Rusiyanı təzminat ödəməyə bu iki təşkilat məcbur edə bilər – ÖZƏLbackend

Rusiyanı təzminat ödəməyə bu iki təşkilat məcbur edə bilər - ÖZƏL

Polşa Prezidenti Anjey Dudanın “Rusiya Ukraynaya müharibə təzminatı ödəməlidir” açıqlaması bu məsələni yenidən gündəmə gətirib. Təcavüz etdiyi ölkəyə vurduğu maddi-mənəvi ziyana görə təzminat ödəməli olan Rusiya isə bu məsələ ətrafında nəinki müzakirə aparmaq istəmir, hətta özünü zərərçəkən tərəf kimi dünyaya sırımağa çalışır. Belə olan halda isə “Rusiyanı təzminat ödəməyə necə məcbur etmək olar” sualı gündəmə gəlir. Bəs görəsən Rusiyanın Ukraynaya təzminat ödəməsi nə dərəcədə realdır? Bunun üçün dünya birliyi hansı addımları atmalıdır?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Araz Aslanlı bildirib ki, əslində müharibə aparan tərəflərin tarix boyu bir-birini ittiham etməsi və təzminat istəməsi görünən haldır: “Biz bunu Birinci və İkinci Dünya Müharibələrində, həmçinin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi prosesində müşahidə etmişik. Bir dövlət digərinə hücum edərək ona maddi-mənəvi ziyan vurubsa, bunun həm ölkədaxili, həm də beynəlxalq hüquqda məsuliyyəti mövcuddur. Amma indiki halda Rusiya tam əksinə özünü zərərçəkən dövlət kimi göstərməyə çalışır. Ona görə də, indiki mərhələdə Rusiyanın təzminat məsələsini özünə yaxın buraxmaq ehtimalı sıfıra bərabərdir. Amma digər dövlətlərin bunu dilə gətirməsi hadisəyə yanaşma baxımından çox yaxşıdır. Çünki, söhbət təcavüzkar əməli ilə ziyan verən tərəfin bu siyasətinin bədəlini ödəməsindən gedir”.

Araz Aslanlı: “Muxtariyyətin ləğvi münaqişənin həllinə nə mənfi, nə də  müsbət təsir etdi”

Politoloq əlavə edib ki, dünyanın Rusiyanı təzminat ödəməyə məcbur etmək imkanları zəifdir: “Çünki, Rusiyanı ya beynəlxalq təşkilat, ya da beynəlxalq ədalət məhkəməsi buna məcbur etməlidir. Ən qlobal beynəlxalq təşkilat olan BMT isə bunun üçün Təhlükəsizlik Şurasının iclasını çağırmalı və qərar qəbul olunmalıdır. Təhlükəsizli Şurasının isə Rusiya orada olduğu üçün müsbət qərar qəbul etmək ehtimalı yoxdur. Beynəlxalq ədalət məhkəməsinin isə bu qərarı qəbul edəcəyi təqdirdə onun icrasını həyata keçirmək mexanizmləri mövcud deyil. İkinci Dünya Müharibəsində məğlub dövləti praktiki olaraq buna məcbur etdilər. Amma indi Rusiya məğlub ölkə deyil, üstəlik onu təzminata məcbur etmək çox çətindir. Amma mövzunun gündəmə gətirilməsi beynəlxalq hüquq baxımından çox yaxşı haldır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*