Rusiyanın Yekaterinburq şəhərinin Çkalovski Rayon Məhkəməsi 2021-ci ildə sidrdən (alkoqollu içki) zəhərlənən 44 nəfərin kütləvi ölümü ilə bağlı cinayət işi üzrə 7 müttəhimdən 6-nı ümumi rejimli koloniyada 5,5 ildən 6,5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.
Belə ki, məhkəmənin hökmü ilə Armen Avetisyan 6 il, Ədalət Qurbanov 6 il 2 ay, Nadir Məmmədov 6 il, Mikayıl Nəzərov 6 il 3 ay, Zaur Cabbarov 5,5 il, Artem Çaban – 6,5 il müddətinə azadlıqdan məhrum edilib.
İş üzrə digər təqsirləndirilən şəxs Tatyana Vasilyeva isə üç il sınaq müddətinə məhkum edilib.
Qeyd olunub ki, məhkumlar qanunsuz əməllərini 2020-ci ilin yayından 2021-ci ilin payızına kimi həyata keçiriblər. Onlar qeyri-qanuni olaraq Yekaterinburq sakinləri tərəfindən alınmış alkoqollu məhsulların tədarük və satışı ilə məşğul olublar. 2021-ci ilin sentyabr ayından qeyri-qanuni dövriyyəyə buraxılan, tərkibində normadan artıq konsentrasiyada metanol olan, insan həyatı və sağlamlığı üçün təhlükəli spirtli içki buraxılıb. İstintaqın məlumatına görə, 51 nəfər sidrdən zəhərlənib, onlardan 44-ü dünyasını dəyişib.
Ümumilikdə bu işdə 8 təqsirləndirilən şəxs iştirak edib, lakin onlardan biri, 1971-ci il təvəllüdlü qadın məhkəməyə qədər dünyasını dəyişib. Beş təqsirləndirilən şəxs təqsirini qismən, digər iki nəfər isə tam etiraf etməyib.
İqbal Rzayev,
KONKRET.az