsev fikrini yekunlaşdırıb.