Rusiyadan Qazaxıstana “qisas əməliyyatı” – Bu arada Ermənistan türkdilli ölkələrlə yaxınlaşmaq istəyir – ŞƏRHbackend

Rusiyadan Qazaxıstana "qisas əməliyyatı" - Bu arada Ermənistan türkdilli ölkələrlə yaxınlaşmaq istəyir - ŞƏRH

Qazaxıstan NATO-nun hərbi təlimlərini gözləyir. Amma bunun fonunda Rusiya ilə hərbi əməkdaşlıq müqaviləsini təsdiqləyir. Putin artıq müqavilənin təsdiqi haqqında qanunu imzalayıb. Nədənsə bir çox rusiyalı mütəxəssis bundan qəzəblənib.

Qeyd edək ki, Qazaxıstan 16 oktyabr 2020-ci ildə Rusiya ilə 10 illik müddəti nəzərdə tutan hərbi əməkdaşlıq haqqında müqaviləyə qoşulmuşdu. Hələ o vaxt ekspertlər vurğulayırdı ki, bu sənəd Moskva üçün çox vacib idi, çünki təhlükəsizlik sahəsində iki ölkə arasında qarşılıqlı öhdəliklər yeni səviyyəyə qalxmalı idi. Ancaq Qazaxıstanın çoxvektorlu siyasəti və Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbərinin dediyi kimi, ABŞ ilə yaxın təmaslar Rusiya ilə hərbi əməkdaşlıqda ciddi uyğunsuzluqları ortaya çıxarıb ki, bu da çox təhlükəlidir.

Rusiyanın Xarici Kəşfiyyat Xidməti hazırda Əfqanıstandan çıxarılan ABŞ və NATO qoşunlarının Orta Asiyada yerləşəcəklərinə inanır. Kəşfiyyatın hesabatlarında konkret olaraq Qazaxıstanın adı göstərilməsə də, bu ölkədən sürprizlərin olacağına dair ipucu verilib.

“ABŞ bu ərazi üzərində nəzarəti itirmək istəməz və Əfqanıstandan çıxarılan gücün heç olmasa bir hissəsini qonşu ölkələrə yerləşdirmək niyyətindədir. Bu cür cəhdlərin edildiyi və ediləcəyi barədə məlumatımız var. Və çox ümid edirik ki, yalnız tərəfdaşlar deyil, eləcə də KTMT-yə daxil olan müttəfiqlərimiz də buna razı olmayacaq”, – deyə açıq mənbələrdə yayılan hesabatda vurğulanır.

Qeyd edək ki, bu fikirlər Qazaxıstanın son illər Şimali Atlantika İttifaqı ilə fəal əlaqələr qurulmasından sonra daha çox tirajlanır. Bu ilin iyul ayında ABŞ, Böyük Britaniya və Kanada qoşunlarının iştirakı ilə Qazaxıstan ərazisində müntəzəm “Çöl qartalı” hərbi təlimlərinin keçiriləcəyi barədə rəsmi məlumatlar Rusiyanı əməlli-başlı qıcıqlandırıb. Doğrudur, təlimlər təxminən 20 ildir hər il keçirilir. Amma bu dəfə ruslar daha çox gərgin görünürlər.

Xüsusən 2018-ci ildə Cənubi Karolinadakı ABŞ Ordusunun təlim mərkəzində Qazaxıstan birlikləri ilə qarşılıqlı fəaliyyətləri daha intensiv xarakter alıb. Bunu izləyən rus hərbi ekspertlərini ona görə də indi bu sual düşündürür: “ABŞ və Qazaxıstan hərbi birləşmələri kimə qarşı birlikdə döyüşə hazırlaşır? Bu hərbi təlimlərin daha hansı məqsədi ola bilər”.

Yeri gəlmişkən, hələ 2000-ci ildə amerikalı və ingilis təlimatçıların dəstəyi ilə sonradan “Qazbriq” briqadasına çevrilən “Qazbat” sülhməramlı batalyonu yaradılmışdı. Elə bu gün də Qazaxıstanda Pentaqon və digər NATO ölkələrinin mütəxəssisləri respublikanın Silahlı Qüvvələrinin şəxsi heyətinin olduğu bir neçə hərbi hazırlıq mərkəzində fəal işləyirlər.

Artıq rus mediasında bununla bağlı analitik şərhlərlə zəngin yazılar işıq üzü görür. Həmin yazılarda vurğulanır ki, KTMT üzvü və Rusiyanın müttəfiqi olan Qazaxıstanın illərdir NATO ilə hərbi təlimlər keçirməsi nə üçün diqqətdən kənar qalır? NATO ölkələrində hərbi qüvvələrini yetişdirən bu ölkəyə Rusiya niyə arxalanmalıdır?

Maraqlıdır ki, sosial şəbəkələrin ermənidilli seqmentində də bu fakta daha çox diqqət yetirilir və tövsiyə olunur ki, bunu Kremlin tərəfdarı olan erməni siyasətçilərə və mediaya göstərmək lazımdır. Ona görə ki, Ermənistan da Rusiyanın vassalı olmamalı  və Qazaxıstan kimi öz maraqları naminə balanslı, çoxvektorlu müdafiə siyasəti aparmalıdır.

Ermənistanın hərbi ekspertləri belə qənaətdədirlər ki, müəyyən şərtlərə görə Qazaxıstanın daha çox manevr imkanları var. Ancaq Ermənistan da mövqeyində üstünlüklər tapa bilər. Elə coğrafi mövqeyindəki əhəmiyyəti nəzərə alınaraq türkdilli ölkələrlə münasibətlər daha da dərinləşməlidir.

Göründüyü kimi, Ermənistanda ağıllı kəsim var ki, regionda və dünyada gedən prosesləri dərk etməyə çalışır və ölkələrinin bu rəqabətdə daha çevik siyasət yürütməsini istəyir. Amma biz saydığımızı sayırıq, gör fələk (Rusiya) nə sayır?!

Natiq Səlim,

KONKRET.az

  • 🇦🇿
    İyun 14, 2021 - 17:53

    Türkdilli deyil Türksoylu Ölkələr 😉 Türklük sadəcə dillilik deyil

  • Aslan
    İyun 14, 2021 - 17:54

    Türk dilli deyil Türksoylu ölkələr, Türklük sadəcə dil ilə olmur soy ilə əlaqəlidir

Aslan üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*