Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Andrey Klimov Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüsselə səfərini tənqid edib. Onun fikrincə, Paşinyanın apardığı “çoxvektorlu siyasət” ölkəni çıxılmaz vəziyyətə sala bilər.
KONKRET.az xəbər verir ki, rusiyalı senator Paşinyanı postsovet məkanında “hər yerdə olmaq istəyən” siyasətçilərdən biri adlandırıb:
“Cənab Paşinyan postsovet məkanında eyni anda hər yerdə olmaq istəyən yeganə şəxs deyil. Belələrinə elə gəlir ki, bu, çoxvektorlu siyasətdir. Amma bu cür ‘çoxvektorlu siyasət’ bəzən çıxılmaz vəziyyətə gətirib çıxarır. Arzu edərdim ki, Ermənistan xalqı bu taleyi yaşamasın”, – deyə Klimov bildirib.
Bununla belə, o qeyd edib ki, bu cür beynəlxalq görüşlər Ermənistanın suveren hüququdur. Lakin “hər tərəfdən yalnız müsbət nəticə əldə etmək çox nadir hallarda mümkün olur”, – deyə rusiyalı senator əlavə edib.
Natiq Səlim,
KONKRET.az