“Rüşvətxor məmurlar yenə Heydər Əliyev dövründə olduğu kimi təşviş içərisindədirlər”backend

“Rüşvətxor məmurlar yenə Heydər Əliyev dövründə olduğu kimi təşviş içərisindədirlər”

“Vaxtilə Heydər Əliyev korrupsiyaya, süründürməçiliyə, rüşvətxorluğa qarşı necə ardıcıl mübarizə aparırdısa, bu gün İlham Əliyev eyni islahatları daha ardıcıllıqla həyata keçirir. Yaşadığımız günlərdə dövlətin, ölkə Prezidentinin etimadını doğrultmayan korrupsioner, süründürməçi, rüşvətxor məmurlar yenə Heydər Əliyev dövründə olduğu kimi təşviş içərisindədirlər. Xalq ölkə başçısının bu ardıcıl islahatçılıq tədbirlərini böyük rəğbətlə qarşılayır və öz gələcəyinə daha böyük ümidlə baxır. Bu həm dahi Heydər Əliyev ideyalarının, həm də Prezident İlham Əliyevin uğurlu dövlətçilik siyasətinin böyük qələbəsidir”.

Bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun ulu öndər Heydər Əliyev haqqında yazısında qeyd olunub.

KONKRET.az Yaqub Mahmudovun yazısını təqdim edir:

Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü dahi Heydər Əliyev şəxsiyyəti, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyev yeni Azərbaycanın qurucusu, xalqımızın Qurtuluş mübarizəsinin qalibidir. Azərbaycanın ən kütləvi və ən müasir siyasi partiyasını – Yeni Azərbaycan Partiyasını o yaratmışdır. Ömrünün on ili ərzində Heydər Əliyev doğma xalqı üçün ən müasir, demokratik, hüquqi və dünyəvi dövlət yaratmışdır. Müstəqil dövlətimiz – Azərbaycan Respublikası Ulu Öndərin şah əsəri və doğma xalqına müqəddəs əmanətidir.

Xalqımızın qədim və zəngin dövlətçilik tarixi bugünkü nəsillərə dahi şəxsiyyətlərimizin – Atropatlar, Cavanşirlər, Babəklər, Şəmsəddin Eldənizlər, Uzun Həsənlər, Xətailər, Şah Abbaslar, Nadir şahların müqəddəs əmanətidir. XX yüzillikdə son dərəcə ağır tarixi şəraitdə SSRİ kimi nəhəng bir imperiyanın tərkibinə daxil olan Azərbaycan SSR adlı asılı müttəfiq respublikanı müstəqil idarə etməklə, Sovet İmperiyası kimi nəhəng dünya dövlətinin başçılarından biri səviyyəsinə ucalmaqla, Heydər Əliyev xalqımızın qədim dövlətçilik mədəniyyətini qoruyub saxlaya bildi. Bu dünyanın heç bir dahi şəxsiyyətinin fəaliyyətində rast gəlinməyən misilsiz dövlət idarəçiliyi uğurudur. Ulu Öndər bunun ardınca Sovet İmperiyası dövründə qazandığı zəngin dövlət idarəçiliyi təcrübəsinə və doğma xalqının tükənməz sevgisinə arxalanaraq Azərbaycan tarixində ən müasir respublika tipli müstəqil bir dövlətin də banisi oldu.

1969-cu ildə – Azərbaycan SSR-də həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir şəraitdə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçildi və ölkənin ali idarəçilik sükanı arxasına keçdi. Bununla, Sovet Azərbaycanının tarixində böyük dönüş dövrü başlandı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı.

Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan və zəngin idarəçilik təcrübəsi qazanmış Heydər Əliyev Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmağa başladı. O, dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək, həm də Sovet rejiminin bütün eybəcərliklərini – korrupsiyanı, süründürməçiliyi, rüşvətxorluğu cəsarətlə tənqid edərək Azərbaycanımızın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və dərhal onların icrasına başlandı. Azərbaycan xalqının tarixində Heydər Əliyev dövrü başlandı. Xalq ilk addımlarındanca Heydər Əliyevi rəğbətlə qarşıladı, onu sevdi və arxasınca getdi. Xalqın dahi oğlu Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeritməyə başladı. Bütün ömrünü doğma xalqına həsr etdi.

Böyük siyasətçi iqtisadiyyat və mədəniyyətin müxtəlif sahələrində öz Vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə əvvəlcə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail olur, sonra da bütün xalqımızı həmin qərarların icrasına səfərbər edir, doğma Azərbaycanın tərəqqisi uğrunda yorulmadan, gecəli-gündüzlü mübarizə aparırdı. Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə çevirmək onun planlarının önündə gəlirdi. Bir sözlə, Vətənimizin müstəqilliyə gələn yolunu hələ o zaman Heydər Əliyev başlamışdı.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həmin illərdə min cür maneələri, o cümlədən Kremldəki erməni qruplaşmasının törətdiyi əngəlləri dəf edərək Sovet hökumətinin Azərbaycanın hərtərəfli inkişafını təmin edən çox mühüm qərarlar qəbul etməsinə nail oldu. O, eyni qətiyyətlə də həmin qərarların yerinə yetirilməsini təmin etdi. Xalqın qurub-yaratmaq dühası tamamilə və bütünlüklə Azərbaycanın ümumi yüksəlişi üçün səfərbər olundu. Mərkəzdən Azərbaycanın inkişafı üçün ayrılan büdcə vəsaiti xeyli artırıldı. Nəticədə 1970-1985-ci illər Sovet Azərbaycanının tarixinə ən parlaq quruculuq dövrü kimi daxil oldu. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş baş verdi. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirildi. Yeni və mütərəqqi sənaye sahələri yaradıldı.

Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik və səriştəli rəhbərliyi nəticəsində Azərbaycan o zaman bütün Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı respublikasına, o cümlədən qabaqcıl pambıqçılıq və üzümçülük diyarına çevrildi. Kənd zəhmətkeşlərinin sosial-iqtisadi vəziyyəti əsaslı surətdə yaxşılaşdı. Azərbaycan kəndində misilsiz tikinti, abadlıq və mədəni quruculuq işləri aparıldı.

1970-1985-ci illərdə, tarixən qısa bir dövr ərzində, bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, emal müəssisələri, iri istehsal sahələri yaradıldı. Nəhəng sənaye kompleksləri işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə bütövlükdə əvvəlki 50 ildəki nəticələrə bərabər idi. Həmin illərin Azərbaycanı nəhəng bir tikinti meydanını xatırladırdı. Bakının və respublika rayonlarının siması büsbütün dəyişmişdi. Heydər Əliyev Azərbaycanı böyük sovet məkanında ən tanınmış respublikaya çevirmiş, dünyada tanıtmışdı…

Heydər Əliyev sovet rəhbərliyində olarkən doğma Vətənini həmişə diqqət mərkəzində saxlayır, onun inkişafına hər cür qayğı göstərirdi. Xalqımızın böyük oğlu o zaman, həm də, Dağlıq Qarabağı Azərbaycandan qoparıb almağa çalışan erməni millətçilərinin qarşısında qüdrətli maneə, keçilməz sədd idi. Elə buna görə də, hələ Stavropoldan başlayaraq erməni mafiyasının əlində itaətkar alət olan Qorbaçov, nəhayət, öz fitnəkar niyyətinə nail ola bildi: xalqımızın dahi oğlu SSRİ-yə rəhbərlikdən uzaqlaşdırıldı. Bu, əslində bütün sovet hakimiyyəti illəri ərzində xalqımıza vurulan ən ağır zərbə idi. Sevimli şairimiz Bəxtiyar Vahabzadə bu kədərli xəbəri eşitcək demişdi: “Ey vah, Moskvadakı yeganə və ən böyük qalamız yıxıldı!” Böyük şair səhv etməmişdi. Xalqımızın Moskvada – sovet rəhbərliyində olan himayəçisi Heydər Əliyevin Siyasi Bürodan uzaqlaşdırılmasından cəmi 15 gün sonra Qorbaçovlar ailəsinin yaxın dostu olan qatı erməni millətçisi Aqanbekyan Dağlıq Qarabağın tezliklə Ermənistana veriləcəyini elan etdi. Bununla Qorbaçovun və onun “yenidənqurma siyasəti”nin iç üzü açıldı.

Xalqımızın fəlakətli günləri başlandı. Ermənistanda silahsız həmvətənlərimizə qarşı hücumlar, soyqırımları başlandı. Çox keçmədən Ermənistanda, öz ata-baba etnik torpaqlarında yaşayan azərbaycanlılar öz doğma yurdlarından qovuldular.

Dağlıq Qarabağ erməniləri və dünyanın hər yerində onları müdafiə edən erməni millətçiləri də Azərbaycana qarşı düşmənçilik hərəkətlərinə başladılar. Qorbaçov bu zaman öz əlaltıları olan Arutyunyanı Ermənistana, Vəzirovu isə Azərbaycana rəhbər göndərdi. Arutyunyan İrəvana çatan kimi “Miatsum” hərəkatı ilə birləşdi, Ermənistanın müstəqillik bayrağının qaldırılmasına nail oldu. Amma Azərbaycana göndərilən “azərbaycanlı” isə nəinki meydana düşüb xalqla birləşmədi, əksinə Qorbaçova və sözün əsl mənasında ermənilərə sədaqətlə xidmət etdi.

1990-1993-cü illər Heydər Əliyevin Vətən naminə mübarizə yolunda xüsusi yer tutur. Həmin dövr Azərbaycanın tarixində “olum, ya ölüm” mübarizəsi dövrü idi. Moskvanın idarə etdiyi xəyanətkar rəhbərlər və onları əvəz edən, heç bir idarəçilik bacarığı olmayan Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyi məmləkəti dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Azərbaycan Cənubi Qafqazın xəritəsindən silinmək üzrə idi. Bu zaman əliyalın xalqın yeganə qələbə silahı Heydər Əliyev zəkası idi. 1990-cı il yanvarın 21-də həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib doğma xalqına başsağlığı verən, Bakıda kütləvi qırğın törədənlərin cəzalandırılmasını tələb edən Heydər Əliyev, əslində, doğma xalqının Qurtuluş mübarizəsinin önünə keçdi. Bununla Heydər Əliyevin başçılığı ilə Azərbaycan xalqının Qurtuluş mübarizəsi başlandı. Dahi siyasətçi xalqının ağır günündə Kremlin təqiblərindən yaxa qurtarıb 1990-cı il iyulun 20-də Vətənə döndü. Lakin Bakıda tariximizin ən rüsvayçı faktlarından biri baş verdi: xalqın xilaskar oğluna vaxtilə onun qurub-yaratdığı paytaxtda qalmaq, ağır fəlakət anında doğma xalqı ilə birlikdə olmaq, ona yol göstərmək imkanı verilmədi. Böyük dövlət xadimi Bakıya gəlişindən iki gün sonra – 1990-cı il iyulun 22-də doğulduğu Naxçıvana pənah aparmalı oldu. Heydər Əliyev Naxçıvanda bütün Azərbaycanın Qurtuluş mübarizəsini davam etdirdi.

90-cı illərin əvvəlində Zaqatalada, bütün Şəki bölgəsində, o cümlədən doğulduğum Baş Göynük kəndində, Qaxda, Balakəndə, Lənkəranda, Füzulidə, ölkəmizin bütün bölgələrində Azərbaycan dövlətçiliyindən söhbət düşəndə hamı əllərini açaraq tribunaya yaxınlaşıb deyirdi: “Tale Heydər Əliyevi yaşatsın, ona cansağlığı versin, bizi o xilas edəcəkdir”. Mən bütün bunların şəxsən şahidiyəm…

O zamanın sərt tarixi həqiqəti belə idi: 1993-cü ilin iyununda – Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan öz tarixinin ən mürəkkəb dövrlərindən birini yaşayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, vəzifə ələ keçirmək üçün müqəddəs torpaqlarımızın hərraca qoyulması adi hal almışdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik baş alıb gedirdi. Bölgələrimizdə, rayonlarda, paytaxtın ayrı-ayrı məhəllələrində faktiki olaraq ayrı-ayrı silahlı dəstələr hökmranlıq edirdilər. Xalq vahimə və təşviş içərisində idi.

Bax bu fəlakət anında Azərbaycan xalqının, Vətənin yeganə ümid yeri Heydər Əliyev idi. Müdrik xalqımız, o zaman qəti və sərrast hərəkət edərək yeganə düzgün addımı atdı – dünyanın bu böyük siyasət adamını hakimiyyətə gətirdi. Bununla da Azərbaycanın xarici və daxili düşmənlərinin oxu daşa dəydi, bədxahlarımızın arzuları gözlərində qaldı. Məhz o zaman – 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın Qurtuluş mübarizəsində həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planları puça çıxdı.

Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdan kimi dahi bir strateq olaraq ermənilərin və onların bütün dünyadakı havadarlarının gücünü, ölkəmizin azad yaşamasını istəməyən böyük dövlətlərin planlarını, Azərbaycanımızın düşdüyü ağır vəziyyəti düzgün qiymətləndirdi. Dərindən ölçüb-biçdi. Götür-qoy etdi. Ağır vəziyyəti nəzərə alaraq cəbhədə atəşin kəsilməsinə nail oldu.

Böyük rəhbərin səyi nəticəsində Azərbaycanda əmin-amanlıq yarandı. Bu isə xarici dövlətləri, sahibkarları, firmaları, şirkətləri ölkəmizə maliyyə vəsaiti, maya qoymağa həvəsləndirdi. Əvvəllər Azərbaycanda əmin-amanlığın olmayacağından ehtiyat edərək bura vəsait qoymaq istəməyən xarici sahibkarlar, şirkətlər, firmalar ölkəmizə axışmağa başladılar. 1994-cü il sentyabrın 20-də xarici dövlətlərin iri neft şirkətləri ilə “Əsrin müqaviləsi” adlanan neft müqaviləsi imzalandı. Bu tarixi nailiyyət idi. Çünki Xəzərin təkinin və səthinin bölüşdürülməsi ilə bağlı sahilyanı dövlətlər arasındakı problemlərin həll olunmadığı və bu dənizin taleyi ilə bağlı danışıqların bu gün də başa çatmadığı bir tarixi şəraitdə Ulu Öndər dünyanın nəhəng neft şirkətlərini Xəzərin karbohidrogen ehtiyatlarının mənimsənilməsinə cəlb edə bildi. Bu Heydər Əliyev diplomatiyasının böyük nailiyyəti idi. Bu tarixi nailiyyətin ardınca digər müqavilələr də bağlandı. Müstəqilliyimiz möhkəmləndi.

Azərbaycan dövlətçiliyi və Prezident Heydər Əliyevin qətiyyəti 1994-cü ilin oktyabr və 1995-ci ilin mart sui-qəsdləri zamanı ağır sınaqlardan qələbə ilə çıxdı. Böyük azərbaycanlı Heydər Əliyev andına sadiq qalan, dar ayaqda Vətənin müstəqilliyi, xalqın azadlığı naminə şəhid olmağa hazır olan prezident olduğunu nümayiş etdirdi. Dar ayaqda xalqını, Vətənini qoyub qaçmadı. Dövlət başçısının qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. Azərbaycan ölüm-dirim burulğanından çıxdı. Sabitlik və əmin-amanlıq yarandı. Böyük dövlət xadimi kimi Heydər Əliyevin digər tarixi qələbəsi məhz budur – sabitlikdir. Ölkəmizdə sabitlik yaratmaqla Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır”.

Bununla 1993-cü ildə müdrik xalqımız ayağa qalxaraq, yekdilliklə və qəti şəkildə anarxiyaya, hərc-mərcliyə, ölkəni vətəndaş müharibəsinə, parçalanmağa doğru sürükləyənlərə “YOX!” dedi. Öz taleyini, Prezident sükanını Heydər Əliyevə etibar etdi. Millətimizin müdrik seçimi Azərbaycan xalqını, müstəqil dövlətimizi xilas etdi…

Azərbaycan xalqı on ildən sonra 2003-cü ildə ikinci dəfə yenidən daha bir ağır sınaq qarşısında qaldı. Ulu Öndərin xəstəliyindən istifadə edən radikal müxalifət, onların xaricdəki havadarları “bəlkə də qaytardılar” xülyası ilə yenidən fəallaşdılar. Xalq yenə seçim qarşısında qaldı və yenə də 1993-cü ildə olduğu kimi ayağa qalxaraq yekdilliklə və qətiyyətlə ölkəni anarxiya və hərc-mərclik dövrünə qaytarmaq istəyənlərə yenidən “YOX!” dedi. Millətimiz bu dəfə ölkənin ali rəhbərliyini İlham Əliyevə etibar etdi. Bununla xalqımız həm özünə yeni Prezident seçdi, həm də müstəqillik tariximizdə qəti şəkildə və birdəfəlik hakimiyyəti zorakılıqla ələ keçirmək düşüncəsinə son qoydu və bugünkü uğurlarımızın əsası qoyuldu…

Bu gün Azərbaycanımız dünyanın sürətlə inkişaf edən ölkəsidir. Cənubi Qafqazın lider dövlətidir. Artıq vətənimiz dünyanın kosmik araşdırmalar aparan dövlətləri sırasına qoşulmuşdur. Yurdumuzun əldə etdiyi bütün böyük tarixi nailiyyətlər zəmanəmizin böyük dövlət xadimi Prezident İlham Əliyevin Heydər Əliyev siyasi kursunu dönmədən həyata keçirməsi nəticəsində əldə olunmuşdur. Ölkə başçısı dönə-dönə bəyan edir: Azərbaycan Heydər Əliyev yolundan dönməyəcəkdir.

Ölkə başçısının Heydər Əliyev ideyalarını sürətlə dəyişən tarixi şəraitə uyğun olaraq yaradıcılıqla zənginləşdirməsi, çevik, qətiyyətli və müdrik siyasəti Yurdumuzu qələbələr ardınca yeni qələbələrə qovuşdurur.

  • Şahbaz
    May 11, 2020 - 04:04

    Heydər Əliyev rəhmətə gedəndə mən demək olar məktəbli idim. Bəzi şeylər varidiki həqiqətən yaxşı sayılmalı idi. Rüşvət, haqsızlıg, bu qədər deyildi. Ama bir şey deyimki həmin vaxtlar dövlət yeni qurulmuşdu və insanlar bunu nəzərə alıb yaxşı olmuyan şeylərədə göz yummaga məcbur idi. Bəs həmin vaxtdar hakimiyyətdə vacib yer tutan məmurlardan, yəni bu günə kimi həmin məmurların yarısı ən vacib vəzifələr tutan insanların qan içən olmagı niyə üzə çıxardılmır? Bu vijdansızların xalqın haqqını yemələrinə, ancag öz bitmiyən nəfisdəri üçün çalışmaglarına, xalqın bogazınnan, xalqın haqqınnan kəsib öz pullarını çoxaldmaları, düşmənlərdəndə pis bu millətə qan utduran, təhsilini, azadlıgını, neçə- neçə sosial haqqların əlinnən alan bu vijdansızların dinsiz, Allahı unudanların cəzalanması niyə bugünə qədər olunmurdu? Bunları görmürdümü bu hakimiyyət? Yoxsa görmək istəmirdi. Yalnız Allah buyurduglarına əməl edənlər, xalqına sədaqətli çıxanlar tarixdə və Allahın hüzurunda başı uca olacaglar. Bu həyatın qanunudu. Prezident kim olur olsun onun nə yaxşı, nədə pis əməli Allahın nəzərindən qaçmaz. Qaldı özümə bu hökümətdən heçbir xeyr görmədim, nə gördüm ziyan oldu. Yeniyetmə vaxtlarınnan fəhləçiliy edib dolanırıg, atamızda belə yaşıyıb, babamızda. Ama əziyyət çəkdik oxudum və nəsildə iık ali təhsilli insan olacagdım, xalqıma yararlı övlad olacagdım. Ama kasıbçılıg və bu hökümət atamın, anamın, yaxınlarımın və mənim ən böyük arzumu ürəyimdə qoydu. Ama təskinliyim yenə Allah oldu. Bəlkədə universiteti oxusaydım məndə vijdansız məmur dəstəsinə qoşulub övladlarım haramnan yogrulmuş çörək verəcəydim.Çünki rüşvət verib işə girən vijdansızlıga iık addımın atmış olur. Allah hər şeyi görəndir, hər şeyi duyandır.

Şahbaz üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*