“Saakaşvili dərman və yeməkdən imtina edir, belə getsə, öləcək” – Vəkilbackend

"Saakaşvili dərman və yeməkdən imtina edir, belə getsə, öləcək" - Vəkil

Saakaşvili dərman və yeməkdən imtina edir.

KONKRET.az xəbər verir ki, bu barədə “Novosti-Georgia” Saaakaşvilinin vəkilinə istinadla məlumat yayıb.

Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvili dərman və yeməkdən imtina edir və səhhəti pisləşdiyi üçün yerləşdirildiyi Tbilisidəki Vivamed klinikasının palatasında amerikalı mütəxəssisləri gözləyir. Saakaşvili amerikalı hüquqşünas, gürcü həkimlər, o cümlədən amerikalı nevroloq Dr.Lahan və Nobel mükafatı laureatı doktor Ceyms Kobbla görüşmək niyyətindədir.

Vəkillərin sözlərinə görə, onlar Səhiyyə Nazirliyinə daha bir əcnəbi mütəxəssisin, qastroenteroloqun lisenziyasının təsdiqlənməsi üçün sorğu təqdim ediblər.

Onlar qeyd ediblər ki, Saakaşvilinin vəziyyəti dünənlə müqayisədə bir qədər yaxşılaşsa da, ağır olaraq qalır. Bir gün əvvəl səhhətinə görə eks-prezidentin kameraya çevrilmiş xəstəxana otağında keçiriləcək məhkəmə prosesi təxirə salınıb.

Vəkil Şalva Xaçapuridze bildirib ki, Saakaşvili mütəxəssislər tərəfindən müayinə olunana qədər dərman qəbul etməkdən imtina edib. Ağrı hiss etdiyi üçün yemək də qəbul etmir.

İndi Saakaşvilinin çəkisi 86 kq-dır. Vəkil bildirib ki, Vivamed-ə girəndən sonra o, 20 kiloqram arıqlayıb.

“Fakt budur ki, onun səhhəti pisləşir. Onun palatasında məhkəmə iclası keçirmək mümkün olmayıb. Hakim onu ​​dindirmək mümkün olmadığından prosesi dayandırıb və bu, qərarda öz əksini tapıb. Belə bir hüquqi sənəd ilk dəfə ortaya çıxıb”, – deyə Xaçapuridze qeyd edib.

Bu arada Saakaşvilinin maraqlarını müdafiə edən amerikalı vəkil Massimo D’Angelo bildirib ki, o, yenidən aclıq aksiyasına başlasa, ölə bilər.

“Bizdə məlumat var ki, eks-prezident Saakaşvili yemək qəbul etmir. Ona yemək gətirildi, lakin o, yeməkdən imtina etdi. Tibb qrupları və həkimlər Saakaşvilinin yenidən aclıq aksiyasına başlaya biləcəyindən dərin narahatdırlar. Həkimlər həqiqətən də ona baş çəkmək istəyirlər, çünki yemək yeməsə və ac qalmağa başlasa, öləcək”, – deyə vəkil jurnalistlərə müsahibəsində bildirib.

D’Angelo bildirib ki, o və həkimlər hələ də Saakaşvilinin müalicə olunduğu Vivamed klinikasının yaxınlığındadırlar. Onlar ABŞ-dan gəlmiş doktor Kobbdan Saakaşviliyə baş çəkmək üçün hakimiyyətdən icazə gözləyirlər:

“Biz səbirlə gözləyirik və ümid edirik ki, tezliklə bu icazəni alacağıq”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*