Rusiyanın Azərbaycana hücum edəcəyinə TƏSDİQ və TƏKZİB – ŞƏRHbackend

Rusiyanın Azərbaycana hücum edəcəyinə TƏSDİQ və TƏKZİB - ŞƏRH

“Rusiya Ukraynadakı 1000 kilometrlik cəbhə ilə bağlı məsələni həll edəndən sonra Azərbaycanla məşğul olacaq və məsələni həll edəcək. Hələlik Rusiya Azərbaycanla diplomatik kanallarla işləyir. Azərbaycanın ABŞ və Türkiyənin təklifləri ilə Kreml üçün ciddi təhlükələr yaratmasını Rusiya rəhbərliyi unutmayacaq. Rusiya Silahlı Qüvvələri Ukrayna məsələsini həll edəndən sonra əl-qolu açılacaq, o qədər də təmkinli olmayacaqlar və bundan sonra Azərbaycanla söhbət bir az fərqli kontekstdə gedəcək”

KONKRET.az xəbər verir ki, bunu Rusiya Raket və Artilleriya Elmləri Akademiyasının rəis müavini Konstantin Sivkov açıqlayıb. Ümumiyyətlə, son dövrlər Moskvadan Bakıya belə bəyanatların ünvanlanması mütəmadiləşib. Dekabrın 19-u Mixail Delyaqin və eyniadlı Aleksandrovun Azərbaycanı hədələməsini tənqid etmişdik. Ötən yazıda da eyham vurduğumuz kimi, məsələ Mixail adı ilə bağlı deyil və bunu Kreml sifariş edib.

Əvvəlcə rusların Bakı hücumunu təsdiqləyən faktlara nəzər salaq. Elə tarixdən başlayaq:

– 914-cü ildə 500 gəminin hər birində 100 nəfər olmaqla 50 min rus (bulqar türk tayfaları) Azərbaycanın Xəzər sahillərində lövbər salıb;

– 944-də Bərdəyə hücum edən ruslar xalqın müqavimətinə görə, 945-də geri qayıdıblar;

– 1030-1032 Şirvan yürüşləri;

– Xəqani Şirvani 1173-1174-cü illərdə rus, alan və xəzərləri işğalçı adlandırır;

– 1722-də I Pyotr Həştərxandan yürüşə başlayıb;

– Səfəvilərin zəifləməsindən sonra şimallı-cənublu Azərbaycanın xanlıqlara bölünməsi, Cənubda Əfşarlar-Qacarlar savaşı, şimalda xanlıqlar arasında olan anlaşılmazlıqlar, Quba xanlığının Çar Rusiyadan kömək istəməsi kimi arzuolunmazlıqlar rusların işğal arzularını asanlaşdırdı;

– İndi İran adlanan ərazidə türklərin hakimiyyəti dövründə onların Rusiya ilə şimali Azərbaycan qırğını gedirdi. Orta əsrlərdə millətçilik anlayışı yox idi. Yoxsa, heç Osmanlı Səfəviləri zəiflətməz, şimal xanlıqları da cənubla düşmənçilik etməzdi. Digər tərəfdən, düşmənçiliyin əsas səbəbi suverenlik olub. Sadəcə, yekunda (1920-21) ya rus, ya da fars istilasına düşəcəkdik;

– Çar Rusiyasının dağılmasından sonra Azərbaycan müstəqil oldu, lakin sən demə çarlıq ittifaq formasına keçirmiş və bizim torpaqları yenidən qəsb etdilər;

– SSRİ öz süqutunu bilirmiş kimi, azərbaycanlıları yurdundan deportasiya siyasətinə başladı və erməniləri Zəngəzur və Qarabağa köçürtdü. İrəvan xanlığı ərazisinə hayların köçü 1813-1828, əsasən, 1915-dən sonra sürətləndi. Ruslar işğal etdiyi yerlərdə münaqişə ocaqları yaradırdı ki, qəsdən səpilən konfliktin həlli niyyətilə həmin ərazilərə qayıda bilsin;

– SSRİ dağılana yaxın Moskva Xankəndini Azərbaycandan qopartmaq naminə “Sumqayıt hadisələri”nin planını cızdı. Azərbaycanda 20 Yanvar, Xocalı, Ağdaban kimi qətliamlar törətdi. Qarabağı işğal edərək ermənilərə verdi;

– Azərbaycanın zəfəri ilə yekunlaşan II Qarabağ savaşının sonlanmasına çalışdı və üçtərəfli bəyanata vasitəçilik etdi. Hazırda isə sülhməramlı adı ilə Xankədidə oturublar;

Yəni bütün bunlardan dolayı, Rusiyanın Ukraynadan sonra Azərbaycana hücum təzyiqlərini artıracağı qeyri-adi görünmür. Həm də iki ölkənin münasibətlərini münaqişələndirən Zəngəzur dəhlizi və Qarabağın dağlıq hissəsi kimi məsələlər var. Yuxarıda qeyd etdiyim kimi, ruslar belə mübahisə predmetlərini yüz il öncədən düşünüblər və bu, hazırda da Kremlin Cənubi Qafqazdakı “fəaliyyəti”nin təminatçısıdır. Rusların Qarabağdakı separatçıları dəstəklədiyi heç kimə sirr deyil. Onlara rus pasportlarının paylanması da vaxtaşırı yayılan xəbərlərdəndir. Yəni Azərbaycan ilə müharibə üçün Kremlin əlində bəhanə çoxdur. Di gəl ki, hazırda İrəvan ermənilərinə qulaqburması verir. Bu vəziyyəti isə belə təhlil edənlər də var:

– I Qarabağ savaşında Rusiya Qarabağı Ermənistana verdi, II Qarabağ savaşında isə gerçək sahibi – Azərbaycana qaytardı.

Niyə belə düşünürlər?

– Bu mövqedə olan analitiklərin qənaətinə görə, I Qarabağ savaşında Müsavat və AXCP Rusiyaya düşmən kimi yanaşırdılar və Əbülfəz Elçibəy rus ordusunu Azərbaycandan çıxartdı deyə, ruslar intiqam aldı.

Onların yadına salım ki, I Qarabağ savaşı 1988-dən alovlanmağa başlayıb və 1994-ə kimi davam edib. 1992-ci ilə qədər Azərbaycana başçılıq edən Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov, Yaqub Məmmədovun heç biri cəbhəçi olmayıb. Bircə Azərbaycanın ikinci Prezidenti Əbülfəz Elçibəy aşkar antirus idi. Müharibə isə onun prezidentliyində başlamayıb. Yuxarıda sadalanan soyqırımlar da onun prezidentliyindən qabaq yaşanıb. Bununla yanaşı, Ermənistana da Levon Ter Petrosyan rəhbərlik edirdi. O isə İrəvanın Qərblə əməkdaşlıq xəttinin tərəfdarıdır. Yəni Rusiya Elçibəydən zəhləsi getdiyi üçün, ya da Petrosyanın xətrin istədiyinə görə Qarabağı ermənilər üçün işğal etməmişdi. Rus işğalının məntiqi odur ki, Qarabağı Azərbaycandan ayırmağın, Kreml təsirində saxlamağın yalnız 1 yolu var. O da orada qondarma rejimin qurulmasıdır.

II Qarabağ savaşında “Rusiya Azərbaycanın qələbəsini istəyirdi” bağıranlar məntiqsizdir. Çünki Kreml daim postsovet ölkələrinə köməksiz, zəif olduğunu aşılamağa çalışıb ki, onlar Moskvanın ətəyini buraxmasın. Yəni “Paşinyanı devirməyə görə, Rusiya Qarabağı Azərbaycana verdi” şüarları da şüursuzdur. Kreml Paşinyanı təcili devirmək istəsə, Koçaryanın əli ilə ikinci parlament terrorunu (1999) hazırlamaq 2×2-dir. II Qarabağ müharibəsində Rusiyanın köməyi ilə qələbə qazandığımızı düşünənlərin düşüncəsizliyinə sübut kimi, azad olunan Şuşada Türkiyə ilə imzalanan bəyannaməni xatırlatmaq kifayətdir.

Özümüz üçün aydınlaşdırılan məsələlərdən sonra Rusiyanın Azərbaycana hücum ehtimalına təsdiq olaraq bir nüansı da qeyd edim ki, SSRİ “Dağlıq Qarabağ Muxtar Vilayət”ini 1923-də yaradıb və gələn il – 2023-də ermənilərə muxtariyyət tələbi ilə vay-şivən qoparıla bilər. Lakin gələn il Azərbaycanın uğurlara imza atacağı daha inandırıcıdır. Yəni rus-erməni tandeminin “Dağlıq Qarabağ” yüzilliyi ürəklərində qalacaq. Çünki 2023-cü il Azərbaycanda Heydər Əliyev ilidir və ulu öndərin yüzilliyi onun uzaqgörən siyasəti kimi qələbələrlə yadda qalacaq.

Rusiyanın Azərbaycana hücum edəcəyinə təkzib kimi onu deyə bilərəm ki, MDB üzvüyük, saysız-hesabsız əməkdaşlıq sənədlərindən başqa hələ bir ili tamam olmayacaq dərəcədə yeni müttəfiqlik bəyannaməmiz var. Unutsalar, yaxud öz imzalarına hörmətsiz yanaşsalar da, Azərbaycana hücum etməyəcəklər. Çünki Ukrayna rinqində Qərbdən aldığı noqdaundan sonra Cənubi Qafqazda rusları Türkiyə-NATO nokautu gözləyir.
Bilirəm ki, təsdiq təkzibdən çox oldu.

Anar Rəhimov,

KONKRET.az

  • Füzuli
    Dekabr 21, 2022 - 12:20

    Aydan bu gün gəlmiş birinin ərz etdiyi fikirlər… Nə zaman Rusiya öz imzasına hörmət qoymuş?!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*