Rusiyada avtomobil qiymətləri rekord həddə çatdıbackend

Rusiyada avtomobil qiymətləri rekord həddə çatdı

2025-ci ilin oktyabr ayının yekunlarına əsasən, Rusiyada yeni minik avtomobillərinin orta çəkili qiyməti 3,43 milyon rubl təşkil edib.

KONKRET.az xəbər verir ki, bunu “Avtostat” ekspertləri hesablayıblar. Bu, müşahidələrin bütün tarixi ərzində ən yüksək göstəricidir. İstifadə olunmuş avtomobillərin qiymətləri də maksimuma çatıb — 1,23 milyon rubl.

Sentyabrla müqayisədə yeni avtomobillərin qiyməti 2,2% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8% yüksəlib. Ümumilikdə göstərici 2024-cü ilin avqustundan bəri, artıq 15 aydır ki, 3 milyon rubl səviyyəsindən yuxarı qalır.

Distribyutorlar və dilerlər avtomobillərin qiymətlərini, utilizasiya haqqı və ƏDV-nin yaxın zamanda artırılacağı fonunda qaldırırlar. Bu barədə avtomobil sənayesi şirkətlərinə xidmət üzrə direktoru Aleksandr Vasilyev izah edib. Onun sözlərinə görə, bazarda gələcəkdə qiymət artımı gözləntiləri ilə bağlı ajiotaj müşahidə olunur.

“Avtostat”ın məlumatına əsasən, oktyabr ayında yeni minik avtomobillərinin satışı sentyabrla müqayisədə 35% artıb və son bir ilin rekorduna çevrilib. Artan tələbat bəzi markalarda defisit yaradıb. Məsələn, “JETOUR” brendinin bütün modellərində, həmçinin “GEELY” və “Chery”nin bəzi modellərində çatışmazlıq müşahidə olunur.

“Rolf” şirkətinin yeni avtomobil satış departamentinin direktoru Nikolay İvanov bildirib ki, “Mitsubishi”, “BMW X6” və X7, “Skoda Kodiaq” kimi markalarda da çatışmazlıq var. O, qiymət artımını endirim kampaniyalarının dayandırılması və kredit subsidiyalarının azaldılması ilə əlaqələndirib.

“Avilon” şirkətlər qrupunun pərakəndə satış direktoru İlya Petrovun sözlərinə görə, avtomobil qiymətləri ilin sonuna qədər artmaqda davam edəcək. Onun qiymətləndirməsinə əsasən, artım kəskin olmayacaq — təxminən 3–4% səviyyəsində qalacaq.

Qeyd edək ki, bu ilin 1 dekabrından etibarən Rusiyada mühərrik gücü 160 at gücündən çox olan avtomobillərin utilizasiya haqqı yeni tariflə hesablanacaq. Bu, avtomobilin qiymətinə əlavə olaraq bir neçə yüz min rubldan milyon rubla qədər, bəzən isə daha çox əlavə xərc gətirəcək. Bundan başqa, Maliyyə Nazirliyi 2026-cı ildə ƏDV-ni hazırkı 20%-dən 22%-ə qaldırmağı planlaşdırır.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*