Ermənistanın Azərbaycana hərbi təcavüzü başlayandan bəri Ermənistanın marqlarını qoruyan Rusiya yenə öz ampulasındadır. Ermənistanda aparılan anti-Rusiya kampaniyasına baxmayaraq, şimal qonşumuz öz müttəfiqinə hərbi-siyasi yardımı əsirgəmir.
Rusların ermənilrə olan bu sevgisi isə başa düşüləndir. İki yüz il əvvəl Azərbaycan ərazilərinə zorla gətirdiyi bir toplumu müdafiə etmək və onlardan öz siyasi maraqları üçün istifadə etmək bütün zamanlarda Rusiyanın dövlət siyasəti olub. Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərinin işğalında önəmli rol oynayan Rusiya 44 günlük Vətən müharibəsində də Ermənistana hərbi-siyasi dəstəyini əsirgəmədi.
Sadəcə Azərbaycanın gücü və müttəfiqimiz Türkiyənin siyasi iradəsi qarşısında çıxılmaz vəziyyətə düşən Rusiya regionda sülhə mane olmağa çalışır. Bunu rusiyalı diplomatların müxtəlif platformalarda səsləndiridiyi fikirlər də sübut edir. Bütün hallarda Ermənistanın maraqlarını müdafiə edən həmin adamlar siyasi manipulyasiya ilə məşğuldurlar.
Əsasən Qərbin məsələdəki roluna qısqanclıqla yanaşan Rusiya sülh prosesini ləngitməkdə maraqlıdır. Bir neçə gün əvvəl Rusiya XİN-in 4-cü idarəsinin rəhbərinin açıqlamasından sonra, növbə həmin nazirliyin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsevə çatıb. XİN əməkdaşı bildirib ki, Ermənistan və Azərbaycan regionda gərginliyin azaldılması ilə bağlı Rusiyanın təklifləri üzərində işləyir: “Moskva görüş xatirinə görüş keçirməyə can atmır. Bunu onun Qərb tərəfdaşları edir.
Kimsə prosesi sürətləndirmək istəyirsə, səhv edir. Sülhün əldə olunması ilə bağlı İrəvan və Bakıdan gələn siqnallar o demək deyil ki, tərəflər istənilən şərtlərlə razılaşmağa hazırdırlar. Hələ bir sıra mürəkkəb məsələlərin həlli yolları tapılmalıdır”.
Xatırladaq ki, Rusiya XİN-nin vəzifəli şəxslərinin mövqeyi həm də təmsil etdikləri dövlətin mövqeyidir. Əvvəlcə kiçik ranqlı adamların ifasında səslənən bu fikirlər Azərbaycan və Ermənistanda ictimai fikirin formalaşmasına hesablanıb. Ona görə də əvvəlcə meydana “piyadalar” atılır.
Vəli Həsənov,
KONKRET.az