Aslan Abaşidze 90-cı illərdə Gürcüstan siyasətinin ən odioz şəxslərindən biridir. Onun Acarıstan muxtariyyətinin (Gürcüstanın Qara dəniz sahili) rəhbəri postunda hərəkətlərini müxtəlif cür qiymətləndirmək olar, lakin etiraf etmək lazımdır ki, Abaşidze misilsiz strateqdir, atacağı addımlar üzərində düşünmək və mürəkkəb siyasi intriqalarda heyrətamiz manevr qabiliyyəti olan bir insandır.
KONKRET.az xəbər verir ki, Teleqraf.com saytı bu günlərdə həbs olunması ilə gündəmdə olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin siyasi keçmişindən qırmızı xətlə keçən “Avqust müharibəsi” (“Beşgünlük müharibə” də adlanır) ilə bağlı və ölkənin eks birinci ledisi Sandra Rulofsa həsr olunmuş məqalə təqdim etmişdi. Növbəti məqaləmiz M.Saakaşvilinin hakimiyyətə gəldiyi ilk dövrlərdə baş verən Acarıstan böhranı ilə bağlıdır. Beləliklə, məqaləni təqdim edirik.
Abaşidzelər xristianlıqdan imtina edərək İslamı qəbul edib
Aslan İbrahimoviç Abaşidzenin Gürcüstan və Acarıstan üçün kim olduğunu anlamaqdan ötrü onun mənşəyinə baxmaq lazımdır. Aslan Abaşidzenin əcdadları XVI əsrin sonlarından Osmanlı sultanlarının ali rəhbərliyi altında Acarıstanı idarə edən Abaşidze knyazlarının islamlaşmış qolundan gəlir. Onlar rus-türk müharibəsinə qədər türk sancağı olaraq qalıblar. Abaşidze knyazları xristianlıqdan imtina edərək İslamı qəbul ediblər, lakin Gürcüstanın Türkiyədən müstəqilliyini qoruyub saxlamaq ideyasına da sadiq qalıblar.
Acarıstan bölgəsinin Gürcüstanda yerləşməsi.
1918-1921-ci illərdə onun babası, yazıçı və tərcüməçi Memed Abaşidze Acarıstanın ilk Məclisinin (parlament) sədri olub, Acarıstanı Gürcüstanın tərkibində saxlayıb. 1938-ci ildə Memed Abaşidze güllələnib, oğlu İbrahim isə (oğlu Aslanın doğulmasından iki ay əvvəl) həbs edilərək Sibirə sürgün edilib. Ana – Şaester Bejanidze Şimali Acarıstanda rəhbərlik edən aristokrat bir ailədən idi.
Karyerasının başlanğıcı
A.Abaşidze Batumi Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini (1962) və Tbilisi Dövlət Universitetinin xalq təsərrüfatının planlaşdırılması fakültəsini (1984) bitirib. 1962-ci ildə odlu silah saxlamağa və qəsdən xuliqanlığa görə iki il şərti cəzaya məhkum edilib. Musiqi məktəbində dərs deyib, peşə məktəbinə rəhbərlik edib, komsomol işi ilə məşğul olub. Bu illərdə o, Eduard Şevardnadzenin böyük qardaşı – o vaxt Gürcüstan SSR Peşə Təhsili Komitəsinin sədri vəzifəsində çalışan Hippokratla yaxından tanış olur.
1981-ci ildən Batumi Şəhər Soveti İcraiyyə Komitəsi sədrinin müavini, 1984-cü ildən Acarıstan MSSR-in əhaliyə məişət xidməti naziri, 1986-cı ildən Gürcüstan SSR-in əhaliyə məişət xidməti nazirinin müavini, sonra – “Qruzbıtservis” Əhaliyə İstehlak Xidmətləri Dövlət Konserninin prezidenti olub.
Acarıstanın başçısı
A.Abaşidze hakimiyyətə uşaqlıqdan tanıdığı Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiyanın dəstəyi ilə gəlib. Belə ki, o 1991-ci ilin martında Z.Qamsaxurdiyanın dəstəyi ilə Acarıstan Ali Sovetinin sədri vəzifəsinin səlahiyyətlərinin icraçısı, həmin ilin iyulunda isə Acarıstan Ali Sovetinin sədri seçilib (1996-cı ildə yenidən bu vəzifəyə seçilib). Eyni zamanda, Qamsaxurdiya Acarıstanın muxtariyyət statusunun tədricən ləğv edilməsi vəzifəsini onun seçilməsinin əsas şərti kimi Abaşidzenin qarşısına qoyur. 1991-1995-ci illərdə o, eyni zamanda Gürcüstan parlamenti sədrinin müavini olur.
Abaşidze “Tiflis razborka”sından necə geri çəkildi
Qamsaxurdiya 1992-ci ildə devrilir. Abaşidze gözlənilmədən neytral mövqe tutur, “Tiflis razborka”sından geri çəkilir və Acarıstanda azad iqtisadi zonanın yaradılması üzərində konsentrasiya olunur.
Abxaziya və Cənubi Osetiya rəhbərliyindən fərqli olaraq, Abaşidze iqtisadi azadlığa can atırdı. Yəqin ki, bu da onun iqtisadçı olmasından irəli gəlirdi.
1992-ci il sentyabrın 28-də o, faktiki olaraq muxtariyyətin iqtisadi strukturlarının Tbilisidən ayrıldığını elan edir. Abxaziya və Cənubi Osetiya rəhbərliyindən fərqli olaraq, o, Acarıstanın müstəqilliyinə nail olmağa çalışmadı və onu respublikada gömrük rüsumları yığmaq hüququ olan “azad iqtisadi zona” kimi inkişaf etdirdi. Batumi yaxınlığında yerləşən Rusiya hərbi bazasına maksimum güzəştli rejim verir. 1994-cü ilin martında o, Gürcüstanın MDB-yə daxil olmasını alqışlayır. Mətbuatın yazdığına görə, o, Moskva meri Yuri Lujkovla dostluq münasibətləri saxlayıb.
Acarıstan böhranı
Mixail Saakaşvili “Qızılgül inqilabı” nəticəsində hakimiyyətə gələndə Acarıstan Tiflisə tabe olmağı praktik olaraq tamam dayandırmışdı. Ümumiyyətlə, Abaşidze-Saakaşvili münasibətləri heç vaxt hamar olmayıb.
2004-cü ilin aprelində Saakaşvili bəyan etdi ki, “Abaşidzenin klanı canilər, qatillər və narkodiler dəstəsidir”, bundan sonra may ayında o Acarıstanda birbaşa prezident üsul-idarəsi tətbiq edir. Gürcüstanın xüsusi təyinatlıları muxtar respublikanın sərhədlərinə yerləşdirilir, hansı ki, digər tərəfdə Acarıstan Daxili İşlər Nazirliyinin qüvvələri ilə qarşılaşırlar. Saakaşvilinin tabe olmaq tələbinə cavab olaraq Abaşidze iki körpünü partladır, Acarıstanın Gürcüstanın qalan hissəsi ilə əlaqəsini kəsir.
Çoloki çayı üzərində körpü. (mərkəzdə – 2004-cü ildə Acarıstan böhranı zamanı partladılmış körpünün qalıqları, sağda – yeni körpü).
Aslan artıq var gücü ilə müstəqillik uğrunda böyük müharibəyə hazırlaşırdı. Acarıstanda yerli könüllülər yaradır, yerli milisləri ayağa qaldırır. Saakaşvili tələsik ordunu respublika sərhədlərinə doğru yeridir.
Onu da qeyd edək ki, Aslan Abaşidze Gürcüstan ordusunun general-mayoru və Rusiya ordusunun polkovniki rütbəsinə malikdir.
Lakin acar xalqı Abaşidzenin qiyamına xüsusi olaraq dəstək vermir. Aslanın dövründə Acarıstan dəhşətli böhran içində idi, nə elektrik enerjisi, nə də iş var idi. Əhalinin əksəriyyəti yalnız tərəvəzçilik və qonşu Türkiyədə qastarbayterlik etmək sayəsində yaşayırdı.
Aslan Abaşidze və Türkiyənin Baş naziri Məsud Yılmaz birgə müəssisənin açılışını bildirən lenti kəsirlər
Buna qədər Abaşidzeni aktiv şəkildə dəstəkləyən Rusiya münaqişəyə müdaxilə edir. Rusiya və Gürcüstan arasında aparılan danışıqlar nəticəsində genişmiqyaslı silahlı münaqişənin qarşısı alınır, çünki birinci Tbilisinin muxtariyyət üzərində nəzarətinin bərpasına qarşı çıxmayacağını və Abaşidzeni toxunulmazlıq təminatı qarşılığında Acarıstandan çıxaracağını söz verir. Belə bir toxunulmazlıq təminatını Mixail Saakaşvili mayın 5-də açıq şəkildə mərkəzi televiziyanın efirində vermişdi. Saakaşvili öz məqsədinə çata bilir – 2004-cü il mayın 5-də Abaşidze istefa verir, ertəsi gün Rusiya Federasiyası Təhlükəsizlik Şurasının rəhbəri İqor İvanovun olduğu təyyarə Batumiyə gəlir.
RF-in Təhlükəsizlik Şurasının katibi İqor İvanovun Batumiyə budəfəki gəlişi digərlərinə bənzəmir. Cəmi iki ay əvvələdək xarici işlər naziri olan İvanov Abaşidzeni aparmağa gəlib. 6 may 2004-cü il
İqor İvanov həmin günün gecəsi Abaşidzeni, onun oğlunu – Batuminin meri olan Georgini təcili şəkildə Gürcüstandan çıxarır. Onlar Moskvaya (indi yaşadığı yerdə) aparılır.
Yığdığı var-dövləti çıxarmağa macal tapmadı
2005-ci ilin dekabrında Gürcüstanın Baş Prokurorluğu cinayət işi açıb və Abaşidzeni terrorizm, vəzifə səlahiyyətlərindən sui-istifadə və dövlət əmlakını mənimsəmə ittihamları ilə axtarışa verib. Bundan əlavə, Gürcüstan Baş Prokurorluğunun bəyanatına görə, Aslan Abaşidze uzun illər rəhbərlik etdiyi Acarıstandan gələn vergilərin mərkəzi büdcəyə köçürülməsinə mane olub ki, bu da Gürcüstanın vergi qanunvericiliyinin birbaşa pozulması və vəzifə səlahiyyətlərindən sui-istifadədir. Abaşidzenin Gürcüstandan çıxarmağa macal tapmadığı şəxsi əmlakı müsadirə olunaraq hərraca çıxarılır.
Acarıstanın keçmiş lideri Moskva ətrafındakı yay evində
2006-cı ilin martında Abaşidzeyə qarşı 1991-ci ildə Acarıstan parlamentinin sədr müavini Nodar İmnadzenin qəsdən öldürülməsi ittihamı irəli sürülüb. Məhkəmə şahid ifadələrinə əsasən bu qənaətə gəlib ki, İmnadze Abaşidzenin kabinetində şəxsən Acarıstanın rəhbəri tərəfindən güllələnib. 2007-ci il yanvarın 22-də Batumi Şəhər Məhkəməsi Aslan Abaşidzeni qiyabi olaraq 15 il həbs və Gürcüstan büdcəsinə təxminən 60 milyon dollar ödəməyə məhkum edib. O, İnterpol tərəfindən beynəlxalq axtarışa verilib.
Abaşidze bu gün haradadır?
Bu gün Abaşidzenin 82 yaşı var, Moskva ətrafındakı yay evində (daça) sakitcə ömür sürür, rəsmlər çəkir, heykəllər düzəldir. Aslan Abaşidze 78 yaşında yenidən ata olub.
Abaşidzenin birinci həyat yoldaşından iki övladı var idi – Georgi və Diana. O, 78 yaşında üçüncü dəfə ata olub.
Belə ki, A.Abaşidzenin milliyyətcə erməni olan ikinci arvadı, 45 yaşlı Anna ərinə Aleksandr adlı oğul bəxş edib. Amma Abaşidze bundan sonra çətin ki, Gürcüstana qayıtsın…