Rusiyanın SOCAR-ı vurmağı acizlikdir – “RBC-Ukraina”nın prezidentindən SENSASİON AÇIQLAMALARbackend

Rusiyanın SOCAR-ı vurmağı acizlikdir - “RBC-Ukraina”nın prezidentindən SENSASİON AÇIQLAMALAR

Rusiya tərəfindən Ukraynadakı SOCAR obyektlərinə hücum “acizlikdən doğan qisas aksiyasıdır”

Rusiya tərəfindən Ukraynada SOCAR-a məxsus obyektlərə endirilən zərbələr “Putin rejiminin acizlikdən doğan qisas aksiyası”dır. Bu barədə “RBC-Ukraina”ya açıqlamasında “Strateji XXI” Qlobalizm Mərkəzinin prezidenti Mixail Qonçar bildirib.

KONKRET.az xəbər verir ki, Qonçar həmçinin xatırladıb ki, iyulun sonunda Türkiyənin “Ceyhan” terminalında “Bakı–Tbilisi–Ceyhan” neft kəməri ilə nəql olunan “Azeri Light” markalı neftdə neft emalı üçün təhlükəli olan xlorüzvi birləşmələr aşkar edilib. Onun sözlərinə görə, hələ ki, bu maddələrin neftə necə qarışdığı dəqiq müəyyənləşdirilməsə də, çoxları bunun Rusiya agenturası tərəfindən həyata keçirilmiş sabotaj olduğu qənaətindədir. Qonçar hesab edir ki, Moskva hazırda birbaşa qarşıdurmadan yayınaraq, müxtəlif istiqamətlərdə Azərbaycana qarşı “çoxölçülü zərər” strategiyası həyata keçirir.

Ekspertin fikrincə, Kreml Türkiyə ilə münasibətləri pozmaq istəməsə də, “xırda ziyanlar vurmaq” taktikasında təcrübəlidir. “Azərbaycan qazının mürəkkəb marşrutla – Cənubi Qafqaz, Türkiyə, Bolqarıstan və oradan Transbalkan qaz kəməri ilə Rumıniya üzərindən Moldovaya və Ukraynaya, hətta kiçik həcmdə olsa belə, çatdırılması imkanı ortaya çıxan kimi Kreml SOCAR-a zərbə endirməyə qərar verdi. Bu, fəlakətli nəticə doğuracaq zərbə olmasa da, simvolik mesaj idi: ‘Başqa cür də ola bilər’,” – deyə Qonçar vurğulayıb.

O əlavə edib ki, Rusiya Azərbaycana ciddi ziyanı Xəzərdə gizli diversiya əməliyyatları ilə vura bilər. Xəzərin şelfində yerləşən neft-qaz platformaları və onları terminallara birləşdirən boru xətləri potensial hədəf ola bilər. Qonçar iddia edir ki, Kremlin Xəzər flotiliyasının tərkibində belə əməliyyatlar üçün xüsusi bölmələri mövcuddur və bu diversiyalar “texniki qəza” kimi göstərilə bilər.

Ekspert həmçinin istisna etmir ki, gələcəkdə Rusiya “Şahed” dronları ilə Ukrayna ərazisindəki SOCAR yanacaqdoldurma məntəqələrinə də hücum edə bilər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*