Rüşvət almaqda təqsirləndirilən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Çinarlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi – “Acı arx” Sudan İstifadəedənlər Birliyinin İdarə heyətinin sədri Elçin Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
KONKRET.az xəbər verir ki, cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə hakim Abdulla Məmmədovun sədrliyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclası martın 9-a təyin olunub.
Qeyd edək ki, E.Abbasov 2021-2022-ci illər ərzində vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar həmin qəsəbə ərazisində yaşayan ayrı-ayrı şəxslərdən istifadələrində olan əkin sahələrinin suvarılmasının təşkil edilməsi üçün kütləvi şəkildə hər hektar torpaq sahəsinə görə 500 manat olmaqla müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasında, eləcə də torpaq istifadəçilərinə suvarma üçün suyun verilməsini qismən həyata keçirib təsərrüfatlarına qəsdən ziyan vurmaqda ittiham olunur.
Onun barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə 21 nəfər zərərçəkmiş qismində tanınıb.