Rusiyada müəmmalı hərbi səfərbərlik – Ehtiyat qüvvə niyə yığılır?backend

Rusiyada müəmmalı hərbi səfərbərlik - Ehtiyat qüvvə niyə yığılır?

Bu günlərdə Rusiyanın Müdafiə Nazirliyi orduda canlı qüvvə rezervinin artırılacağını açıqlayıb. Amma maraqlıdır ki, bunun təbliğatıyla məşğul olan, ölkə vətəndaşlarını sözügedən prosesə qoşulmağa səsləyən sayt nazirliyin öz serverində yerləşmir. Bu haqda BBC rus xidmətinin məqaləsində deyilir.

Ehtiyatda olanlar nazirliklə müqavilə bağlayacaq, buna görə müəyyən məbləğdə pul alacaq və vaxtaşırı hərbi təlimlərdə iştirak edəcəklər. Bu praktika eksperiment olaraq 2016-cı ildən etibarən tətbiq edilməyə başlanıb. Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, sentyabrın əvvəllərində Kalininqrad vilayətindəki təlimlərə ehtiyatda olanların da cəlb edilib. Nazirlik orduya cəmi neçə rezervistin lazım olduğunu açıqlamayıb. Müdafiə Nazirliyində yeni strukturu kimin və hansı qərara əsasən yaratdığı məlum deyil.

BARS-2021 (Boyevoy Armeyskiy Rezerv Stranı – ölkənin döyüş ordusu rezervi) layihəsi çərçivəsində rezervistlərin təlimlərə çağırılması xəbəri yerli icra orqanlarının saytlarında son həftələrdə peyda olub. Amma həm üslub, həm də məzmun baxımından xəbərlər bir-birindən çox fərqlənir.

Məsələn, Moskvanın Şimal Dairəsi prefekturası öz saytında “mobil hazırlığı daha yüksək səviyyədə olan” (rezervistlər nəzərdə tutulur) şəxslərlə bağlı geniş material yayımlayıb, Velikiy Novqorodda isə rezervist olmaq üçün hərbi komissarlığa gələn gənclər haqqında kiçik videoçarx hazırlanıb.

Bəziləri “Müdafiə Nazirliyinin yeni BARS-2021 layihəsinə həsr olunmuş” sayta istinad edirlər, ancaq bu, nazirliyin rəsmi saytı deyil; pulsuz bir domen zonasında yerləşir; “Tilda” saytlarının hazırlanmasında istifadə edilən, hər kəsə açıq olan alətin köməyilə hazırlanıb.

Saytın hüquqi informasiya bölümündə əsasən 2015-ci ilə və daha əvvələ aid sənədlər barədə, məsələn, Vladimir Putinin 2015-ci ildə imzaladığı “Rusiya Federasiyası Hərbi Qüvvələrinin mobil insan rezervinin artırılması haqqında” 370 saylı fərmanı haqqında məlumat var. Hərbi ekspertlər bu fərmanın faydalılığını ölkə miqyasında qiymətləndirmək mümkün olmayacaq qədər kiçikmiqyaslı eksperiment adlandırırlar.

Mətbuatda BARS-ın – mobil insan rezervini əvəz edəcək və ya ona əlavə olunacaq qurumun yaradılmasıyla bağlı hər hansı başqa sənəd dərc olunmayıb. Müdafiə Nazirliyinin saytında yeni layihə barədə heç bir məlumat yoxdur. Amma “bars2021.tilda.ws” saytında qeyd olunur ki, mobil rezervə səfərbərliyi hansısa “nəzakətli insanlar komandası” və nazirlik həyata keçirir.

Sayt bütövlükdə yeni ordu rezervinin yaradılmasına həsr olunub. Orda müqavilə şərtləri, pul ödənişləri və rezervistlərdən tələb olunanlar barədə ətraflı məlumat verilir. “Əlaqə” bölümündə Rusiya hərbi komissarlıqlarının nömrələri qeyd olunub. Saytda ölkənin rəsmi orqanlarıyla əlaqəsi olmayan strukturlarla bağlı hər hansı informasiya aşkar edilməyib.

BBC Rusiya xidməti bu layihəylə kimin məşğul olması, onun Müdafiə Nazirliyi ilə əlaqəsi barədə nazirliyə sorğu göndərib və cavab gözləyir.

“bars2021.tilda.ws” saytında qeyd olunur ki, “mobil insan rezervi – ehtiyatda olan, mobil hazırlığı yüksək səviyyədə saxlanan vətəndaşlardır”. Başqa sözlə, mobil rezervə daxil edilmiş şəxslər mülki həyatlarına davam edəcək və müntəzəm şəkildə səfərbərliklərə cəlb olunacaqlar.

Yeni qayda hərbi xidmətdə olmuş, ali məktəblərin hərbi kafedralarında təhsil almış və ya zabit kimi xidmət etdikdən sonra ehtiyata buraxılmış hər kəsin rezervist hesab edildiyi sovet sistemindən fərqlənir. Bu sistemdə hərbi qeydiyyatdan çıxarılma çağırışçının rütbəsindən və kateqoriyasından asılı olaraq 35-70 yaş aralığında baş verir.

Müharibə başlayacağı təqdirdə rezervistləri sülh dövrünün şərtlərinə uyğun formalaşdırılmış bölmələrə – əsasən zabitlərdən ibarət minimum personallı birləşmələrə daxil edirlər.

O vaxt SSRİ-də və Rusiyada orduda xidmət etmiş və müharibədə iştiraka hazır olan rezervistlərin sayının kifayət qədər çox olması nisbətən tez bir zamanda çoxsaylı ordu toplamağa imkan verirdi və sistemin üstünlüyü məhz bundaydı.

Hərbi ixtisaslaşmanın aşağı səviyyədə olması isə sovet sisteminin çatışmazlığıdır. Hərbi xidməti və ya ali təhsil illərindən sonrakı çağırışı başa vuranlar bir neçə il sonra orduda öyrəndiklərini unudur və heç xidmət etməyənlərdən fərqlənmirlər.

Mobil insan rezervinin yaradılması ideyası əvvəlki biliklərin unudulmamasına və müntəzəm şəkildə təlimlərdə iştirak edərək yeni biliklərə yiyələnməyə xidmət edir. Buna görə rezervistlər üçün müxtəlif güzəştlər və maliyyə dəstəyi nəzərdə tutulub. Müqavilə imzalanan kimi onlara birdəfəlik ödəniş ediləcək, rezervdə olduqları 20 il ərzində maaşları 10%-dən 50%-ə kimi artacaq.

Sayt xidmət yerindən asılı olaraq zabitlərə 4-9 min, sıravilərə və çavuşlara isə 2-6 min rubl aralığında maaş artımı vəd edir.

Bəs bu qədər rezervist Rusiyanın nəyinə lazımdır?

Müdafiə Nazirliyinin toplam neçə rezervist cəlb etməyi planlaşdırdığı məlum deyil. Avqustun əvvəlində Cənub Hərbi Dairəsinin (CHB) Təşkilat və səfərbərlik şöbəsinin rəisi Konstantin Zapatotski demişdi ki, sentyabr ayına qədər hərbi dairənin ərazisində 38 min nəfərlik döyüş ordusu rezervi yaratmaq planlaşdırılır. Daha əvvəlsə orda canlı qüvvə rezervi 400 nəfərə yaxın olub. Bu, Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi tərəfindən səsləndirilən yeganə rəqəmdir. Halbuki “bars2021.tilda.ws” saytı Rusiya Federasiyasının 30 subyektində müqaviləli rezervistlərin orduya cəlb olunduğunu yazır.

Rusiyalı hərbi ekspert Aleksandr Qolts “Republic” saytındakı məqaləsində yazır ki, rezervist sayındakı kəskin artımın iki səbəbi ola bilər – böyük müharibəyə hazırlıq və ya müqaviləli orduya keçid: “Ən pis variant o ola bilər ki, ruslar üçün sonrakı bütün nəticələriylə birlikdə mobil rezervi il yarım-iki il sonra genişmiqyaslı hərbi əməliyyatlara başlamaq üçün yaradırlar”.

“Əlbəttə, ən optimist ehtimal budur ki, Rusiya hakimiyyəti 2-3 il sonra (tam da prezident seçkiləri ərəfəsində) xalqa hədiyyə etməyə – orduya məcburi çağırışın ləğvinə hazırlaşır. Belədirsə, ən azı bəzi vətəndaşlarımız üçün ordu yükünün xeyli azaldılacağını vəd edən daha bir təşəbbüsün yaranacağını gözləmək olar ” – Qolts belə yazır.

Digər rusiyalı hərbi ekspert Viktor Muraxovski isə hesab edir ki, rezervistlərin sayını artırmaq planı nazirliyin bu layihəni maliyyələşdirmək üçün vəsait tapmasından xəbər verir. Onun sözlərinə görə, 2015-ci ildən başlamış canlı qüvvə ehtiyatı yaratmaq eksperimenti artıq müəyyən təcrübə qazandırıb.

Muraxovski deyir ki, Rusiya hərbçiləri müqaviləli rezerv qüvvələrin yaradılmasında Amerika sistemindəki prinsipdən istifadə ediblər: “ABŞ-da da ordu rezervi müqavilə əsasında formalaşdırılır və ənənəvi orduyla birlikdə irimiqyaslı münaqişələrdə iştirak edərək yeni yaradılan birləşmələrin nüvəsini təşkil edir”.

Ekspertin sözlərinə görə, müqaviləli rezerv planı Rusiya üzrə ümumi səfərbərliyin ləğv ediləcəyi demək deyil, ehtiyatda olanlar hərbi qüvvələrin əsas tərkib hissəsini, yeni hərbi birləşmələrin nüvəsini təşkil edəcəklər. Muraxovski hesab edir ki, Rusiyanın müqaviləli ordu sisteminə keçməsi hərbi münaqişələr zamanı qüvvələrin yerləşdirilməsində problemlər yarada bilər. O, rezervistlərin Rusiya üçün optimal sayının 150 min olduğunu düşünür.

Qeyd edək ki, Rusiya nizami ordu birləşmələrinə paralel olaraq artıq bir neçə ildir ki, “Vagner” kimi tanınan özəl muzdlu ordudan da müxtəlif münaqişə zonalarında istifadə edir, geosiyasi baxımdan mövqelərini möhkəmləndirmək istədiyi regionlara bu özəl hərbi şirkətin muzdlularını göndərir. Rəsmi olaraq Rusiyada belə muzdlular ordusu mövcud deyil, çünki qanunla bu cür özəl hərbi şirkətlərin fəaliyyəti qadağandır. Lakin “Kremlin aşbazı” kimi tanınan oliqarx Priqojinin maliyyələşdirdiyi, xüsusi təlim düşərgələrində hazırlıq keçən muzdluların sayının minlərlə, hətta on minlərlə olduğu məlumdur. Onlar Suriyadan tutmuş Liviyaya, Afrikadan tutmuş Asiyaya qədər hər yerdə peyda olurlar. virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*