Şəkərli diabetlə bağlı artan risklər narahatlıq yaradıb. Rusiyalı professor Olqa Tkaçeva bu xəstəliyin insan ömrünü 10-15 il qısaltdığı barədə xəbərdarlıq edib. O bildirib ki, diabet bütün orqanların vaxtından əvvəl aşınmasına səbəb olur.
Sitat: “Son vaxtlar bu xəstəliyə tutulma halları çoxalıb. Demək olar ki, son 100 ildə belə hadisə olmayıb”.
Azərbaycanda diabetlə bağlı artım tempi necədir? Ümumiyyətlə, bu xəstəliyin səbəbləri və müalicə üsulları nədir?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan endokrinoloq Nadirə Ağazadə deyib ki, hazırda ölkəmizdə şəkərli diabet xəstəliyinin, xüsusilə 2-ci tip diabetin yayılması artır:
“Buna səbəb əhali arasında artıq çəki, az hərəkətlilik və qeyri-balanslı qidalanma hallarının çoxalmasıdır. Təəssüf ki, əksəriyyətdə diaqnozun aşkarlanması gecikir, çünki xəstəlik uzun müddət gizli gedə bilir, yaxud xəstələr əlamətlərə əhəmiyyət vermir. Amma şəkərli diabetin yaranma səbəbləri fərqlidir. 1-ci tip diabetin yaranmasında autoimmun proses, genetik meyillilik təsir göstərirsə, 2-ci tipdə insulin dirənci, artıq çəki, xüsusən qarın piylənməsi və az fiziki aktivlik rol oynayır”.
Endokrinoloq qeyd edib ki, müalicə fərdi şəkildə planlaşdırılır və əsas məqsəd qan şəkərini stabilləşdirməkdir:
“Tip 1 diabetin yeganə müalicəsi insulin terapiyasıdır. Bundan əlavə, davamlı qlükoza monitorinqi (CGM), karbohidrat sayma, ketoasidoz riskinə görə mütəmadi nəzarət mütləqdir. Doğru idarəetmə ilə xəstələr tam normal həyat sürə bilirlər. Tip 2 diabetdə isə qidalanma, həyat tərzinin düzəlişi, endokrinoloqun göstərişi ilə şəkərsalıcı dərmanların təyini, lazım olduqda insulin terapiyası, təzyiq və lipidlərin nəzarətdə saxlanması vacibdir. diaqnozun vaxtında aşkarlanması və müalicəsi ağırlaşmaların qarşısını almağın yeganə yoludur”.
